“Atamın timsalında bütün şəhidlərimizin ruhları rahatlıq tapdı, şad oldu”

66
Cavid Hüseynov Cəbrayılı yenidən gəzmək üçün səbirsizlənir

Azərbaycan Prezidenti cənab İlham Əliyev o xoş müjdəni “Twitter” səhifəsində verdi – Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib. Bununla da Cəbrayıl artıq tam olaraq yenidən bizim sərəncamdadı. Əslən Cəbrayıldan olan futbolçularımız arasında ən tanınmışı Cavid Hüseynovdu. Məlumdu ki, “Qəbələ”nin 32 yaşlı kapitanı eyni zamanda şəhid övladıdı. Qarabağ uğrunda döyüşlərdə həlak olan komandir Şakir Hüseynovun oğlu olan Cavid sport24.az-a müsahibəsinə ilk olaraq bu xəbərlə bağlı təəssüratlarını bölməklə başlayıb

– Allaha şükürlər olsun ki, 30 illik həsrətimizə Ali Baş Komandanımız cənab İlham Əliyev bu uzaqgörən siyasət nəticəsində son qoyuldu. Adi insanlar müharibə ilə bağlı çox darıxırdı. Buna əvvəllər nə dərəcədə hazır idik, bilmirəm, ancaq bugünkü gündə ən ideal vaxt idi. Hər cəhətdən hazırıq – həm insanlarımız, həm siyasətçilərimiz, həm də əsgərlərimiz. Müdafiə Nazirliyinin tabeçiliyində olan bütün qoşunlarımızla düşmənə necə sarsıdıcı zərbələr vurduq. Yəni, hər şey idealdı. Bu hissləri yaşamaq, keçirmək bir azərbaycanlı övladı üçün həqiqətən fəxrdi. Prezidentimizlə, ölkəmizlə qürurlanırıq. Sosial şəbəkələrdə izləyirik insanlarımız, vətəndaşlarımız necə sevinirlər. Qələbə xəbərləri açıqlananda bunu necə eyvanlardan necə qeyd edirlər. Komendant saatı olduğuna görə belə etməyə məcburdurlar. O ki qaldı Cəbrayıla, inşallah, Şuşanın azad olunması xəbərini gözləyirik.

– Maraqlıdı, Cəbrayıl yadında necə qalıb?

– Cəbrayıldan çıxanda 5 yaşım vardı, ancaq az yaşımın olmasına baxmayaraq, orayla bağlı xatirələrim var. Çox şey yadımdadı. Qaracallı kəndindən olsam, orda dünyaya gəlsəm də, Cəbrayılın özündə qalırdıq. İki nənəm, bir babam Qaracallıdan idi, orda evləri vardı. Ancaq ona görə rayon mərkəzində qalırdıq ki, atamla anamla müəllim olduqlarına görə orda müəllimlər binasında yaşayırdı. Valideynlərim məktəbdə işləyirdilər. İndi həmin vaxtlar yadıma düşür. Dördüncü mərtəbədə qalırdıq, evimizin arxasından Cəbrayılın əsas magistral yolu keçirdi. Qrad bombası düşmüşdü, evimizin şüşələri necə silkələnmişdi. Biz də həmin vaxt zirzəmiyə qaçırdıq. Gözlənilməz bir şeylər baş verirdi. Getdiyim uşaq bağçası yadımdadı. Bizdən böyük uşaqlar qəlpələri kağızın üzərinə yığırdılar, bizə göstərirdilər, baxırdıq.

– Şəhid olan atanla son görüşün göz önünə gəlirmi?

– Bir dəfə döyüşdən gəldi, bizə baş çəkdi, getdi. O gedən bir daha qayıtmadı. Son dəfə atamı Bakıda hospitalda gördüm. Sonda bizi məcburi paytaxta köçürdülər, bir də eşitdik ki, yaralıdı. Getdik ona baş çəkməyə. 3 gün orda yatdı. Ayağından yaralanmışdı, ayağının damarını kəsmişdilər. 4-cü gün yanına gedəndə, dedilər ki, qaçıb gedib yenidən müharibəyə, dözməyib də. Bu kimi şeylər yadımdadır.

