“ARİF RƏHİMZADƏ CƏZALANDIRILMALIDIR” – NƏSİMAN YAQUBLU

    6

    “Bu insanların Azərbaycan vətəndaşı olmaq haqqı yoxdur”

    “Arif Rəhimzadə kimi insanlar Azərbyacanda zərərli ideoloji virus yayırlar”

    “Sovet hakimiyyəti Azərbaycan xalqına divan çəkdi. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?!”

    Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə yaşayış məntəqələrindən kommunistlərin adlarının götürülməsinə narazılığını ifadə edərkən bildirib.

    “Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada “Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır” – deyə o, bildirib.

    A.Rəhimzadənin Milli Məclisdə səslənən bu fikirləri cəmiyyətdə kəskin etirazla qarşılanıb. O, sovet hakimiyyətinin Azərbaycan xalqına divan çəkdiyini ifadə etdiyi halda, “Amma Sovet hakimiyyətinin yaxşı işləri də olub, axı. Sovet hökuməti Azərbaycan dövlətini qurdu”, – deyir.

    Açığı, bu cümlədəki pardoksal fikirləri oxuyanda adam heyrətə gəlir ki, kimsə xalqının qırılması hesabına qurulan dövləti yaxşı əməl kimi qəbul edir. Halbuki, sovet hökuməti Azərbaycan dövlətini qurmayıb, Azərbaycan xalqının qurulu dövlətini, Azərbaycan Cümhuriyyətini məhv edib. Hətta Azərbaycan Sovet Sosialist Respublikasının mövcud olması belə, Azərbaycan Cümhuriyyətinin qurucularının tarixi xidmətidir. Çünki bolşeviklər hakimiyyətə gələndə Cümhuriyyətimizin qurucuları dövləti onlara xüsusi maddə ilə təhvil veriblər ki, bu maddədə Azərbaycan dövlətçiliyinin davam etdirilməsi məsələsi əksini tapıb. Ona görə də Azərbaycan dövlətini sovet hökumətinin qurduğu haqda deyilənlər kökündən yanlış fikirdir. Bu gün Azərbaycan dövlətinin də var olması məhz Azərbaycan Cümhuriyyətinin quruclarnın tarixi xidmətidir ki, bunu xalq, millət artıq yaxşı dərk edir. “Sovet hökuməti Azərbaycan dövlətini qurdu” kimi avbsurd fikirləri də bundan sonra Azərbaycan xalqının şüuruna yeritmək heç bir nəticə verəsi deyil.

    Azərbaycan Sovet Sosialist Respubilasının qurulmasında xidmətləri olan şəxslərin də adlarına küçə, rayon, müəssisə adlarının saxlanılması da yanlış bir adımdır. Əksinə, həmin şəxslərin adları hansısa küçə, rayon, müəssisələrdə qalırsa, o adlar da Azərbaycan Cümhuriyyətini 100 illiyi şərəfinə Cümhuriyyətimizin qurucularının adları ilə əvəz olunmalıdır. Çünki adları hansısa küçə, rayon, müəssisələrdə saxanılan şəxslər məhz Sovet İmeriyasına xidmət etdikləri üçün, onların adları tarixdən silinməlidir. Ona görə ki, sövet hökuməti təkcə 1920-21-ci illərdə 40 minə qədər əsgər və zabiti məhv edib. 1937-ci illərdə isə 39 min Azərbaycan ziyalısını məhv edib. Budur, Sovet hökumətinin yaxşı əməlləri? Sovet hökumətinin Azərbaycan xalqının soykökünü məhv etməyə yönəlik siyasəti ortadaikən, hələ bir sovet hökumətinin Azərbaycan dövlətini qurduğunu da iddia edirik. Arif müəllim, bizə sovet təfəkkürü deyil, bizə milli dövlətçilik təfəkkürü aşılayın. Bizə yalanlar üzrərində qurulmuş saxta sovet tarixi deyil, Azərbaycan Cümhuriyyətinin həqiqi tarixini öyrənmək lazımdır.

