Aqil Şahmuradov – 55

7

Tanınmış tarixçi alim, tırcüməçi referent, ADU-nin dosenti olan həmyerlimiz Aqil Şövkət oğlu Şahmuradov 1965-ci ilin 3 oktyabrında Quba rayonunun qədim Alpan kəndində dünyaya göz açıb. Aqil 1972/82-ci illər arası  Alpan kənd  orta məktəbində təhsil almış, 1983/85-ci illərdə  Rusiya Federasiyasının Arxangels vilayətində hərbi xidmətdə olmuşdur. O, 1988-ci ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetinə daxil olub, 1993-cü ildə həmin universiteti bitirərək mənbəşunas tarixçi, ispan dili üzrə  tərcüməçi ixtisaslarına yiyələnmişdir. A.Şahmuradov 1994/97-ci illərdə  Bakı Dövlət Universitetinin Aspiranturasında təhsilini davam etdirərək 2000-ci ildə “XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda rusların sahibkarlıq fəaliyyəti” mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi (fəlsəfə doktoru) dərəcəsi almışdır.

Aqil müəllim 1996-2008-ci illərdə  Bakı Avrasiya Universitetində (əvvəllər Ali Diplomatiya Kolleci, Bakı Diplomatiya Universiteti)  pedaqoji fəaliyyətə başlayaraq Universitetin Xarici  Əlaqələr Şöbəsinin müdiri, dekan müavini, dekan, kafedra müdiri, prorektor vəzifələrində çalışmışdır. O, XIX-XX əsr Azərbaycan tarixi və Slavyan ölkələri tarixinin müxtəlif aspektlərinə aid onlarla elmi məqalənin müəllifidir. O həm də Slavyan ölkələri tarixi üzrə təhsilin bakalavr və magistr pillələri üçün fənn proqramları, metodik göstəriş hazırlamışdır. Respublikada ilk dəfə 2005-ci ildə  nəşr olunmuş “Diplomatiya: ensiklopedik lüğət” kitabının  məsul katibi və müəlliflərindən biridir. Aqil Şahmuradov Bakı Avrasiya Unversitetinin təsis etdiyi, 2004/10-cu illərdə nəşr edilmiş “Dünyaya baxış” jurnalının məsul katibi olmuş, Respublika və Beynəlxalq səviyyəli konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Hal-hazırda  Azərbaycan Dillər Universiteti  Beynəlxalq Münasibətlər və Regionşünaslıq Fakültəsində  Regionşünaslıq kafedrasının dosentidir. Mərhum prof. Tofiq Vəliyevin və t.e.f.d, dosent A.Şahmuradovun həmmüəlliyi ilə yazılıb 2012-ci ildə nəşr edilən “Slavyan ölkələri tarixi” kitabı da uyğun universitetlərdə dərslik kimi istifadə edilməkdədir. O, “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” (Bakı, 2015. 136 səh) adlı, 3 dildə nəşr edilən çox gərəkli bir kitabın da müəllifidir.

Bir neçə ildir həm də doktorant olan Aqil Şahmuradovun bu kitabında ermənilərin mənşəyi, miqrasiya prosesləri nəticəsində onların Balkanlardan Anadolunun şərqinə gəlmələri, Rusiya imperiyasının yardımı ilə Cənubi Qafqazda məskunlaşmaları, yerli xalqların mədəniyyəti və tarixini mənimsəmək məqsədilə etdikləri saxtakarlıqlarla bağlı məsələlər öz əksini tapmışdır. Tarixçi Zabit Babayevin bu mövzunu dövrlərə bölərək araşdırıb nəşr etdirdiyi “Ermənilər və haylar. Erməni problemi” kitabına da geniş rəy yazan Aqil müəllimin son illərdə daha 2 kitabı – “Azərbaycanın Şərqi və Mərkəzi Avropa ölkələri ilə əlaqələri” (2017), “Argentina tarixi” (2020) adlı tədris vəsaitləri də nəşr edilmişdir. Tarixçi həmyerlimizi və dəyərli dostumuzu 55 yaşının tamam olması ilə bağlı təbrik edir, Allahdan ona can sağlığı və elmi, pedoqoji fəaliyətində uğurlar diləyirik.

Cabir AĞAOĞLU