Argentinada Ərdoğana qarşı etiraz: ermənilər kürdlərə dəstək verdi

    3

    “Argentinanın erməni cəmiyyəti” Türkiyənin bu ölkədəki səfirinin iqamətgahı önündə yığışaraq 30 noyabr – 1 dekabr tarixlərində Buenos-Ayresda keçiriləcək “G20” (“Böyük iyirmilik”) sammitində iştirakı nəzərdə tutulan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə qarşı etiraz aksiyası keçirib.

    Etiraz aksiyasında çıxış edən Argentinadakı erməni təşkilatlarının nümayəndəsi Eduardo Kostanyan Ərdoğanı “tarixi faktları” inkar edərək “erməni soyqırımı”nı tanımamaqda və Azərbaycana dəstək verməkdə itiham edib.

    “Ərdoğan “erməni soyqırımı”nı tanımayan və onu inkar edən dövlət siyasəti yürüdən bir ölkənin başçısıdır. Bundan başqa, o, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllini ilkin şərt kimi qoyaraq, Türkiyənin Ermənistanla sərhədlərini bağlı saxlayır”, – Kostanyan deyib.

    Etirazlarda həmçinin, Argentina və Çilidəki erməni apostol kilsəsinin arxeyepiskopu Qisak Muradyan da iştirak edib.

    Ərdoğana qarşı etiraz aksiyasında ermənilərin kürd məsələsini qaldırması və kürd terrorçularına dəstəyi xüsusi diqqət çəkib. Kostanyan öz çıxışında Türkiyədə etnik azlıqların, xüsusən də kürdlərin təqib edildiyini iddia edib, PKK terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunan deputat, Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaşın həbsdən azad olunmasını tələb edib.

    Qeyd edək ki, Argentina erməni lobbiçilərinin təzyiqilə və sırf siyasi səbəblər üzündən heç bir tarixi fakta əsaslanmayan, uydurma soyqırımı tanıyan ölkələrdəndir. \\Azvision.az