AŞOT, EVİNƏ QAYIT, HAYKANUŞ GÖZLƏYİR!

219

30 il öncə Çexoslovakiyadakı rus-sovet hərbi hissəsinin qarşısında etiraz edən yerli insanlar “İvan idi domoy, Nataşa tebya jdyot” (“İvan, evinə get, Nataşa səni gözləyir”) plakatı qaldırmışdılar. Yeri gəlmişkən, bu ilin yanvarında çexlər həmin günləri eyni sloqanlı flaş-mobla yada saldılar.

Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü erməni-rus terrorçularının pozmasından da 30 ilə yaxın vaxt keçir. 30 ildir “din ayrı qardaş” dediyimiz ermənilər dinə-imana, müqəddəs torpaqlarımıza saldırır. Ay (din ayrı) “qardaş”, biz 1828-ci ildən başlayaraq səni ocağımızın qırağında, süfrəmizin başında oturtduq ki, 160 il sonra doğma ocağımızdan süngünlə sürgün edilək?

Yeri gəlmişkən, bu günlərdə Qərb təhlilçilərindən Beynəlxalq Karnegi fondunun təhlilçisi Tomas De Vaal Qarabağda 12-ci əsrdə erməni krallığının, 18-ci əsrdə Azərbaycan xanlığının olmasını Facebook səhifəsində bildirib. Halbuki, heç bir tarixi qaynaqda nəinki Qarabağda, ümumiyyətlə erməni krallığının mövcudluğu barədə bilgi yoxdur. Yəqin tarixçilərimiz Vaala konkret faktlarla bunu anladacaqlar.

Dədələrimizin “qarı düşmən dost olmaz” sözlərini qulaqardına vurub, “böyürə-böyürə” qaldıq. İndi yenə də bizim yerli “din ayrı qardaşlarımızla” işimiz yoxdur. Qıraqdan savaş ocağını körükləndirənlərə dövlət (başçısı) dilində səslənirik: Ölmək istəmirsənsə, torpağımızdan rədd ol!

Ölmək istəyənlərə ortalıq 33 il öncə şair Eldar Baxışın türk uşağının qaniçəni Zori Balayanın “Ocağı”na cavabı bu gün daha aktualdır:

“O nədir yazmısan, Zori Balayan,

“Bala” da bizimdir, “zor” da bizimdir!

Ölmək istəyirsən, gəl Qarabağa ,

Kəfən də bizimdir, gor da bizimdir!”

Özgə torpağına torpaq yiyəsinin razılığı olmadan girən istənilən yaraqlı “əsgər” yox, terrorçudur. Bu terrorçunun adı İvan, ya Aşot olsun, fərq etməz! Odur ki, xoşluqla deyirik, Aşot, 100 il qabaq bağışladığımız Ermənistana qayıt, orada səni Haykanuş gözləyir.

Məğrur BƏDƏLSOY