“”Aqroservis”in Aqşin adlı şöbə müdiri ayrılan vəsaiti talan edir”

93

“O, işçilərə deyib ki, hara şikayət etsəniz araşdırılması mənə tapşırılacaq, özünüzü yormayın”

Ucar Aqroservis” ASC-nin işçiləri – Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu və Qazyan kənd sakini Sadıqov Təyyar Həsənqulu oğlu tərəfindən “Hürriyyət” qəzetinin elektron ünvanına şikayət məktubu daxil olub. Ərizəni olduğu kimi diqqətinizə çatdırırıq.

“Aqroservis” ASC-nin Aqşin adlı şöbə müdiri vəzifə səlahiyyətlərindən sui-istifadə edib dövlətin ayırdığını talan etməklə məşğuldur. Buna görə biz min-bir əziyyətlə pul qazanan zəhmətkeş insanlar borc içində yaşamağa məhkum olmuşuq. Belə ki, biz Ucar “Aqroservis”dən 2014-cü il tarixdə lizinq yolu ilə kənd təsərrüfatı texnikası götürüb işlədirik və vaxtlı-vaxtında pulumuzu ödəyirdik. Hər il üçün taxıl biçimi mövsümündə gecə-gündüz işləyib pulu ödəmişik.

Qanuna əsasən lizinq yolu ilə götürdüyümüz texnikaların təmirini “Aqroservis” ASC həyata keçirməlidir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, “Aqroservis”in Aqşin adlı şöbə müdiri ayrılan vəsaiti təyinatı üzrə xərcləmədən şəxsi maraqlarına görə talan edir. Bu il texnikanın nasazlığına görə vətəndaşın taxılını biçən zaman məhsulun 743 kq yerə tökülərək zay olmuşdur. Mən bu barədə dərhal baş idarəyə məlumat vermişəm. Ucar rayonuna gələn “Aqroservis” ASC-nin əməkdaş Tariyel Babayev texnikalara baxış keçirib nasaz olmasına dair akt tərtib etdilər. Nasaz kombaynların təmirinin “Aqroservis” ASC tərəfindən həyata keçiriləcəyi bildirilsə də Aqşin adlı şöbə müdiri bunu mümkünsüz etdi. Məcbur olub öz hesabımıza kombaynlarımızı təmir etdirdik. Buna görə 1355 manat pul xərclədik. Bundan sonra müqavilədə nəzərdə tutulan illik ödənişin 1000 manatını ödəsək də qalan pulu ödəyə bilməmişik. Buna görə biz “Aqroservis”ə məlumat verib müqaviləni dayandırmağı xahiş etdik. Hətta Bakı şəhərinə “Aqroservis” idarəsinə qəbula getdik, idarə başqa ünvana köçdüyü ümün qəbula düşə bilmədik. Buna görə Aqşin müəllimə zənglər etsək də o, telefonlarımıza cavab vermədi. Çünki bu adam o dərəcədə harınlayıb ki, mexanizatorları saya salmır. “Aqroservis”in balansında olan texnikaların təmiri üçün ayrılan ehtiyat hissələri, sürgü yağlarını satıb talan edir. 7 ildir ki, texnikanı lizinq yolu ilə götürsək də bir dəfə də olsun bzim texnikalara ehtiyat hissələri və sürtgü yağları verilməyib. Bu adam açıq-aşkar talançılqla məşğul olsa da barəsində tədbir görən yoxdur. Aqşin müəllim şikayət edən işçilərə deyib ki, hara şikayət etsəniz araşdırılması mənə tapşırılacaq özünüzü yormayın.

Həmçinin Ucar “Aqroservis”də olan 3 ədəd pambıq yığan kombaynı bizə təmir etdirib başqa şəxslərin istifadəsinə verdilər. Hansı ki, həmin pambıq yığan kombayınları təmir etməmişdən əvvəl bizim istifadəmizə veriləcəyini bildirib. Təmirdən sonra həmin pambıq yığan kombayınlar maddi marağa görə başqa şəxslərə verildi. Bizim təmirə çəkdiyimiz zəhmət haqqımızı isə ödəmədilər.
Onu da qeyd edək ki, Ucar rayon “Aqroservis”ində olan taxıl yığan kombaynların hamısı “gprs” aparatını söndürüb, başqa rayonlara gedib orada işləsələr də biz Ucar rayonunun kəndlərində vətəndaşların taxılını yığmışıq. Mən Əhmədov Beyput Abbas oğlu qabaqcıl mexanizatoram, işimdə heç vaxt nöqsana yol verməmişəm.
“Aqroservis” ASC-nin  Aqşin adlı şöbə müdirinin qanunsuz əməlləri, talançılığı nəticəsində biz hazırda işsiz qalıb aclıq içində yaşamağa məhkum olmuşuq. Xahiş edirik, şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb “Aqroservis” ASC-nin Aqşin adlı şöbə müdirinin barəsində ciddi tədbirlər görəsiniz”.