Aşağı Güzdək sakinləri susuzluqdan əziyyət çəkir – PAYTAXTDAN 15 KM ARALIDA YAŞAYAN SAKİNLƏR PREZİDENTƏ MÜRACİƏT ETDİ

345

“500-dək ailə hər ay içməli su almaq üçün onsuz da kasıb olan ailə büdcəsindən 100-120 manat xərcləməli olurlar”

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsinin sakinləri tərəfindən Hurriyyet.org saytının redaksiyasına şikayət məktubu daxil olub. İllərdir içməli su problemindən əziyyət çəkən sakinlər saytımız vasityəsilə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Sizin dəyərli vaxtınızı yerli problemlərə ayırmaq istəməzdik. Ancaq Abşeron rayon İcra Hakimiyyətinin insanlara laqeyd və məsuliyyətsiz münasibəti bizi sizin dəyərli vaxtınızı bəzi regional problemlərə yonəltməyə vadar etdi.
Bildiririk ki, artıq 10 illərdir Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi susuzluqdan əziyyət çəkir. Qəsəbənin mərkəzindəki bəzi məhəllələrdə qismən də olsa içməli su müəyyən məhdudiyyətlərlə verilir. Ancaq qəsəbənin yeni salınmış massivinə su verilmir. Baxmayaraq ki, qəsəbənin yeni massivindəki fərdi tikililərinin sayı artıq 500-dən artıq, əhalinin sayı 3 minə yaxındır və bu rəqəm getdikcə yeni tikililərin hesabına artır, amma əhalinin su təhcizatı yoxdur.
Diqqətinizə çatdıraq ki, qəsəbə 3 ciddi su mənbəyi ilə əhatəlidir. Bildiyiniz kimi, qəsəbədə yerləşən Aşağı Güzdək dəmiryol stansiyası Ceyranbatan su hövzəsi ilə həmsərhəddir və oradan qəsəbənin yeni massivinə su xətti çəkmək imkanları var. Qəsəbənin digər yanından Sumqayıtdan Müşfiqabad qəsəbəsinə çəkilən Şollar ana su xətti keçir və bu xəttə su təzyiqi çox böyükdür. Oğuz-Qəbələ su xətti də Qəsəbənin girişndən keçir.
Cənab Prezident!

Bütün bu imkanlar fonunda yüzlərcə dəfə Abşeron İcra Hakimiyyətinə, “Azərsu” Səhmdar Cəmiyyətinə, Su və Meliorasiya Komitəsinə və onların regional idarələrinə müraciət olunsa da, hər dəfə müxtəlif bəhanələrlə qəsəbəyə normal su xətti çəkilməyib. Baxmayaraq ki, ölkə prezidenti səviyyəsində Bakı və Bakıətrafı kənd və qəsəbələrə su təminatı haqda göstərişlər verilib, ancaq təəssüf ki, icra olunmayıb. 500-dək ailə hər ay içməli su almaq üçün onsuz da kasıb olan ailə büdcəsindən 100-120 manat xərcləməli olurlar. Çünki 7-8 tonluq su tutumu olan maşınlar eyni suyu regional su idarələrindən satın alıb, bizə 35-40 manata satırlar.
Möhtərəm Prezident!
Aşağı Güzdək qəsəbəsi “20 Yanvar” metrostansiyasından 15 km-lik məsafədə yerləşir. Bakı şəhərinə bu qədər yaxın məsafədə yerləşən yaşayış məskənində heç bir su təminatının olmaması acınacaqlı olduğu qədər, həm də məmur məsuliyyətsizliyinin nəticəsidir. Bu günlərdə sizin yenidən su təminatı ilə bağlı müşavirə keçirməyiniz yenidən bizlərə umid verdi. Qəsəbənin yeni massivində məskunlaşan 3 minədək insanın adından sizdən xahiş edirik ki, mövcud su mənbələrindən bizə su xəttinin çəkilməsi üçün yardım edə və bu yöndə göstəriş verəsiniz.


