APREL ŞƏHİDİNİN XANIMINDAN VİLAYƏT EYVAZOVA MÜRACİƏT – “7 ay əvvəl evimdən oğurluq olub, indiyədək nə qonşularla söhbət aparılıb, nə də ətrafdakı kameralara baxış keçirilib…”

1440

“Evimi soyan şəxs tapılmasa da, Pərviz adlı təhqiqatçı pul istəyir ki, “taksi sürücüsünü səhərədək döydük, qanı divarlara yayılıb, otağı təmir etmək lazımdır””

“…taksi sürücüsü xanımın övladları ilə birgə evdən çıxdığını bildiyi üçün, onları mənzil başına çatdırdıqdan sonra geri qayıdaraq, oğurluq hadisəsini həyata keçirib”

2016-cı ilin Aprel döyüşlərində şəhid olan tanınmış hərbçinin xanımı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Adının açıqlanmasını istəməyən xanım, qəzetimiz vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Şikayətçi bildirir ki, iyun ayında evindən oğurluq olsa da, polis indiyədək cinayətkarı axtarmaqda və kimliyini üzə çıxarmaqda ya maraqlı olmayıb, ya da qeyri-peşəkarlıq göstərib.

Şəhid xanımı yazır ki, oğurluq hadisəsi iyunun 12-də Sabunçu rayonu, Ramana qəsəbəsi (İkinci Ramana sahəsi) ev 2774, mənzil 129-da baş verib. Dediyinə görə, həmin gün saat 18:00-da evdən çıxaraq şəhərə gedib, 22-15-də geri döndükdə evinin soyulduğunu görüb:

“Evə qayıtdıqda həyətin qapısının içəridən bağlı olduğunu gördüm. Qapını keçib, həyətə daxil oldum. Bu zaman gördüm ki, evin pəncərələri də açıqdı. Dərhal qonşunu köməyə çağırdım. O, gəldikdən sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub, hadisə ilə bağlı məlumat verdim. Bir müddət sonra Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları gəldi. Onlarla birgə içəri daxil olduqda, evimin talan edildiyini gördüm.

Budan sonra polis bölməsinin işçiləri və ekspertləri gəlib əl izləri götürdü və məndən izahat aldılar. Yazılı şəkildə izahat verdim ki, evimdən təxminən 7-8 min manatlıq qızıl-zinət əşyaları, 700 ABŞ dolları və 500 AZN nəğd pul götürülüb”.

Şikayətçi deyir ki, oğurluq hadisəsinin üzərindən bir neçə ay keçsə də, Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşları cinayətkarın yaxalanması ilə bağlı heç bir araşdırma aparmayıblar. Belə ki, nə qonşularla söhbət olub, nə ətrafdakı kameralara baxış keçirilib. Hətta bəzi şübhəli şəxslərin adı zərərçəkən tərəfindən polis əməkdaşlarına verilsə də, onlardan da izahat alınmayıb.

Odur ki, şəhid xanımı sentyabr ayında 12-ci polis bölməsi ilə əlaqə saxlayaraq, onun işi ilə bağlı hər hansı yenilik olub-olmadığını soruşub. Bu zaman Pərviz adlı təhqiqatçı bildirib ki, oğrunun kimliyi müəyyən edilib, Lənkəran sakinidir, pandemiya ilə əlaqədar Bakıya gətirilməsi yubanır. O, hətta həmin şəxsin oğurluq hadisəsi baş verən ərəfədə şəhid xanımı yaşayan ərazidə usta kimi çalışdığını da deyib.

Şikayətçinin sözlərinə görə, telefon zəngindən bir neçə həftə sonra Pərviz adlı təhqiqatçı ona zəng vuraraq, oğrunu tapdıqları üçün “şirinlik” istəyib. Lakin ona dəyən zərər ödənilmədən və oğrunun kimliyi açıqlanmadan, təhqiqatçının ondan pul istəməsi şəhid xanımını şübhələndirib. Bu səbəbdən, həmin şəxsin usta kimi hansı evdə çalışdığını və adını-soyadını soruşub. Təhqiqatçı ona bildirib ki, “artıq biz öz işimizi bitirmişik, gerisinə baş idarə (Sabunçu Rayon Polis İdarəsi – red.) baxacaq”.

