ARAZXAN ƏMİNİN ÇƏTİN SUALI

    30

    RƏŞAD, "Futbol+"

    40 ildən artıqdı məhlədə qonşuluq etdiyim Arazxan əminin yaşının neçə olduğunu bilmirəm. Özümü dərk edəndən onu əlində təsbeh, başında aerodrom papaq və futbolla bağlı qonşularla mübahisə edən görmüşəm. İllər uzunu da bütün mübahisələrin sonunda qonşulara “sizinlə nə danışım, mən Toliklə kabab yeyib, yüz-yüz vuranda siz hələ bilmirdiz ki, futbol tək 90 dəqiqədən ibarət deyil” deyib, təsbehini çevirərək “hadisə yerindən” uzaqlaşıb. Arazxan əminin neçə yaşı olduğunu bu gün də bilmirəm. Hər dəfə fürsət düşəndə ona “əmi, neçə yaşın var” sualını ünvanlayıram və hər dəfə də “Rəşad, oxumuş adamsan, sənə böyük hörmətim var. Bala, yadında saxla: heç vaxt kişinin yaşını soruşmazlar, halını sorarlar ” söyləyib, cavabdan yayınır. Əlində təsbeh, başında daim aerodrom papaq olan qonşumun bu günə kimi hansı tarixdə dünyaya göz açdığını öyrənə bilməsəm də, onun uzun illər Neft Daşlarında yüksək vəzifələrdə çalışdığını, sentyabrın 20-nə təsadüf edən “Neftçilər Günü”ndə ölkə rəhbərliyi tərəfindən yada salındığını bilirəm. Onu da bilirəm ki, Arazxan əmi futbolu dəlicəsinə sevir və futbolumuzn əfsanəsi Anatoli Banişevski ilə yaxın dost olub. Ötən əsrin 60-70-ci illərində respublikanın bir nömrəli komandası sayılan “Neftçi”nin futbolçularının qulluğunda çox durub. Arazxan əminin futbol sevgisi bu gün də davam edir. Adam təsbehini çevirə-çevirə indi də klublarımızın oyunlarınız izləyir, elita təmsilçilərinin son transferlərini diqqət mərkəzində saxlayır. Hər dəfə də məhlədə mənlə üz-üzə gələndə “qardaşoğlu, ayaq saxla, sənlə dərdləşmək istəyirəm” deyib ürəyini boşaltmağa çalışır. Hər dəfə də zəmanədən gileylənən sabiq neftçi “bilirəm ki, indi müasir zəmanədi, artıq “jiquli” dəbdən düşüb (“jiquli” deyəndə bilirəm ki, “Neftçi”nin sabiq futbolçusu Səməd Qurbanovu nəzərdə tutur), indi “Mersedes”in, BMV-nin zamanıdı. Ancaq “jiquli”ni” bəyənməyən xalqım bu gün ortaya nə “Mersedes”, nə də BMV çıxara bilir. Bunun sonu necə olacaq” deyib, Azərbaycan futbolunun gününə özü bildiyi formada “ağlayır”. Onunla söhbət edərkən, dediklərini dinləyərkən hərdən mənə elə gəlir ki, təqaüddə olan neft mühəndisinin yox, Pro kateqoriyasına malik avropalı mütəxəssisin önündəyəm.

    İki gün əvvəl yenə üz-üzə gəldik. Salamlaşandan, hal-əhval tutandan sonra Arazxan əmi “10-15 gündən sonra klublarımız avrokuboklarda ilk oyunlarını keçirəcəklər. Baş məşqçilər nə deyirlər, bizi sevindirə biləcəklərmi” sualını verdi. Bir qədər fikrə dalıb, əli təsbehli, yayın cırhacırında adətinə xilaf çıxmayaraq başında “aerodrom” olan qonşuma “hər şey yaxşı olacaq” deyib, qitəmiqyaslı turnirlərdə ölkəmizi təmsil edəcək klubların baş məşqçilərinin yoxlama görüşlərindən sonra dediklərini təkrarladım: “Qurban Qurbanov yoxlama görüşlərində əsas heyət üzvləri ilə yanaşı, ehtiyat qüvvəni də sınaqdan keçirdiyini, yoxlama görüşlərində hamıya şans verdiyini vurğulayıb. Avropa Liqasında debüt edəcək “Səbail”in baş məşqçisi Aftandil Hacıyev bəzi oyunçuların hazırlığa gec qoşuldunu, sınaq matçlarında hesabın vacib olmadığını söyləyir. “Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov isə akademiyanın yetirmələrinin istəkli olmasından sevincəkdi”. Sualına verdiyim cavabdan, deyəsən, Arazxan əminin ağlı bir şey kəsməmişdi. Bir neçə saniyə sakit şəkildə üzümə baxan keçmiş neftçi “bəs “Neftçi”nin baş məşqçisi nə deyir” sualını verib, cavab gözləmədən özü də cavabladı: “Bordindi, yoxsa, Borodindi bilmirəm, o da yəqin Moldova təmsilçisini İngiltərə klublarına bənzədib, indidən özünü “sığortalamağa” çalışır”. İtalyan mütəxəssisin belə söz demədiyini Arazxan əminin diqqətinə çatdırınca, “a bala, ay Rəşad, niyə bizim komandaların məşqçiləri indidən bu qədər qorxaq danışır, azarkeşləri bədbin notlara kökləyirlər. Keçmişdə sərkərdələr böyük ordunun qarşısına 5-10 nəfərlə çıxıb, döyüşdən əvvəl yanındakı əsgərlərə ürək-dirək verərdilər. Özləri qabağa düşüb, yanında olanları da irəli getməyə ruhlandırardılar. Məlum açıqlamalardan belə başa düşdüm ki, bizim məşqçi sərkərdələrin döyüşdən öncə nə özlərinin irəli atılmağa cürəti çatır, nə də əsgərlərini döyüşə hazırlamaq qabiliyyətləri var. Köhnə kişilərin bir sözü var: danışa bilmirsən, bunu başa düşmək olar. Danışmamağı da bilmirsən? Özün qorxursan, bunu başa düşdük. Heç olmasa, ayıbına kor ol, döyüşmək istəyən əsgərlərin döyüş ruhunu öldürmə”.

    Toliklə bir masa arxasında əyləşən, Tofiq Bəhramovla duz-şörək kəsən, Əhməd Ələsgərovla özü demişkən, “kiryuxa” olan Arazxan əmi bu sözlərlə düz “doqquzluğ”u nişan aldığından onun söylədiklərinin qarşısına heç nə qoya bilmədim. Nə qədər nikbin adam olsam da, başında “aerodrom”, əlində təsbeh olan stajli futbolsevərin (indi belə adamlara fanat deyirlər) dedikləri həqiqətdi.