“ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini daha da artırmalıdır” – Prezidentin köməkçisi

42

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” kanalına müsahibə verib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artileriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə yerləşən hərbi hissələrinin hədəf alındığını, 4 azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və 5 nəfərin isə yaralandığını diqqətə çatdırıb.

O, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığını qeyd edib: “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olub. Məlum hadisə təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatıdır”.

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb: “Beynəlxalq ictamaiyyət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini daha da artırmalıdır. Ermənistan regionda iki ölkə sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışır və bu, artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyətidir. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlər doğma yurd-yuvalarına qayıda bilmir”.

H.Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVID-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb, habelə, məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib.

Eyni zamanda H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz olduğunu söyləyən H.Hacıyev bunun Ermənistan üçün işğalı davam etdirmək üçün görüntü olduğunu xüsusilə vurğulayıb. Habelə, Azərbaycanın gözləntilərinin ilk növbədə həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görməli olduğu bildirilib./report/