“Aralıq dənizi qalxanı” təlimlərində ordumuz da iştirak edəcək

32

Elxan Şahinoğlu: “Təlimlərdə iştirakı o demək deyil ki…”

Azərbaycan Türkiyənin “Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Bu barədə bir neçə gündür ki, Türkiyənin bir çox nəşrlərində məlumatlar dərc edilir.  Türkiyə mətbuatı yazır ki, Xəzər dənizində ən güclü donanmalardan birinə sahib olan Azərbaycan Türkiyənin liderliyilə həyata keçirilən “Aralıq dənizi qalxanı” təlimlərinə qatılmağa hazırlaşır.

“Yeni Şafak” yazır ki, iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında yekun anlaşmanın əldə olunmasında həlledici mərhələdir.

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq Tovuz hadisələrindən sonra daha da möhkəmləndi:

“Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov və Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin Türkiyədə rəsmi səfərdə olması, siyasi və hərbi rəhbərliklə görüşməsi bəzi məsələləri aktuallaşdırdı. Bundan sonra həm 2020-ci ildə, həm də sonrakı illərdə Türkiyə ilə Azərbaycanı bir çox tədbirlərdə və təlimlərdə bir yerdə görəcəyik. Bunun həm siyasi, həm də mənəvi önəmi var. Qardaş ölkə onsuz da Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyi ilə bağlı müəyyən öhdəlikləri öz üzərinə götürüb. İndi isə son hadisələrdən sonra Türkiyə ilə birlikdə həyata keçirilən hərbi təlimlər, Aralıq dənizindəki təlimlərə dəvət olunmağımız onu göstərir ki, Türkiyənin bizə dəstəyi daha da artacaq. Həm quru qoşunların, həm də hərbi dəniz qüvvələrinin, hava qüvvələrinin hazırlanması üçün nə lazımdırsa edəcək”.

Üzeyir Cəfərov: “Bu sənəd razılaşdırma mahiyyəti daşıyır”

Ekspertin sözlərinə görə, bu il ərzində Azərbaycan və Türkiyə ilə yanaşı bir neçə ölkənin də iştirakı ilə görüşlərin keçiriləcəyi gözlənilir: “Həmin ölkələr də Türkiyə və Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır. Bu, çox yaxşı haldır. Araqlıq dənizindəki təlimlər bizim üçün çox vacibdir. Azərbaycan bu təlimləri çox yüksək səviyyədə keçirəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu təlimlərin vacibliyi haqda danışıb: “Türkiyə Azərbaycan hərbi qüvvələrinin Aralıq dənizindəki təlimlərdə iştirakını arzulayır. Bu həm də geosiyasi məsələdir. Türkiyənin hazırda Aralıq dənizi sahillərindəki bəzi dövlətlərlə gərginlikləri var. Ona görə də Türkiyə istəyir ki, bu hissədə tərəfdaşları çox olsun. Türkiyə Aralıq dənizi sahilində olan İtaliya ilə sıx əlaqələr qurub. Strateji müttəfiqlərindən biri də Azərbaycandır və hərbi dəniz qüvvələri var. Azərbaycanın Aralıq dənizindəki təlimlərə simvolik olaraq belə qoşulması Türkiyənin həmin sahədəki tərəfdaşının sayını artıracaq. Bu, Türkiyə üçün də çox vacibdir”.

Erməni separatçıları çevriliş planı hazırlayır” - Elxan Şahinoğlu

E.Şahinoğlu Azərbaycanın Aralıq dənizindəki hərbi təlimlərə qoşulmasının digər ölkələrlə münasibətlərinə necə təsir edə biləcəyini də şərh edib: “Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Aralıq dənizindəki təlimlərdə iştirakı o demək deyil ki, Türkiyənin həmin bölgədə münasibəti gərgin olan ölkələrlə münasibtələrimizi avtomatik olaraq gərginləşdirəcək. Düzdür, biz Türkiyə ilə strateji müttəfiqik. Amma xarici siyasətimizdə fərqli çalarlar var. Məsələn, Türkiyənin İsraillə münasibətləri soyuqdur, bəzən də bu münasibətlər gərginləşir. Amma Azərbaycanın İsraillə münasibətləri çox yaxşıdır. Aralıq dənizi sahilində Türkiyə ilə münasibəti gərgin olan Yunanistanın Ermənistana verdiyi dəstəkdən narahatıq, amma birbaşa heç bir məsələdə fikir ixtilafında deyilik.

Biz Türkiyənin strateji tərəfdaşı kimi bu təlimlərdə iştirakla öz dəstəyimizi verəcəyik. Dəstək özü də qarşılıqlı olmalıdır. Çünki Türkiyə də Cənubi Qafqazda daima bizə dəstək olur”.

İlkin MURADOV,
“Yeni Müsavat”