Aralıq dənizi plastik kütlələr içində “boğulur”

33

Aralıq dənizi plastik kütlələr içində “boğulur”, onun sahilboyu şəhərlərinin sakinləri isə havanın çirklənməsi nəticəsində həyatlarını itirirlər. Region getdikcə istiləşir. Bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Aralıq dənizi bölgəsindəki ekoloji vəziyyətə dair yeni hesabatında bildirilir. Hesabatın müəllifləri region ölkələrini ətraf mühitin təhlükəli tənəzzülünə səbəb olan amilləri təcili surətdə aradan qaldırmağa çağırırlar.

UNEP ekspertləri hesab edirlər ki, qeyri-bərabərliyin miqyasının artması, biomüxtəlifliyin sürətlə itirilməsi, iqlim dəyişmələri və təbii ehtiyatların getdikcə azalması Aralıq dənizi hövzəsində ətraf mühit üçün bərpa edilməz ziyana gətirib çıxara bilər. “Aralıq dənizi bölgəsində ətraf mühitin vəziyyəti və inkişaf” adlı hesabatda deyilir ki, əgər indiki tendensiyalara geriləmə kimi diqqət yetirilməzsə, regionda ətraf mühitin pisləşməsi 512 milyon insanın sağlamlığı və rifahı üçün daha ciddi və uzunmüddətli fəsadlarla nəticələnə bilər.

Artıq bu gün Aralıq dənizi bölgəsində ölüm hallarının təqribən 15 faizi ekoloji amillərlə bağlıdır. 2016-cı ildə təxminən 228 min nəfər çirkli havanın təsiri nəticəsində vəfat edib. Bu gün Aralıq dənizi ölkələri dünyanın ən populyar turizm istiqamətlərindən biridir. Region ölkələrini ildə təqribən 360 milyon turist ziyarət edir. Dünyanın bu hissəsində ən sıx gəmiçilik marşrutları fəaliyyət göstərir ki, bu da dənizin çirklənməsi ilə nəticələnir. Dənizə hər gün 730 tondan artıq plastik tullantı düşür.

Ekoloqlar, həmçinin invaziv yad növlərin təhlükəsinə də diqqət ediblər ki, bunlar da əksər sahilboyu ölkələrin iqtisadi inkişafına və insanların sağlamlığına öz mənfi təsirini göstərir. Aralıq dənizi bölgəsində mindən artıq belə “gəlmələr” – alaq otları və parazitlər qarışıqlıq yaradır. Onların ucbatından yerli flora və fauna növləri sürətlə azalır. Bütövlükdə, qismən ətraf mühitin pisləşməsi səbəbindən Aralıq dənizi hövzəsində qlobal istiləşmə templəri dünyada orta göstəricini 20 faiz üstələyir. Cənubi və Şərqi Aralıq dənizi ölkələrində ÜDM hələ ki, Avropa sahilboyu ilə müqayisədə 3 dəfə azdır. Bu isə o deməkdir ki, region, yəqin, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində bütün 17 Məqsədə nail ola bilməyəcək.

Bununla belə, iqtisadçılar və ekoloqlar güman edirlər ki, hələ ümid var. Onlar ətraf mühitin təhlükəli tənəzzülünə səbəb olan və iqtisadi inkişafa maneə törədən amilləri daha fəal şəkildə aradan qaldırmağı təklif edirlər. Bundan başqa onlar region ölkələrinin hökumətlərinə bərpaolunmayan enerji mənbələrinə subsidiyaları ləğv etməyi, ekoloji layihələrə, həmçinin qlobal istiləşmənin fəsadlarına uyğunlaşdırılma strategiyasının inkişafına daha çox sərmayə yatırmağı tövsiyə edirlər. Daha bir təklif ekoloji normalara riayət olunmamasına görə cəzanın labüdlüyünə aid edilir