Ata Azərbaycana deport olundu, ana barda gecələdi, nənəsi araq içməyə getdi… – 3 KÖRPƏ UŞAQ İSƏ YANIB ÖLDÜ

    15

    Rusiyanın ucqarlarını bürümüş yoxsulluq və səfalət daha bir faciəyə səbəb olub.

    Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, 2018-ci il noyabrın 28-də İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoyelansk qəsəbəsindəki evlərdən birində baş vermiş yanğın nəticəsində 3 azyaşlı tüstüdən boğularaq ölüb. Onların atası Azərbaycan vətəndaşıdır. Ölən uşaqlar 2, 3 və 4 yaşlarında olublar.

    Yerli administrasiyanın rəhbəri İrina Botvenko deyib ki, hadisə vaxtı uşaqların anası işdə olub, nənəsi isə tanışı ilə araq içməyə gedib.

     

    “Bu ailədə ana uşaqlarını tək böyüdürdü, çünki onların atasını il yarım əvvəl Azərbaycana deportasiya ediblər. Qəsəbə administrasiyası bu ailəni daim nəzarətdə saxlayırdı. Ana yerli kafedə barmen işləyir, sutkalıq növbəyə gedibmiş. Uşaqlar isə nənəsi ilə qalıb. Amma 55 yaşlı nənə vaxtaşırı olaraq spirtli içki qəbul edirdi və ona görə də biz bu ailədə situasiyanı nəzarətdə saxlayırdıq”-Botvenko bildirib.

    Məlum olub ki, hadisə baş verən gün uşaqların anası Aleksandra Xromovskix barda gecə növbəsində qalıb. Uşaqları isə anasının öhdəsinə buraxıb. Nənə isə qonşudan xahiş edib ki, arabir uşaqlara göz qoysun və gecə tanışı ilə araq içməyə gedib. Qonşu deyib ki, gecə uşaqlara baxmışdı və onların sakitcə yatdıqlarını görüb. Faciə nədən baş verib, məlumatı yoxdur.

    “Hər şey səhərə yaxın baş verib. Yanğının səbəbini istintaq orqanları araşdırır. Hələlik ancaq ehtimallar var. Bir şey aydındır ki, yanğın gecə sobadan baş verməyib. Yerli administrasiya ailəyə müntəzəm baş çəkirdi. Payızın əvvəlində biz baxdıq ki, soba qəzalı vəziyyətdədir. Akt tərtib etdik, söhbət apardıq. Oktyabrın sonunda təzədən gedəndə soba təmir olunmuşdu. Evdə kreslo və döşəkdən başqa heç nə yanmayıb, ehtimal ki, onlar ya söndürülməmiş siqaretdən alışıb, ya da uşaqlar kibritlə oynayıblar”-İrina Botvenko deyib.

    Kənd rəhbəri etiraf edir ki, onlarda bu cür yoxsul ailələr çoxdur. Xudoyelansk rayonunda hər yerdə belə ailələr var. Kəndlərdə iş yoxdur, insanlar sosial müavinət hesabına yaşayır, əksəriyyəti içir. Profilaktika üçün kənd administrasiyası müntəzəm reydlər keçirir, çoxuşaqlı ailələrdə yaşayış şəraitini araşdırır. Administrasiya rəhbəri deyir ki, tüstü xəbərdarlıq cihazları heç yerdə qoyulmayıb. Çünki bələdiyyənin buna pulu yoxdur. Amma faciədən sonra işə başlamağı planlaşdırırlar.

    Ataları azərbaycanlı olan 3 azyaşlının ölümünə səbəb olan yanğını isə qonşular görüblər. Yanğınsöndürənlər gələnə qədər onlar uşaqları çölə çıxarıblar, amma körpələr artıq tüstüdən boğulubmuş.