Təhqiqatçının bu sözlərindən sonra, şəhid xanımı Sabunçu Rayon Polis İdarəsi ilə əlaqə yaradıb. Maraqlıdır ki, Pərvizin dediyinin əksinə olaraq, polis idarəsinin Raqif adlı müstəntiqi məlum oğurluq hadisəsi ilə bağlı, hətta şübhəli şəxs qismində belə, heç kimin saxlanılmadığını deyib. Üstəlik, oğurluq hadisəsinin üstündən 7 ay keçməsinə baxmayaraq, müstəntiq zərərçəkənə məsləhət bilib ki, sahə müvəkkilinə müraciət etsin, oğurluq hadisəsini görən olub-olmadığını öyrənmək üçün qonuşlarla söhbət aparılsın və ətrafdakı kameralara baxış keçirilsin. “7 ay sonra deyil, hadisədən dərhal sonra qonşularla söhbət aparılmalı və kameralara baxış keçirilməli deyildimi”, – soruşduqda müstəntiq bildirib ki, bu sual cavab vermək onun səlahiyyətində deyil…

Maraqlıdır ki, oğurluq hadisəsinin üstü açılmadan və ona dəyən zərər ödənilmədən, Pərviz adlı müstəntiq şəhid xanımına zəng vurub “şirinlik” istəyib. Baxmayaraq ki, o, məhz bu iş üçün dövlətdən əmək haqqı alır və vəzifəsi də cinayətkarın kimliyini üzə çıxarmaqdır.

Üstəlik, təhqiqatçı ilə danışıq zamanı xanıma o da aydın olub ki, 12-ci polis bölməsi əməkdaşlarının saxladığı şəxs hadisə baş verən gün onun sifarişi ilə evə gələrək, onları şəhərə aparan taksi sürücüsü olub. Deməli, polis əməkdaşları belə qənaətə gəlib ki, “taksi sürücüsü xanımın övladları ilə birgə evdən çıxdığını bildiyi üçün, onları mənzil başına çatdırdıqdan sonra geri qayıdaraq, oğurluq hadisəsini həyata keçirib”. Güman olunur ki, bu səbəbdən həmin taksi sürücüsünü taparaq, polis bölməsinə gətiriblər və orada səhərədək döyərək, oğurluq hadisəsini boynuna qoyublar. Ən dəhşətlisi isə odur ki, Pərviz adlı təhqiqatçı şəhid xanımından da pulu məhz o məqsədlə istəyib ki, “taksi sürücüsünü səhərədək döydük, qanı divarlara yayılıb, otağı təmir etmək lazımdır”.

Sonda bütün baş verənlərlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şəhid xanımı bildirir:

“Cənab Nazir!

Son 7 ay ərzində istər Sabunçu Rayon 12-ci Polis Bölməsi, istər də Sabunçu Rayon Polis İdarəsi mənə məxsus vəsaitin və zinət əşyalarının tapılmasında, cinayətkarın ortaya çıxarılmasında qeyri-peşəkarlıq nümayiş etdirib. Əks halda, bu müddət ərzində ən azı gəlib qonşularla maraqlanar, heç olmasa onlara adını söylədiyimiz şübhəli şəxsi sorğuya çəkərdilər.

Bu səbəbdən, Sizdən bir şəhid xanımı olaraq, çox xahiş edirəm ki, evimin soyulmasında əli olan cinayətkarın tapılması və mənə dəyən maddi zərərin qaytarılması üçün bu işi şəxsi nəzarətinizə götürəsiniz. Sizdən onu da xahiş edirəm ki, bu işin araşdırılmasını Sabunçu rayonunun qeyri-peşəkar polis əməkdaşlarına deyil, başqa rayonlardan birinə həvalə edəsiniz.

Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edəcək. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.