Aprel döyüşlərində qəhərmanlıq göstərdi, İkinci Qarabağ savaşında şəhid oldu

288

Elvin Məmmədovun doğmaları şəhidin ömür yolu haqqında danışdılar…

Vətən Savaşında milli həmrəyliyimiz, xalq-dövlət birliyi daha da möhkəmləndi. Yüzlərlə halal süd əmən, yüksək ailə tərbiyəsi görən şəhid və qazilərin qanı hesabına şanlı Ordumuz azğın düşmən üzərində bu Vətən müharibəsində tarixi zəfər qələbəsi əldə etdi. Rəşadətli əsgər və zabitlərimizin şücaəti, döyüş əməliyyatlarını yüksək peşəkarlıqla hazırlaması və həyata keçirilməsi sayəsində bu qələbə ilə bütün dünyaya səs saldıq.

…Bu Vətən Savaşında ölməzliyə qovuşan Elvin Məmmədov cəmi 28 il ömür sürdü, amma çox mənalı ömür sürdü, gəncliyə örnək olası ömür… Hətta uşaqlıqdan, məktəb illərindən çox çətinliklərlə üzləşib. O, heç vaxt istəməyib ki, valideynlərinə, qardaşlarına, qohum-əqrəbaya, dostlarına əziyyət versin… Nə qədər çətin olsa da öz zəhməti ilə nəyəsə nail olurdu Elvin…

Elvin Məmmədov 1992-ci il oktyabr ayının 3-də Zaqatala şəhərində sadə, zəhmətsevər bir ailədə dünyaya göz açmışdır. Məmmədovlar ailəsinin son beşiyi, yəni 3 qardaşın sonuncusu idi Elvin. Buna görə də uçaqlıqdan hamı Elvinin xətrini çox istəyirdilər. Ailəsində olarkən məlum oldu ki, anası Tahirə xanım uzun illərdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında çalışır və kollektivdə böyük hörməti var. Atası Mahmud isə 2019-cu ilin dekabr ayının 15-də ağır xəstəlikdən dünyasını dəyişib. Mərhum zəhmətkeş insan və təcrübəli maşın ustası olub.

Elvin Zaqatala şəhər, Şıxəli Qurbanov adına 3 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Uşaqlıqdan arzusu ali təhsilli bank işçisi olmaq idi. Böyük qardqaşı ali təhsilli hüquqşünasdır və 2 övlad atasıdır. Nizami Məmmədov söhbət zamanı bildirdi ki, şəhid qardaşı son beşik olmasına baxmayaraq, ərkəsöyün olmayıb, tərbiyəli, ağıllı, dərrakəli, səliqəli və xoş rəftar idi. Həmişə dərslərinə ciddi hazırlaşar, valideynlərinin, qardaşlarının sözündən çıxmaz, ev işlərində kömək edərdi, səliqəli geyinər və dərs məşğələlərinə gecikməzdi. Qardaşı söyləyir ki, “təhsil aldığı 3 saylı tam orta məktəbin müəllimləri onun dərs davamiyyətindən, dərs məşğələlərindən, tədbirlərdə fəal iştirak etməsindən, davranışından həmişə razılıqla danışardılar. Məktəbdə onun çoxlu dostları vardı, xoş, mülayim xasiyyətili, sözü bütöv olduğuna görə oğlanlar da, qızlar da Elvinin xətrini çox istəyirdilər. Texniki fənlərə daha çox meyilli olsa da, vətənpərvərlik tarixi, hərbi mövzulardan, məktəbdə keçirilən dikusiyalardan, tədbirlərdən və yarışlardan, müsabiqələrdən kənarda qalmazdı Elvin” – deyir, şəhidin böyük qardaşı Nizami.

Öyrəndik ki, Elvin Məmmədov hələ məktəb illərində ölkəmizin hərb tarixi, sərhədlərimiz, Milli qəhrəmanlarımız, Qarabağ məsələsinin necə yaranması, torpaqlarımızın necə işğal olunması ilə bağlı bilgilər toplayırmış. Tez-tez dostları ilə Zaqatalanın tarixi yerləri və tarixi faktlarla maraqlanarmış. Rus imperiyasının işğalçılıq siyasəti nəticəsində erməni daşnaklarının bütöv Azərbaycanın ərazisində yerləşdirməsini, hiyləgər düşmənin məkirli siyasəti ilə torpaqlarımızı havadarlarının köməkliyi ilə necə zəbt olunmasını daima öyrənirdi. Çünki o, dünyaya gələndə artıq düşmənlərimiz bizə qarşı çirkin niyyətlərini həyata keçirirdi…

Əlbəttə ki, onun uşaq yaddaşı, eşitdikləri, görüdkləri bunları götür-qoy edirdi. Dərin düşüncəyə malik olan qəhrəman el oğlumuz bütün bunlara biganə yanaşa bilməzdi. Sözün düzü, əslində analar öz oğullarını – övladlarını daha yaxşı, daha yaxından tanıyırlar. Axı övlad üçün ən çox əziyyət çəkənlər, onların dərdlərinə şərik olanlar valideynlərdir.