    Deputat Arif Rəhimzadə Azərbaycan dövlətini Sovet hökumətinin qurması barədə fikirlərinin etirazla qarşılanmasına rəğmən, dünən də mətbuata açıqlamasında fikirlərinin arxasında dayandığını söyləyib: “Bilirsiniz, bəzi adamlar çıxışları konteksdən çıxarırlar, istədikləri cümləni ora əlavə edirlər. Ötən gün Milli Məclisin komitə iclasında çıxışlar oldu. Orada təklif olundu ki, Sovet İttifaqı dövründə olan bütün adları dəyişmək lazımdır. Mən də bildirdim ki, bütün adları dəyişmək doğru deyil. Onları seçmək lazımdır. Müsbət məsələləri saxlamaq lazımdır. Kimsə xalqına, dövlətinə xidmət edibsə, axı, onun adını niyə dəyişməliyik? Bu məntiqlə biz Nəriman Nərimanovun da adını dəyişdirməliyik? Bu, doğru olmaz. Yaxşı ilə pisi ayırmalıyıq. İndi məni nəyi səhv demişəm?”.

    A.Rəhimzadə onu da qeyd edib ki, Azərbaycanın formalaşmasında Sovet İttifaqının böyük rolu olub: “Rus İmperiyası və ya Sovet İttifaqı hakimiyyəti bizə qarşı nə qədər qəddar olsa da, ancaq Azərbaycana çox şeyi verib. Azərbaycanın təhsilini, elmini, səhiyyəsini Sovet İttifaqı yaradıb. Azərbaycanın formalaşmasında Sovet İttifaqının böyük rolu olub. Sovet İttifaqına qədər biz heç özümüzü azərbaycanlı kimi təqdim edə bilmirdik. Gah özümüzə müsəlman, gah da türk dedik. Sonra da azərbaycanlı olduq. Sovetin hesabına azərbaycanlı olmuşuq. Yəni Sovet İttifaqı dövründə artıq özümüzə azərbaycanlı deyə bilirdik. Halbuki, ondan qabağ özümüzə gah türk, gah da müsəlman deyirdik. Nəhayət ki, azərbaycanlı olduq. Bütün dünyada belə prinsip var. Xalqın adı yerin adına görə formalaşır. Bilirsiniz, biri var etnik mənsubiyyət, bir də var xalq. Etnik mənsubiyyətə görə biz türk ola bilərik. Şəxsən mən türkəm. Ancaq burada ləzgi, avar və digər millətlərdən də var. Azərbaycandakı etnik rus və ya yəhudi də azərbaycanlı sayılır. Ancaq bütövlükdə biz xalqıq. Bu da bizim dövlətçiliyimizi təşkil edir. Çox təəssüf ki, bəziləri bunu dərk edə, qana bilmir”.

    “Azərbaycanın formalaşmasında Sovet İttifaqının böyük rolu olub” deyən A. Rəhimzadə unudur ki, Sovet İttifaqı Azərbaycanın formalaşmasında deyil, manqurtlaşmasında mühüm rol oyanyıb. Ola bilər ki, sovet dövründə təhsil, səhiyyə yaxşı olsun. Amma bu demək deyil ki, Azərbaycan Cümhuriyyətində təhsil, səhiyyə pis olacaqdı. Əslində, sovet hakimiyyəti Azərbaycan Cümhuriyyətini məhv etməsəydi, Azərbaycanın elm, təhsil, səhiyyə sistemi ondan qat-qat yaxşı olacaqdı. Çünki Cümhuriyyətin qəbul etdiyi qərar və qanunların mükəmməl olduğu, eyni zamanda həmin qərar və qanunların icrası ilə bağlı atılan addımların xalqa xidmət etdiyi ortadadır. Cümhuriyyət dövründə yüzlərlə gəncin xaricdə təhsil alması kifayətdir, deyək ki, Azərbaycan Cümhuriyyəti həqiqətən xalqa mənsub olmuş bir hakimiyyət olub.

    Əslində, Sovet İttifaqı bizi “azərbaycanlı” etmək üçün əlindən gələni edib. Amma bu, bizim formlaşmağımız üçün deyil, kimliyimizin əlimizdən alınması üçün bu manqurtlaşdırma siyasəti həyata keçirilib. Halbuki, indi özümzü tanıyırıq ki, biz türkük. Maraqlıdır ki, Azərbaycanda yaşayan bütün etnik xalqlar öz adları ilə tanınır, ancaq böyük çoxluq olan Azərbaycan türkləri özlərinə azərbaycanlı deyir. O xalqlar haqlı olaraq öz kimliklərini qoruyub saxlayırlar. Amma o zaman sual olunur ki, biz niyə azərbaycanlı oluruq?

