ASK prezidenti ilə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi arasında video görüş keçirilib

288

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) təşəbbüsü ilə 8 dekabr 2020-ci il tarixində ICCIA Baş katibi Yusif Həsən Xələvi və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev arasında onlayn video görüş keçirilmişdir. Bu barədə Hurriyyet.org-a Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirilib.

ASK prezidenti M.Musayev bu görüşün keçirilməsi təşəbbüsünə görə İCCİA Baş katibinə öz dərin təşəkkürünü bildirmiş, Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı – Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 27 sentyabrdan başlayaraq 44 günlük uğurlu vətən müharibəsində zəfər çaldığını, erməni işğalına son qoyularaq tarixi ərazilərimizin azad olunduğu bildirmişdir.

Konfederasiya prezidentinin sözlərinə görə, bu qələbə ölkəmizdə yeni sosial-iqtisadi inkişaf mərhələsinin, işğaldan azad olunmuş torpaqlarımızda böyük quruculuq proseslərinin başlanması deməkdir. İslam ölkələrindən olan sahibkarların, xarici sərmayənin cəlb edilməsinin aktuallığını vurğulayan M.Musayev, bu istiqamətdə birgə konfransların, tədbirlərin keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bununla yanaşı, M.Musayev Azərbaycanın əlverişli coğrafi mövqeyi, iqtisadi sektorları, eləcə də, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının İslam ölkələrinə ixacı potensialı haqqında ətraflı məlumat vermişdir.

ICCIA Baş katibi cənab Yusif Həsən Xələvi, qazanılmış şanlı Qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik etmiş və bu müharibədə şəhid olmuş soydaşlarımıza Allahdan rəhmət diləmişdir.

Daha sonra, Y.H.Xələvi hazırda ICCIA-nın effektiv beynəlxalq quruma çevrilməsi üzərində çalışdığını, bu qurumun İslam ölkələrində önəmli investisiya mühərriki rolunu oynaması, ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişafı üçün müvafiq siyasi, strateji sənədlərin hazırlanmasına dəstək verildiyini bildirmişdir. Habelə, bu ölkələrdə özəl sektor, xüsusən də kiçik və orta sahibkarlığın inkişafı üçün təşkilatın öz qarşısında 28 məqsəd qoyduğunu qeyd etmişdir. O, bu məqsədlərə nail olmaq üçün ICCIA-ya üzv ölkələrin potensialına və rəqabət üstünlüklərinə uyğun şəkildə onların dünyada tanınmış biznes mərkəzlərinə çevrilməsi üçün müxtəlif biznes forumların təşkil olunacağını, bu ölkələrin qlobal mərkəzlərə  çevrilməsinin planlaşdırıldığını qeyd etmişdir. Y.H.Xələvi bu mənada Azərbaycanın coğrafi mövqeyi və ənənəvi rəqabət üstünlüyü amillərini nəzərə almaqla qlobal “hub” rolunu oynaya biləcəyini söyləmiş və ASK prezidenti ilə bu xüsusda fikir mübadiləsi aparmışdır.

Konfederasiya prezidenti qeyd olunan məsələnin böyük əhəmiyyət kəsb etdiyini bildirərək ölkəmizin xüsusən də orqanik kənd təsərrüfatı məhsullarının inkişafı üzrə qlobal mərkəzə çevrilə biləcəyini, bu barədə aidiyyatı dövlət orqanları ilə məsləhətləşmələr aparacağını söyləmişdir.

Sonda Y.H.Xələvi Türkiyə Respublikasının İstanbul şəhərində yaradılacaq Arbitraj Mərkəzi barədə geniş məlumat vermiş və bu mərkəzin bütün İslam ölkələrini əhatə edəcəyini bildirmişdir.

M.Musayev ICCIA tərəfindən həyata keçiriləcək bu işin ASK tərəfindən tam dəstəkləndiyini Yusif Həsən Xələvinin diqqətinə çatdırmışdır.

YƏHYA