“Atəşkəs anlaşması birmənalı olaraq Azərbaycanın əleyhinədir”

60

Məhəmməd Əsədullazadə: “Ermənistan tərəfi bu atəşkəslərdə toparlanır, güc yığır və bizim bölmələrimizə qarşı əks həmləyə keçir”

“Biz yaxşı bilirik ki, beynəlxalq birlik Azərbaycana qarşı qeyri-səmimidir…”

“Ermənistanın əsas prinsipi Qarabağın “müstəqilliyini” qəbul etdirməkdir”

“Türkiyə Qara dənizdə möhkəmlənməklə Ukrayna ilə birgə Rusiyanın zəifləməsinə çalışır”

Şanlı ordumuzun Qubadlını azad etməsi xəbərini xalqımız ruh yüksəkliyi ilə qeyd etdi. Ardınca isə ABŞ-ın təşəbbüsü ilə yeni bir humanitar atəşkəs faktı gündəmə gəldi. Əvvəlki Moskva görüşündə əldə olunan atəşkəslərdən sonra Vaşinqton atəşkəsinin bizə nə verəcəyini politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə etdik.

– Məhəmməd bəy, ABŞ-ın təşəbbüsü ilə atəşkəs elan olundu. Bu atəşkəsdən nə gözləyək?

– Azərbaycan ordusu hərbi əməliyyatları göründüyü kimi uğurla nəticələnir, Laçın dəhlizi istiqamətində əməliyyatlar yekunlaşdırılmaq üzrədir. Əlbəttə ki, Dağlıq Qarabağın müəyyən əraziləri hələ düşmənin əlindədir. Ermənistan bir tərəfdən çalışırdı ki, atəşkəs elan edilsin, bir tərəfdən də Azərbaycanla kompromisə gedilməsin. Amma Azərbaycanın da şərtləri var. Azərbaycan çalışırdı ki, təqvim əsasında erməni qoşunları bizim ərazilərdən çıxarılsın. ATƏT-in Minsk qrupunda olan dövlətlər buna qarşı çıxırdı. Birtərəfli şəkildə Azərbaycanın atəşi dayandırmasına və bundan sonra danışıqlara başlanmasına çağırırdılar. Oktyabrın 10-u Moskvada humanitar atəşkəs haqda razılıq əldə edildi. Azərbaycan atəşkəsə əməl etdi, amma Ermənistan bunun əvəzində Gəncəyə “skad” raketi atdı, digər əraziləri atəşə tutdu. Bundan da əlavə oktyabrın 19-da yenidən Moskvada görüş keçirildi və yenidən humanitar atəşkəs elan edildi. Göründüyü kimi, Ermənistan bu atəşkəsdən yeni də sui-istifadə etdi, cəbhə bölgəsinə diversiya qrupları göndərdi. Ermənistan tərəfi 90-cı illərdə atəşkəsə necə əməl edirdisə, indiki müharibədə də Azərbaycana hücum üçün toparlanmaqdan ötrü istifadə edirlər. Onlar üçün atəşkəsin mahiyyəti budur.

Srağagün Vaşinqtonda növbəti atəşkəs görüşməsinə gəldikdə isə, ATƏT-in Minsk qrupunun həmsədrləri orada iştirak etmişdi. ABŞ dövlət katibi Pompeo da bildirdi ki, bu proses çox ağrılıdır və onun həll yolunda hələ müsbət nəticə əldə edilməyib. Hətta xarici işlər nazirlərinin tək tərəfli görüşü də keçirilmədi. Çünki ortada həll variantı yoxdur. Azərbaycan tərəfi deyir ki, Ermənistan işğal etdiyi əraziləri boşaltsın, masa arxasına keçək. Ermənistan tərəfi deyir ki, xeyr, Azərbaycan hərbi əməliyyatları dayandırsın, danışıqları bərpa edək.

