“Artıq nəticəsiz danışıqlarda biz iştirak edə bilmərik” – OKTYABRIN 29-DA KEÇİRİLƏCƏK CENEVRƏ GÖRÜŞÜNƏ POLİTOLOQDAN CAVAB

78

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın birgə görüşü keçiriləcək. Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşəcəklər. ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında bildirilir ki, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.

Bəs görəsən, Moskvada və Vaşinqtonda əldə olunmuş humanitar atəşkəs razılaşmasına əməl etməyən Ermənistan Cenevrə razılaşmasına nə dərəcədə əməl edəcək? 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Hurriyyet.org-a açıqlamasında, artıq Azərbaycanın nəticəsiz danışıqlarda iştirakının mənasız olduğunu bildirib. O, Ermənistan qoşunlarının Azərbaycan ərazisini tərk etməyənə qədər heç bir danışıqdan nəticə gözləmədiyini deyib:

“Bu görüşdən də heç bir gözləntim yoxdur. Moskvada keçirilən görüşdə atəşkəs razılaşması oldu. Nəticədə ermənilər atəşkəsi pozdu. Eyni zamanda, Vaşinqtonda razılaşma oldu. Yenə də atəşkəsi pozdular. Yəgin ki, yenə məqsədləri bizi atəşkəsə məcbur etməkdir. Danışıqları davam etdirmək istəyirlər. Artıq, nəticəsiz danışıqlarda biz iştirak edə bilmərik. Bizim şərtimiz Cenevrədə də səsləndiriləcək. İşğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməldirlər. Ermənistan tərəfi bunu qəbul etməyənə qədər heç bir danışıqdan nəticə gözləmirəm. Düşmən ölkənin baş naziri son açıqlamasında bildirdi ki, böyük gözəştlərə hazırdırlar. Amma, böyük güzəştlərin nə olduğunu açıqlamayıb. İnanmıram ki, böyük güzəştlər ifadəsinin altında qoşunların çıxarılması və Dağlıq Qarabağa kiçik muxtariyyət verilməsini nəzərdə tutsun. Onlar, öz istəklərindən əl çəkməyəcəklər. Yəgin ki, yenə hiylə işlədəcəklər. Ona görə də hiyləyə aldanmamalıyıq. Hələ düşmənin beli tam qırılmayıb”.

YƏHYA