“Aprel döyüşləri”ndən Polad Həşimovun öldürülməsinə qədər…

1530

Nəcməddin Sadıkovun anti-milli əməllərinin, xəyanətlərinin xronoloji ardıcıllığı

“Tərtər işi” kimi qeyd edilən dəətli hadisənin olması kimin marağına xidmət edirdi?

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevin olduğu yerin koordinatlarını düşmənə sızdıran kim idi?

2017-ci ildə Azərbaycan Ordusunda aşkar edilmiş “casus şəbəkəsi” ilə bağlı məlumatlar ölkə gündəmində böyük rezonansa səbəb oldu. Bu olayların üstündən 4 ildən artıq vaxt keçsə də, hələ də bu şəbəkənin fəaliyyəti ilə bağlı faktlar üzə çıxarılmır.  Buna baxmayaraq, “dövlətə xəyanət” ittihamı ilə həbs olunan, işgəncə ilə öldürülən, ölümündən sonra bəraət alan hərbçilərin yaşadıqları acı tale Tərtər hadisələrinin heç də sonadək ört-basdır edilməyəcəyini deməyə əsas verir.

Hüquq müdafiəçilərinin “Tərtər İşi” kimi qeyd etdikləri olaylar 9 nəfər hərbçinin işgəncə verilməklə qəsdən sağlamlıqlarına ağır xəsarət yetirməklə ölümlərinə səbəb olma, Dövlət Təhlükəsizlik Xidməti və Hərbi Prokurorluq tərəfindən 27 nəfər əsgər və zabitin dövlətə xəyanət və digər maddələrlə həbsə alınması, 4 nəfər mülki şəxsin Daxili İşlər Nazirliyi tərəfindən saxlanılması və sonradan dövlətə xəyanət maddəsi olmadan, digər ittihamlarla həbs olunması, işgəncə verməklə 9 nəfər hərbiçinin ölümünə səbəb olmuş, həmin əməllərə görə təqsirli bilinərək 18 nəfər hərbi qulluqçuların azadlıqdan məhrum edilməsi və işgəncələr altında öldürülən şəxslərdən 3 nəfərin ölümünə görə, digər 5 nəfərin isə barəsində olan cinayət işlərinə bəraətverici əsaslarla xitam verilməsindən ibarətdir.

Ümumilikdə isə, Tərtər hadisələrinin 2016-cı ilin aprel döyüşlərində baş verən uğursuzluqlardan qaynaqlandığını deyə bilərik. Hansı ki, günahsız hərbçilər şərlənərək və böhtana məruz qalaraq öldürülüb, çox sayda hərbçi isə işəgəncələrə məruz qalıb. Eyni zamanda, sözügedən hərbçilərdən bəziləri hələ də həbsxana divarları arasında çürüyür.

İşgəncəyə məruz qalmış hərbçilər bu şoku yaşamaqda davam edir. Mediada yer alan xəbərlərdən məlum olur ki, hazırda həbsdə yatan hərbçilər bu hadisənin şokundan sonra canlarına belə qəsd ediblər.

Qeyri-rəsmi mənbələrə görə, 100-dən artıq şəxs işgəncəyə məruz qalıb. Bu şəxslər günlərlə aldıqları işgəncələr səbəbindən, hazırda orduda işləyə bilmirlər. Baxmayaraq ki, onlar ömürlərini orduya həsr etmiş insanlar olub.

Ona da əminik ki, bu hadisələrin baş verməsiylə bütövlükdə orduya zərbə vuruldu. Belə ki, bu dəhşətli olayı törədənlər bununla Azərbaycan xalqınını Milli Orduya olan inamını sındırmış oldu. Eyni zamanda, hərbçilərin özünə olan inam hissini tamamilə qırdılar.