– Ordumuzun işğaldan azad etmədiyi ərazilər də onlarda qalsın…

– Bəli, Madrid baza prinsiplərinin heç birini onlar qəbul etmir. Qeyd edim ki, oradakı prinsiplərdən biri budur ki, Qarabağa aralıq statusu verilir. Amma referendum məsələsi yoxdur. Yenilənmiş Madrid prinsipləri köhnə Madrid prinsiplərindən fərqlənir. 2008-2009-cu ildə qəbul edilən Madrid prinsiplərində referendum məsələsi var. Azərbaycanın tərkibində özünü idarə etmə hüququ çərçivəsində müəyyən dərəcədə daxili idarəetmə hüququ verə bilər, amma orada erməni icmasının referendum keçirib müstəqilliyə nail olması nə baza prinsiplərində var, nə yenilənmiş Madrid prinsiplərində. Əlbəttə, prezident İlham Əliyev də bildirdi ki, Ermənistan elan etsin ki, yenilənmiş Madrid baza prinsiplərinə razıyam, biz də atəşkəsi dayandıraq. Görürük ki, Ermənistan buna razı deyil.

Trampın da atəşkəs haqda tvitindən sonra bu ayın 29-da ATƏT-in Minsk qrupu həmsədrləri Cenevrədə görüşəcəklər və baza prinsiplərinin həlli istiqamətində növbəti razılaşma müzakirə olunacaq. Əminəm ki, bu atəşkəs də birmənalı olaraq Azərbaycanın əleyhinədir. Çünki Ermənistan tərəfi bu atəşkəslərdə toparlanır, güc yığır və bizim bölmələrimizə qarşı əks həmləyə keçir. Biz yaxşı bilirik ki, beynəlxalq birlik Azərbaycana qarşı qeyri-səmimidir. Bunların əsas siyasəti ondan ibarətdir ki, döyüş əməliyyatları aparılmasın və Ermənistanı dalandan çıxarsınlar.

Hesab edirəm ki, Cenevrədəki danışıqlarda da hər hansı bir kompromis gözlənilmir. Azərbaycan şərtləri diktə edən tərəfdir. Danışıqlarda ola bilər ki, Ermənistan vaxt qazanmaq üçün desin, mən baza prinsiplərinə razıyam. Amma yenə də danışıqlarda müstəqillik məsələsini qabardırlar. Çünki Ermənistanın əsas prinsipi Qarabağın “müstəqilliyini” qəbul etdirməkdir. Əgər bu baza prinsiplərində muxtariyyətə razı idisə, nəyə görə Azərbaycana hücum etmək lazım idi? Qan tökmək? Bunların əsas niyyəti Azərbaycanı indiki vəziyyət ilə barışdırmaq, Şuşa və Xankəndiyə bayrağımızı sancmağın qarşısını almaq, Laçın dəhlizinin bizim əlimizə keçməsinə mane olmaqdır. Onlar çalışır ki, Azərbaycan aldığı torpaqlarla kifayətlənsin, Qarabağ müstəqil olsun, Şuşa – Xankəndi onlarda qalsın. Madrid baza prinsipləri barədə danışıqlar gedəndə Azərbaycan razı idi muxtariyyət söhbətinə…

– Ancaq müharibə olmasaydı…

– Bəli, müharibə etmişəm, torpaq azad etmişəm, qan tökmüşəm, şəhid vermişəm ki, gətirim sənə muxtariyyət verim? Nə baza prinsiplərindən söhbət gedə bilər, nə yenilənmiş Madrid prinsiplərindən söhbət gedə bilər! Beynəlxalq birlik artıq anlamalıdır ki, Azərbaycan diqtə edən tərəfdir. Həqiqətən də ordumuz Dağlıq Qarabağdakı erməniləri mühasirəyə alıb – şimal, cənub, qərb, Laçın dəhlizi istiqamətindən. Nə beynəlxalq birlik bizə təzyiq edəndir, nə də hər hansı bir dövlət kəskin sanksiya tətbiq edəcək. Çünki Azərbaycan beynəlxalq hüquq çərçivəsində bu əməliyyatları aparır. Azərbaycana sanksiya onlara heç nə verməyəcək. Sadəcə bunlar diplomatik gedişdir ki, Azərbaycan atəşkəsə daim razıdır.