    Arif müəllim, deyin görək, dünyanın hansı ölkəsində xalqın adı yerin adına görə formalaşıb? Gürcüstanlı deyəndə orada yaşayan hər bir millətin nümayəndəsi nəzərdə tutululur. Eləcə də Rusiyada yüzlərlə xalq yaşayır, amma onlar rus deyillər. Onlar rusiyalı ola bilərlər, amma rus ola bilməzlər. Heç bir yerdə də ölkənin adının sonuna məkan bildirən şəkilçi artırmaqla xalqın adı ifadə olunmur. Bu bəlkə təzə prinsipdir, xəbərimiz yoxdur. Ona görə yaxşı olar ki, sovet idelogiyasını qoruyub-saxlamaqla və bunu təbliğ etməklə gəncliymizin təfəkkürünü qarışdırmayasınız. Əksinə, Milli Məclisdəki imkanlarınızdan istifadə edib Cümhuriyyət qurucularının adlarının əbədiləşdirilməsi üçün çalışasınız və yaddaşlarda milli ruhlu bir Azərbaycan türkü kimi qalasınız!

    “Deməli, bu adam Azərbaycan Cümhuriyyətinin 100 illiyinə şübhə ilə yanaşır”

    "Sovetin hesabına azərbaycanlı olmuşuq" - Arif Rəhimzadədən daha bir QALMAQALLI AÇIQLAMA

    Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin “Sovet hökuməti Azərbaycan dövlətini qurdu” açıqlaması ilə bağlı tarixçi-alim Nəsiman Yaqublu “Hürriyyət”ə bildirdi ki, bu adam Azərbaycanın milli istiqlal, dövlətçilik tarixindən məlumatsız bir insandır: “Çünki ən azı Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir dövrdə belə sözlərin söylənilməsi doğrudan da mənasızdır və heç bir əsası yoxdur. Bəs, onda biz hansı dövlətin 100 illiyini qeyd edirik? Deməli, bu adam Azərbaycan Cümhuriyyətinin 100 illiyinə şübhə ilə yanaşır. Ona görə də belə insanların Azərbaycan vətəndaşı olmaq haqqı yoxdur. Bir vətəndaş özünün Cümhuriyyətinin 100 illiyini dəyərləndirə bilmirsə, onda onun o cür yüksək vəzifələrdə əyləşməsi də doğru deyil. Ona görə də mən belə fikrirlərə mənfi münasibət bəsləyirəm. Belə insanlar müvafiq qaydalara uyğun şəkildə cəzalandırılmalıdır və ən azı bu adam məsuliyyət daşıdığını hiss etməlidir”.

    “Kommunistlərin adları götürülməlidir”

    “Yaşayışış məntəqələrindən kommunistlərin adının götürülməsi, yoxsa saxlanılması doğrudur” sualını N.Yaqublu belə cavablandırıb: “Əgər biz müstəqil Azərbaycanın vətəndaşıyıqsa, Azərbaycanın müstəqiliyi uğrunda mübarizə aparmayan adamların adının bu məmləkətdə qalmasına nə ehtiyac var ki. Küçələrdə, müəssisə, institut adlarında bu adamların adının qalmasını biz gənc övladlarımıza necə izah edər bilərik ki, bu filankəs kimdir, onda deyəcək, bu, Azərbaycan üçün nə iş görüb? Onda biz cavab verəcəyik ki, bu Azərbaycanı devirmək istəyib, müstəqil Azərbaycan Cümhuriyyətini devirməyə cəhd göstərib. Bəs onda balacalar bizə gülməz ki, onda bu adam Azərbaycan üçün nə iş görüb? Məntiqlə elə deyil? Yəni demək istəyirəm ki, biz ən azı övladlarımıza cavab verə bilməyəcəyik, axı. Şaumyanın adı niyə burada qalıb, yaxşı? Xanlar Səfərəliyevi övladlarımza izah etməliyik, axı. O izahın cavabı mənfi olduğuna, milli düşüncəmizə zərərli odluğuna görə də, əlbəttə ki, onların adı götürülməlidir. Cümhuriyyət qurucularının adları Azərbyacanın bütün küçələrinə verilməlidir. Məmməd Əmin Rəsulzadanin, Fətəli Xan Xoyskinin, Nəsibəy Yusifbəylinin, Behbud bəy Cavanşirin və digərlərinin, hamısının adları əbədiləşdirilməlidir ki, milli bir Azərbaycan ruhu hiss olunsun və Arif Rəhimzadənin dediyi və düşündüyü kimi kommunist, bölşevik bir Azərbaycan ruhu yox. Biz ondan uzaqlaşmalıyıq və belə insanları da yüksək dövlət postlarından uzaqlaşdırmaq lazımdır. Çünki belə insanlar Azərbyacanda zərərli ideoloji virus yayırlar”.

    Şamo EMİN, Hurriyyet.org