Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə rəsmi səfəri başa çatıb – FOTOLAR

    6
    Milli Məclisin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdə olub. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak ediblər. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri Dik Şubel və cənab Lourens Meredits iştirak ediblər.
    Milli Məclisin mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının ikinci iş günündə gündəlik üzrə daha üç məsələ müzakirə edilib. 
    “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən  Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi cənab Dirk Şubel Azərbaycanın geostrateji mövqeyi və üzləşdiyi problemlər barədə ətraflı məlumat verərək 25 ildən çox müddət ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə regionun inkişafına əngəl yaratdığını diqqətə çatdırdı. Cənab Şubel öz çıxışında bu münaqişənin həlli üzrə indiyədək müxtəlif beynəlxalq qurumlar tərəfindən göstərilən cəhdləri xatırladaraq Avropa İttifaqının münaqişənin bu günə qədər davam etməsindən təəssüfləndiyini bildirib. Məruzə ətrafında çıxış edən Səyyad Kərim, Boris Zala, Norika Nikolai, Heydi Hautala və Milli Məclisin üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov Ermənistanın işğalçılıq siyasətini pisləyib, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin fundamental haqlarının kobud şəkildə pozulduğunu vurğulayıb və mövcud status kvonun qəbuledilməz olduğunu bəyan ediblər. 
    “Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusu ətrafında məruzə ilə çıxış edən Avropa Komissiyasının yüksək səviyyəli rəsmisi Lourens Meredits olduqca mürəkkəb regionda yerləşən Azərbaycanın həm qonşu ölkələrlə, həm də Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq etdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ciddi potensialın mövcud olduğunu diqqətə çatdırıb. Mövzu ətrafında çıxış edən Milli Məclis və Avropa Parlamenti üzvləri regional əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün yeganə maneənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu vurğulayıblar. İclasda iştirak edən Avropa Komissiyasının üzvləri Azərbaycanın Avropa üçün alternativ qaz mənbəyi rolu oynadığını qeyd edib və Azərbaycanın bu üstünlüyünün Aİ ilə Azərbaycan arasında hazırlanmaqda olan strateji əməkdaşlığa dair müqavilədə öz əksini tapacağını təsdiqləyiblər. 
    Növbəti məsələ Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rolunun və səmərəliliyinin artırılması haqqında təkliflərin müzakirəsi ilə bağlı olub. Mövzu ilə bağlı ətraflı məlumat verən komitə həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev Aİ ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rol oynaya biləcəyini qeyd edərək öz təkliflərini iclas iştirakçıların müzakirəsinə təqdim ediblər. 
    Ətraflı müzakirələrdən sonra qurumun səmərəliliyini artırmaq məqsədi ilə Parlament Əməkdaşlıq Komitəsinin Prosedur Qaydalarına bir sıra dəyişikliklər edilməsi qərara alınıb. Bununla da Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının gündəliyində duran əsas məsələlərin müzakirəsi başa çatıb. 
    Sonda XIV iclas çərçivəsində müzakirə olunmuş məsələlərə dair Yekun Bəyannamə qəbul olunub. Yekun Bəyannamədə hərtərəfli əməkdaşlıq haqqında yeni müqavilənin Aİ və Azərbaycanın strateji maraqlarına uyğun olduğu, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində böyük potensialın mövcudluğu qeyd olunub. Azərbaycanda siyasi vəziyyət, həyata keçirilən iqtisadi və siyasi islahatlar, vətəndaş cəmiyyəti təsisatlarının rolu haqqında Aİ ilə Azərbaycan arasında açıq və konstruktiv dialoqun faydalı olduğu vurğulanıb. 
    Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həllinə nail olunması üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinə və digər beynəlxalq təşkilatlara çağırış ifadə olunmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkünlərin fundamental haqların bərpa olunması, BMT TŞ-nın məlum 4 qətnaməsinə və Avropa təsisatlarının müvafiq qərarlarına əməl olunması zərurəti qeyd edilib. 
    Sənəddə eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hökumət və vətəndaş cəmiyyəti təsisatları tərəfindən irəli sürülən bütün təşəbbüslər, o cümlədən Ermənistan və Azərbaycan QHT-ləri tərəfindən təsis olunmuş Sülh Platforması ideyası alqışlanıb. Sənəddə qeyd olunub ki, PƏK münaqişə tərəflərini, o cümlədən AP və Milli Məclis üzvlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə, regionda vəziyyətin gərginləşməsinə və zorakılığın artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. 
    Bununla da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası öz işinin başa çatdırıb. 
    ““
    ““
    ““
    ““