Burda müxtəlif qanun pozuntularına rast gələ bilərik. İnsanların oğurlanaraq saxlanılması, daha sonra onların işgəncələrə məruz qalması və eyni zamanda şəxsiyyətlərinin alçaldılması kimi faktlar yetərincədir. Bəzi faktları oxuduqca məlum olur ki, saxlanılan şəxslərin qandallanma və öldürülmə səbəbləri hələ də məlum deyil. Ən çox düşündürən sual isə budur ki, saxlanılan hərbçilər məhkəmə qarşısına çıxarılmadan niyə öldürülüblər?…

Yuxarıda qeyd etdiyimiz kimi, hadisənin üzərindən illər keçməsinə baxmayaraq, hələ də bir çox sualların cavabsız qalması onu göstərir ki, bu dəhşətlərin arxasında maraqlı qüvvələr olub. Ən dəhşətlisi isə odur ki, bu hadisələri törətməkdə ittiham olunan bəzi şəxslər daha da önə çəkildi, rütbələri artırıldı.

Bu olayların arxasında hansı qüvvələrin durmasından asılı olmayaraq, deyə bilərik ki, “Aprel döyüşləri”ndə iştirak edən və yüksək qəhrəmanlıq göstərən şəxslər daha çox işgəncəyə məruz qalıb və öldürülüb. Hansı ki, onların bir çoxu Ali Baş Komandan və müdafiə naziri Zakir Həsənov tərəfindən şəxsən təltif edilmişdi.

Onu da qeyd edək ki, artıq istintaq sənədlərində öldürülən şəxslərin günahsız olduğu təsdiqlənib. Ekspertiza rəylərindən də məlum olur ki, bu hərbçilər ağılagəlməz işgəncələrə məruz qalıb. İşgəncələrə məruz qalan və həbs edilən Emil Əliyevin atası Əbdülnasir Əliyev bildirib ki, oğlu 2011-ci il aprel ayının 1-də ordudan tərxis olunsa da, istintaq sənədində onun “may ayında düşmən tərəfə keçdiyi” göstərilir.

Bu fakt bir daha onu göstərir ki, günahsız hərbçilərin həbs olunmasının arxasında yüksək rütbəli məmurlar durub. Məhkəmə proseslərinin təşkil olunmasından da aydın olur ki, bu hadisələr əvvəlcədən düşünülmüş ssesnarilər əsasında qurulub.  Əbdülnasir Əliyevin  dediyi faktlardan məlum olub ki, hərbçilər birinci növbədə suda boğulub, ayaqlarından lüt formada asılıb, cinsiyyət orqanlarından və dillərindən elektrik cərəyanına qoşulublar, təcavüzə məruz qalıblar, dəmir vasitəsilə döyülüblər, nazik dəmir vasitələri qabırğalarına daxil edilib və s. bilinməyən işgəncələrə məruz qalıb.

İşgəncələrlə öldürülmüş hərbçi Elçin Quliyevin anası Validə Əhmədova isə bildirib ki, oğlu “Aprel döyüşləri” zamanı hərbçilərə yemək daşıyan maşını idarə edib.  O bildirib ki, döyüşlər zamanı Tərtərdə olan uğursuzluqları ört-basdır etmək üçün hərbçilər “vətən xaini” damğası ilə həbs olunaraq işgəncələrə məruz qalıb və öldürülüblər.

Bəs, bu “xəyanət”in altında nələr var?

Unutmaq olmaz ki, Milli Ordunun içərisində də Azərbaycanın daha çox Rusiyaya yönəlik siyasət yürütməsini dəstəkləyən xüsusi siyasi cərəyan, mərkəz və şəbəkələr var. Məsələn, hamıya məlumdur ki, 44 günlük Vətən müharibəsində ortalıqda görünməyən Nəcməddin Sadıkov Rusiyanın burdakı təmsilçisi, daha açıq desək, agenti olub. Hansı ki, Nəcməddin Sadıkovun qardaşının Ermənistanda qoşun başçısı olduğu deyilir, özü isə Azərbaycanda Baş Qərargah rəisi idi. Odur ki, “Aprel döyüşləri”ndə baş verən “uğursuzluqların” və bunu ört-basdır etmək üçün Tərtərdə xidmət edən hərbçilərə “vətən xaini” damğasının vurulmasının hardan qaynaqlandığı sirr deyil. O da iddia olunur ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov “Tərtər hadisələri”ndə hərbçilərin həbs edilməsinə və işgəncələrlə öldürülməsinə birbaşa başçılıq edib. Dayısı Nəcməddin Sadıkovdan birbaşa göstərişi alan Ramil Əsgərov, 2020-ci il 25 iyununda “mükafat” olaraq, prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsi ilə təltif olunub. Lakin 44 günlük Vətən müharibəsi zamanı dayısının müəammalı şəkildə yoxluğundan sonra, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olundu.