Dağlıq Qarabağda terrorçubaşı Araik Arutunyan var. Onun terrorçu dəstələri var, erməni silahlı qüvvələri ilə birgə. Azərbaycan həmin Araik Arutunyanı terrorçu dəstələrinə humanitar atəşkəs tətbiq etməməlidir. Onlara qarşı hərbi əməliyyatlar daha sərt olmalıdır. Çünki onun başçılıq etdiyi dəstələr qeyri-nizami terrorçulardır. Onlara biz necə atəşkəsə gedək? Onlar atəşkəsi ordumuza hücüm etmək üçün verilmiş fürsət kimi başa düşürlər. Onlar heç meyitlərini, cəsədlərini götürmürlər. Bizimkilər erməni cəsədlərini yığırlar maşınlara, Tovuz istiqamətində, deyirlər gəlin götürün. Və yaxud fürsət yaradırlar ki, cəsədləri yığsınlar, ermənilər götürmürlər. Deməli terrorçuya cəsəd lazım deyil. Ancaq hər kəs bilsin ki, Araik Arutunyan adlı terrorçubaşıya və onun terrorçu dəstəsinə atəşkəsdən söhbət gedə bilməz. Onlar məhv edilməlidir.

– Məhəmməd bəy, belə deyə bilərik ki, Rusiyanın 2 dəfə atəşkəs cəhdindən sonra ABŞ-ın atəşkəs təşəbbüsü “dünyanın supergücü mənəm, mənim sözüm keçir” məqamı və ABŞ-da yaşayan çox sayda ermənidən seçkidə səs almaq məqsədi ilə gediş ola bilərmi?

– Bilirsinizmi, ABŞ da çox yaxşı bilirdi ki, bölgədə Qarabağ məsələsinin ərazi bütövlüyü daxilində həlli onun Cənubi Qafqazda maraqlarına uyğundur. Çünki bu prosesdə ABŞ birbaşa Cənubi Qafqazdan Mərkəzi Asiyaya çıxmağa, Qafqaz dövlətlərini NATO-ya qəbul etməkdə Ermənistanın Rusiyanın forpostu olması Vaşinqtonun Xəzər regionuna çıxmasının qarşısını alır. Buna görə ABŞ ATƏT-in Minsk qrupunda ədalətli mövqe tuturdu. ABŞ bu məsələdə ərazi bütövlüyü kontekstində Bakının tərəfini tuturdu. Senytabrın 27-dən başlayan döyüş əməliyyatlarında Tramp dedi ki, tərəflərlə maraqlanıram, görək necə olacaq… Kaliforniyada erməni məsələsinə görə Tramp seçki naminə gediş etdi. Rusiya və Fransa Minsk qrupu ölkələri kimi fəal idi, ABŞ da geridə qalmaq istəmədi. Tramp da ermənilərin könlünü almaq üçün tvit atdı. Amma məncə, Kaliforniya erməniləri Trampa səs verməyəcəklər.

– Onları türklər əvəz edə bilməzmi?

– Artıq Azərbaycan və Türkiyə diasporları bu məsələdən sonra birləşməli və gücünü artırmalıdır. Düşünürəm ki, ABŞ-ın diplomatik çağırışına cavab verilməli idi, amma əməliyyatlar davam etdirilməlidir.

– Bildiyimiz kimi, Ukrayna prezidenti Zelenski Qarabağ əməliyyatı təzə başlayanda əvvəl Britaniyaya, Bakıya, sonra isə Ankaraya getdi. Sonra Ukraynanın Krım, Donbass ətrafına silah-sursat, hərbi texnika yığılması barədə informasiyalar yayıldı. Necə düşünürsünüz, Qarabağdan sonra Ukrayna Krımın azad  olunmasına başlayacaqmı?

– Regionda maraq toqquşmaları gedir. Pərdə arxasında ABŞ ilə Türkiyə arasında razılaşma var. İngiltərə-Türkiyə əməkdaşlığı var. Azərbaycanın ərazi bütövlüyü haqda İngiltərənin bəyanatı var.

