Astarada canavar dişləyən şagird quduzluğa yoluxub? – AÇIQLAMA

    12

    Xəbər verdiyimiz kimi, noyabrın 29-da səhər saat 08:00 radələrində Astara rayonunun Şüvi kəndində canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib. Tanınmış müəllim Həbib Əlizadə xəsarət alanlardan doqquzuncu sinif şagirdi N.Babayev ( ad şərtidir) artıq ikinci dəfə birdən-birə yüksək təzyiq, həddən çox ürək döyüntüsü, panika keçirdiyi barədə məlumat verib. Onun sözlərinə görə, həmin hallar dünən gecə isə saatlarla davam edib, xəstə çox ciddi problem yaşayıb və onu sakitləşdirə bilməyiblər.

    Hurriyyet.org xəbər verir ki, məsələ ilə bağlı open.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, xəstəxanada olan 7 xəstənin hamısına lazım olan yardım göstərilir və zərdabları vurulur: "Sadəcə xəstələrdən birində quduzluq əlamətləri olduğuna görə, Bakıdan infeksionist çağırıblar. Dünən gecə saat 2-ə kimi xəstəni müayinə edib. Nəticədə quduzluq əlamətlərinin olduğunu, amma müalicəsinin lazımi qaydada getdiyini bildirib. Hətta onun Bakıya köçürülməsini məsləhət bilməyib. Hər şey qaydasındadır. Sadəcə valideynləri narahatlıq keçirir".

    Professor Adil Qeybulla bildirib ki, heyvanın insana hücumu faktı varsa, birinci quduzluqdan şübhələnmək lazımdır: "Xüsusilə də həmin heyvanda quduzluq aşkar edilib. Belə olan halda infeksiyanın insana keçmə ehtimalı çox yüksəkdir. İlk vaxtdan profilaktika tədbirləri keçirilir. Əgər sonradan heyvanda da quduzluq tapılıbsa, müalicə dozası atırılır ki, xəstəlik inkişaf etməsin. Ümumilikdə isə quduzluq virusu neyronları zədələdiyi üçün insanlarda sudan, işıqdan qorxma kimi əlamətlər baş verir. Bəlkə də həmin uşaqda panik reaksiyadır. Bilmirəm, o uşağa hansı səviyyədə müalicə tədbirləri həyata keçirilib. Amma diqqətli olmaq lazımdır və müalicə dozasına keçilməlidir".