Təsadüfü deyil ki, bir vaxtlar mediada yayılmış Azərbaycan Müdafiə Nazirliyinin Baş qərərgah rəisinin erməni generalla yanaşı “çəkdirdiyi” səmimi şəkillər ictimaiyyətdə müəmmalar oyatmışdı.  Sözügedən fotoya baxdıqda, bir sıra suallar ortaya çıxır. Məsələn, “Aprel döyüşləri” zamanı düşmənə koordinatları verən kim idi?

Bəs, 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər gedən zaman Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevin olduğu yerin koordinatlarını düşmənə sızdıran kim idi?

Bəllidir ki, general Polad Həşimovun həlak olması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. General-leytenant Yaşar Aydəmirov da bildirib ki, erməni ordusu general Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi. Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı.

Zərbə dəqiq olduğundan, düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib.

Bütün olanlara baxmayaraq, Müdafiə Nazirliyi tərəfindən daim hərəkətdə olan generalın olduğu yerin koordinatlarının necə verilməsi barədə heç bir rəsmi açıqlama yayılmayıb.

Son hadisələrə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov hərbi parad zamanı iştirakçılar arasında gözə dəymədi. Şübhəsiz, onun paradda olacağı gözlənilən də deyildi. Çünki “yoxa çıxan” Baş Qərargah rəisinin xeyli zamandır ətrafında müxtəlif söhbətlər dolaşır. Üstəlik, Baş Qərargah rəsinin adı və fotosu Müdafiə Nazirliyinin rəsmi saytından da çıxarılıb.

Yeri gəlmişkən, Baş Qərargah rəisi Nəcməddin Sadıkovla yanaşı, korpus komandiri Rövşən Əkbərov da ordudan kənarlaşdırılan rütbəlilər siyahısındadır.

Görünür, Nəcməddin Sadıkov hər zaman olduğu kimi, İkinci Qarabağ savaşında da Azərbaycan dövlətinin yox, xidmət etdiyi Rusiyanın və düşmən Ermənistanın maraqlarına xidmət edib. Əks halda, bu cür biabırçı bir şəkildə işdən qovulmaq və böyük ehtimalla, həbs olunmazdı.

Beləliklə, 2016-cı ilin “Aprel döyüşləri”, 2017-ci ildə baş verən Tərtər hadisələri zamanı Azərbaycan ordusunun yüksək rütbəli hərbçilərinin öldürülməsi, orduda baş verən korrupsiya halları birbaşa Nəcməddin Sadıkovun adı ilə bağlıdır. Əlbəttə, biz “Hürriyyət” olaraq bütün bunlar haqda illər ğncədən yazırdıq. Lakin çox təəssüf ki, zamanında bizim yazdıqlarımıza yetərli reakskya verilmədi. Əks halda, bəlkə də nə “Aprel döyüşləri”ndə xəyanətlə üzləşməz, nə Tərtər hadisələri olmaz, nə də İkinci Qarabağ savaşında bu qədər itki verməzdik.

YƏHYA

P.S. Onu da unutmayaq ki, Nəcməddin Sadıkov “cəhənnəmə getsə”, bacısı oğlu işdən qovulsa da, onun illərdir Milli Orduda qurduğu çete hələ də iş başındadır…