– İndi Şakir Hüseynov və digər şəhidlərimizin ruhu dinclik tapar. Çünki Cəbrayıl və digər torpaqlarımız azad olunur və bu, davam etməkdədi…

– Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Atamın timsalında bütün şəhidlərimizin ruhları rahatlıq tapdı, şad oldu. Qanları yerdə qalmadı, qalmayacaq da. Hələ bu, son deyil. İşğalda olan bütün ərazimizi 1 metrədək düşmənə verməyəcəyik, hamısını azad edəcəyik. İnanıram ki, zəfər yürüşümüz sonadək davam edəcək.

– Dağlıq Qarabağda işğal altında olan başqa ərazilərdə olmusanmı?

– Sözün düzü, yox. Cəbrayılın kəndlərində olmuşam – Doşuluda, Göyərçin Veysəllidə, Sirikdə. Atam bir dəfə bizi Siriyə aparmışdı. Orda hərbi hissə vardı, atam bataylon komandiri idi. Sirikdən erməninin dağları görünürdü. Ayı Bulağında olmuşam, oranın stadionu var idi, futbol oynayırdılar.

– Yəqin ki, telefonun indilərdə susmur. Kimlər təbrik üçün zəng edib?

– Birinci mənə zəng edən “Qafqazinfo”dan həmkarınız Emin Səfərov oldu. Əslən Ağdamdan olan Eminin xətini çox istəyirəm, bu dəqiqə cəbhə bölgəsində iş başındadı, ordan reportajlar edir. O, mənə telefonla yığaraq təbrik elədi. Futbolçu dostum Elvin Məmmədov zəng vurdu, bir də məhlə uşaqlarından. Bir dstumuz var Şahin adlı, futbol fanatıdı. İki-üç telefon nömrəsi də var, sözün açığı, bilmirəm kimlərdi.

– Ailə üzvlərin kim ilk olaraq təbrik elədi? Almaniyada yaşayan qardaşın danışdınız?

– Anam zəng vurdu, o, təbrik elədi. Qardaşım artıq bura gəlib, Bakıda işləyir.

– Cəbrayıllı futbolçular da az deyil. Məsələn, komanda yoldaşın Ülvi İsgəndərov, “Zirə”də bir yerdə çıxış etdiyin Bəxtiyar Həsənalızadə…

– Bir də Yaşar Abuzərov var, keçmiş futbolçu. Onunla Cəbrayılda qonşu idik – biz 2-ci blokda qalırdıq, onlar 3-cü. Qardaşıyla Bakıda idman internat məktəbində bir yerdə oxumuşam. Atasını tanıyırdıq, həkim idi. Yerlilərimlə hələ danışmamışam. Yəqin ki, qardaşıyla əlaqə saxlayarıq.

– Bəs, uzun illərdi tanıdığın yaxın olduğun, “Qəbələ”nin sabiq rəmisi Səbuhi Səfiyarlı ilə necə?

– Gərək, Səbuhiyə özüm yığım (gülür). Valideynləri ordandı, atası həkimdi.

– İndi Cəbrayılı yenidən gəzmək üçün çox səbirsizlənərsən…

– Əlbəttə! Səbirsizlənirəm də sözdü…İndi alınıb təmizlənəndən sonra inanıram ki, gedin təkrarən oranı gözlərimlə görəndə, yaşadığım evi, getdiyim bağçanı, habelə xəstəxanamızı, bazarımızı, stadionumuzu yaddaşımla xatırlaya bilərəm. Növbəyə duraraq çörək aldığımız mağaza vardı. Yaddaşımda qalan bu yerləri görmək istəyirəm.

– Həmin anda gözlərin dolar…

– Belə mövzuda bərkəm. Söhbət Vətən olursa, möhkəməm. Bəlkə oralara getsək, gözümlə görsəm, göz yaşlarımı saxlaya bilmədim, bunu deyə bilmərəm.