– Hətta Aralıq dənizində Türkiyə ilə İngiltərə birgə hərbi təlimlər keçirirlər…

– Əlbəttə, Ukrayna, Türkiyə və Azərbaycanın bir yerdə olması pərdə arxasında isə İngiltərənin dəstək verməsi apardığımız hərbi əməliyyatlara köməkdir. Bu yaxınlarda İngiltərənin dəstəyi ilə halqa formalaşdırırlar. O halqanın birgə möhkəmləndirilməsi, yeni üzvlər qəbul edilməsi prosesini aparan arxa fonda İngiltərədir. Ukrayna, Gürcüstan, Azərbaycanı da bu prosesə qatan Türkiyədir. Hesab edirəm ki, Krım və Donbas məsələsində də Ukraynaya dəstək verən İngiltərə və Türkiyədir. Yəqin ki, Zelenski elə bu dəstəyə görə getmişdi. İkitərəfli hərbi əməkdaşlığın da məqsədi budur. Qara dəniz məsələsində tərəflərin birgə əməkdaşlığı var. Qara dənizdə, bildiyimiz kimi, Rusiya ciddi problemlər yaradır, burada geosiyasi problemlər hələ qarşıdadır. Buna görə Türkiyə NATO ölkəsi olaraq Ukraynaya dəstək verir. Ukraynanın da NATO-ya qəbul edilməsi masadadır. Türkiyə Qara dənizdə möhkəmlənməklə Ukrayna ilə birgə Rusiyanın zəifləməsinə çalışır.

Qarabağ məsələsinə gəldikdə isə Ukrayna silahlı qüvvələrinin Krım və Donbass ətrafında cəmləşdirilməsi geosiyasi gedişdir, ola bilər ki, Rusiya Qarabağ məsələsinə müdaxilə etmək fikrinə düşsə Donbas ilə Krımdan Moskvaya zərbə endirilsin. Buna görə Kreml öz neytrallığını qoruyur. Rusiya qarışsa Şərqi Avropada vəziyyət kəskinləşə bilər, Moskvaya qarşı sanksiyalar daha sərt hal ala bilər.

– Məlum olduğu kimi, Belarusda müxalifət Lukaşenkoya getmək üçün vaxt qoymuşdu. Amma, görünür, onun belə fikri yoxdur. Orada hadisələr necə cərəyan edəcək?

– Qarabağda əməliyyatlar, Cənubi Qafqazın qaynaması əslində Şərqi Avropada gedən proseslər ilə bağlıdır. Ümumi siyasi mənzərədə proseslər əlaqəlidir. Hələ ki, Belarus məsələsində Rusiya güclüdür, çünki orada müxalifətin xarizmatik lideri yoxdur. Rusiyanın sərt müdaxilə edəcəyi gümani Avropanı hələ ki, təmkinli olmağa məcbur edir. Amma Lukaşenkonun əvvəlki kimi prezidentlik etməsi qeyri-mümkündür. Orada mütləq dəyişikliklər olacaq.

– Görünür, Lukaşenko vaxt uzadır… Bu yaxınlarda Qırğızıstandakı dövlət çevrilişi, Rusiyanın maraqlarına zərbə endirilməsinə baxsaq deyə bilərikmi Rusiyanın “əli-qolu budanır”?

– Əlbəttə, dünyada yeni nizam formalaşır. İkinci dünya müharibəsindən sonra, 2001-ci il ABŞ-Nyu Yorkda qoşa qüllənin yıxılmasından sonra həqiqətən də yeni nizamın nəfəsi duyulur. Fövqəlgüc statusuna Çin də, ABŞ da iddia edir. Amma ABŞ elə bir siyasət qurur ki, Çini iqtisadi cəhətdən zəiflədir, Pekin çalışır ki, dünyada, xüsusilə Avrasiya məkanında iqtisadi yolla –Bir Kəmər, Bir Yol layihəsi ilə güclənsin. Bunu ABŞ öz maraqlarına təhlükə sayır. Həmçinin, Rusiyanın beynəlxalq güc olma iddiası ABŞ-ı qıcıqlandırır. Qırğızıstan məsələsində Çin, Rusiya, ABŞ maraqları döyüşməkdədir. Mərkəzi Asiyada hələ ki, ABŞ-ın güclənməsi yoxdur. Bu ölkə Çin ilə qonşu olduğu üçün də qiymətlidir. ABŞ Çinin qarşısını almağa çalışır, olanlar bunun əks-sədasıdır.

– Məhəmməd bəy, bir məqamı qeyd edim. Əsas zəiflədilmək istənilən ölkənin Rusiya olduğunu nəzərə alsaq hesab edə bilərikmi, ABŞ və Çin pərdə arxasında Rusiyanı zəiflədib – çökdürmək və coğrafi olmasa da nüfuz dairəsinə görə bölmək barədə razılaşma var? Və ya Rusiyanı elə bir hala salmaq ki, Kreml bir daha imperiya olmaq fikrinə düşməsin, idarə olunan, “qapazaltı” dövlət olsun…

  • Düşünmürəm ki, ABŞ ilə Çin arasında belə bir razılaşma var. Rusiya həqiqətən də iqtisadi böhran içində Rusiyanın parçalanması Çin ilə sərhədin götürülməsidir, ona görə ABŞ hələ ki, buna getmir.