Onu da diqqətinizə çatdıraq ki, pandemiya dövründə məktəblər bağlı olduğu üçün virtual dərslər keçirilirdi ki, bizim uşaqlar bu imkanlardan da məhrumdurlar. Çünki yeni massivdə 500-dən artıq ev-ailə olmasına rəğmən, hələ də telekommunakasiya xətləri mövcud deyil və buna görə də internet bağlantımız yoxdur. Mobil internet də burdakı ailələr üçün çox bahalı olduğuna görə, bu imkandan da məhrumuq.
Bundan başqa, diqqətinizə çatdıraq ki, qəsəbənin yeni massivində yol infrastrukturu demək olar ki, yox dərəcəsindədir. Bir neçə dəfə palçıq və bataqlıqdan qurtulmaq üçün yerli əhali öz ailə büdcələrindən pul ayıraraq yola qum və çınqıl tökdürüblər, ancaq müəyyən zaman kəsimindən sonra yol yenə də palçıq mənbəyinə çevrilir ki, nəticə etibarilə buradan alınan gilli palçıqlar Bakı-Şamaxı şossesini bərbad hala salır.

Cənab Prezident!
Bu insanların ümidi yalnız sizədir və inanırıq ki, bu müraciət sizin diqqətinizə çatandan sonra bu yöndə konkret göstərişlər veriləcək. Əvvəlcədən sizə minnətdarlıq hissi ilə xoş arzularımızı bildiririk”.
Qeyd edək ki, müraciətə aşağıda adları açıqlanan Aşağı Güzdək sakinləri imza atıb:

Hurriyyet.org

P.S. Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə çalışacağıq.

P.P.S. Xatırladaq ki, dünən səbəb qəsəbəyə suyun verilməməsi Aşağı Güzdək qəsəbəsində etiraz aksiyası keçirilib. Etirazçılar öncə qəsəbə bələdiyyəsinin binası qarşısında toplaşıblar. Lakin daha sonra səlahiyyətlilərin onların qarşısına çıxmadığını görüb, Bakı-Şamaxı yolunu bağlayıblar.
Aksiyayanı sosial şəbəkələrdə canlı yayımlayan jurnalist-bloger Bahadur Seyidov saxlanılıb. B.Seyidov hadisə ilə bağlı öz feysbuk profilində paylaşım da edib. O bildirib ki, maskasız ictimai yerdə olduğu üçün 100 manat cərimə olunub:

“Bu gün səhər saatlarında Aşağı Güzdək qəsəbəsində insanlar aylardır susuz qaldığı üçün etiraz aksiyası keçirdilər. Həmin aksiyada mən də iştirak etdim. Həm etiraz edən tərəf olaraq (çünkü orda yaşayıram) həm də jurnalist olaraq. Kanalımda canlı yayım açdım.

Bir qədər sonra polis yaxınlaşdı və niyə çəkliş etdiyimi soruşdu. Jurnalist olduğumu dedim. Vəsiqəmi göstərdim. Vəsiqəmi alıb rəisə verdilər. Vəsiqəm hələ də tapılmır. Sonra dedilər ki, maskan niyə yoxdu? Qolumu burub maşına saldılar. Halbuki həmin aksiyada iştirak edənlərin 80 faizinin maskası yox idi. Şöbədə növbətçi isə məni olduqca xoş qarşıladı və hətta su, çay da verdi. Bir müddət sonra dedilər ki, kütləvi yerdə maska taxmadığın üçün 100 manat cərimə olunursan. Düzdü, maska taxmamışdım. Ona görə də cəriməni ödədim”.

Jurnalist bildirib ki, onun saxlanmağı üçün göstərişi Abşeron rayonu icra başçısının verdiyini düşünür:

“Çünkü dəfələrlə qəsəbədəki sosial problemləri ictimailəşdirmişəm. Və bu yaxınlarda guya təxribat yaratdığım üçün Aşağı Güzdək bələdiyyə sədri tərəfindən Qobu polis idarəsinə şikayət olunmuşam. Hazırda evdəyəm hansısa əlavə təzyiqlərə məruz qalmayacağımdan əmin deyiləm”.