– Ən azı zəiflətmək məsələsi var ki, ABŞ-a mane olmasın. Həmçinin görürük ki, Qafqaz artıq bölünür…

– Əlbəttə ki, Gürcüstanın NATO-ya qəbul edilməsində Türkiyə böyük rol oynayır, həmçinin Qarabağ müharibəsində. Bu müharibənin başlanması geosiyasi layihələrdir. Düşünürəm ki, yeni nizamın formalaşması prosesindən Azərbaycan uğurlu çıxacaq.

– Daha bir məqamı diqqətinizə çatdırım. Prezident İlham Əliyev də Azərbaycanın əsas ərazisinin Naxçıvanla koridor vasitəsilə birləşdirilməsi, oradan isə Türkiyəyə bağlanması barədə fikir bildirib. Sizcə bu Bir Kəmər Bir Yol layihəsinin Naxçıvandan keçərək Türkiyəyə qoşulması anlamına gəlir?

– Belə plan ola bilər. Düşünürəm ki, Azərbaycanın hərbi əməliyyatları irəlilədib Mehrini götürməsi, Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxışı və dünyada geosiyasi müstəvidə yeni xəritə formalaşmasına gətirə bilər. Avropa ilə Asiyanı birləşdirə bilər. Yeni nəqliyyat dəhlizi əmələ gələ bilər. Rusiya, İran da  bunu yaxşı bilir. Ona görə Rusiya silahlı qüvvələri Azərbaycanın Ağbənd sərhəd zastavası istiqamətində Ermənistan tərəfdə Qafana yerləşdirib.

– İranın bizim işğaldan azad etdiyimiz rayonlar ilə, məsələn Zəngilan ilə sərhəddə qoşun yeritməsin barədə nə deyə bilərsiz?

– İran Qarabağ müharibəsində bizə dəstək verməkdənsə, destruktiv mövqe tutdu. İkibaşlı açıqlamalar verirdi, həmçinin Xəzər dənizi ilə Rusiyadan Ermənistana silah daşıdı. Təbrizdəki, Ərdəbildəki və s. şəhərlərdəki soydaşlarımızın ayağa qalxması, diplomatik təmaslarla mövqeyi bir az dəyişdi. Xomeyninin buradakı nümayəndəsi açıqlama verdi ki, Azərbaycan Qarabağ məsələsində haqlı tərəfdir. İş elə gətirdi  Ruhani açıqlama verdi ki, Ermənistan dost, Azərbaycan isə qardaş ölkədir. Həmlələr qarşısında İran bir az korrektələr etdi. Hərbçilərin Aslandüzə təlimlər keçirmək üçün gətirilməsi deyilir. Ümumiyyətlə İran Azərbaycana heç nə edə bilməz. Sonda demək istəyirəm ki, danışıqlardan sonra ermənilərin gələcəkdə Şuşada, Xankəndində qalmasına gəlincə onlara heç bir muxtariyyət verilməli deyil. Bunlar müharibədən öncə danışıqlar predmeti idi. İndi biz hərb yolu ilə torpaqlarımızı azad ediriksə – Şuşa və Xankəndini də tezliklə azad edəcəyik- ermənilərlə bizim birgə yaşayışımız mümkün deyil.

– Bir əsrdə bizə neçə dəfə bizə genosid etdilər, etnik təmizləmə etdilər, hansı üzlə bizimlə birgə yaşayacaqlar?

– Onların qocaları da, uşaqları da əlində silah götürüb bizə qarşı terror etmək fikrindədirlər.

– Dünən bir videoda gördüm 14-15 yaşlı uşaqlara silah verirlər…

– Buna görə də onlar bizimlə yaşamasınlar. Cavanlar köçüb gedib, qocalar da əlinə silah alıb bizə qarşı terrorçuluq edirlər… Onlarla artıq bizim Qarabağda yaşayışımız mümkün deyil. Mən buna qarşıyam.

Ülviyyə ŞÜKÜROVA