“…Ana üçün bütün övladlar əzizdir, baldan şirindir. Şükürlər olsun ki, üç oğlumun üçü də çox ağıllı, çox kamallı, hər bir vəziyyəti dərhal anlayandır, zəhmətsevər, halallıqla böyüyəndirlər, zəhmətkeş və vətənpərvərdirlər. Elvinimin aləmizdə öz yeri var idi. Arzusuna, niyyətinə çatmaq üçün əziyyətlərə qatlanardı, biz valideynlərə əziyyət verməzdi. Onun hər bir hərəkəti, dostnan-dost kimi, qardaşnan-qardaş kimi, böyüknən-böyük kimi, kiçiknən kiçik kimi deavranardı Elvin balam” – deyə, Tahirə xanım söhbətimizə qoşuldu…

Tahirə xanım daha sonra əlavə etdi: “Mənim balam bir yox, iki müharibənin iştirakçısıdır. Duyğulu, arzuları çox idi, Elvinimin. Atası ailəni dolandırmaq üçün Rusiya Federasiyasına gedəndə çox narahatlıq keçirmişdi Elvin. Demişdi ki, “əzizim ata, niyə qərib ölkəyə gedirsən, biz ölməmişik ki, işləyəcəyik, qazanc əldə edəcəyik. Mən də, qardaşlarım da artıq böyümüşük, sən uzaqlara getmə”.

Ali təhsil almaq, bir işin qulpundan yapışmaq, ailəyə qazanc gətirmək və ailə qurmaq onun ən böyük arzusu idi. Milli Ordu sıralarına, həqiqi hərbi xidmətə gedəndə həvəslə, ürəklə, çəkinmədən getmişdi. Ona hərbi mündir də yaraşardı. Goranboy-Tərtər kimi cəbhənin ən qaynar ön hissələrində xidmət edirdi. Hərbi sirləri, döyüş texnikasını peşəkarlıqla öyrənmişdi. 2016-cı ilin 18 aprel döyüşlərində iştirak etmiş, bir hərbiçi kimi əsil şüücaət göstərmiş və özünü doğrultmuşdur. Elvin sanki bu döyüşlərdə bir sınaq məktəbini keçmişdi və Vətən Müharibəsində iştirak etməyə təminat yaratmışdı. Aprel döyüşlərində o, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhf etmişdi. Xidmət etdiyi N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Əflatun Nurəliyev döyüş və ictimai-siyasi hazırlıqdqa əldə etdiyi nailiyyətə görə Elvini Fəxri Fərmanla təltif etmiş, bizin adımıza onun imzası və möhürü ilə təsdiqlənən Təşəkkür məktubu göndərmişdir. Bəli, cəsur Elvin balamız əlaçı əsgər kimi Vətənimizə xidmət etmişdi…

Amma o, çox yaxşı başa düşürdü ki, başlar tam əzilməmiş, mənfur düşmən nə vaxtsa yenə də məkrli niyyətini həyata keçirəcək… O, həmişə bunlardan narahat idi. Mən nə biləydim ki, müharibə başlayacaq, oğlum Elvin azğın düşmənlə döyüşəcək və… ana ürəyinə sağalmaz dağ çəkəcək… 2019 –cu ilin dekabr ayının 19 –da həyat yoldaşımı itirdik, 2020 –ci ilin oktybar ayının 15 –i isə kişi qeyrətli, kişi namusli, nəslimizin fəxri olan, son beşiyimizi – Vətən yolunda fəda verdik… Ömürlərinin şirin çağlarında, öz körpə balalarını doyunca əzizləməyən, oğullar itirən analar necə təsəlli tapsınlar, qiymətsiz oğulların yoxluğuna necə alışsınlar…”

Şəhid igidimizin qardaşları Nizami və İlqar söyləyirlər ki, Elvin hələ ermənilərin Tovuz rayonundakı təxribatından sonra demişdi ki, əgər müharibə başlasa könüllü cəbhəyə gedəcəkdir. Sentyabr ayının 21-də Elvin Məmmədov hərbi təlimlərdə iştirak etmək üçün hərbiyə çağırıldı. Qardaşalrı onda anladılar ki, müharibə qaçılmazdır. Onlar Elvini saxlatdırıb, özləri könüllü hərbi təlimlərə qatılmaq istəyiblər. Lakin, o, buna razılıq verməyib.

Bu müharibədə təcrübəli, qorxmaz və cəsur döyüşçü olmuş Elvin Məmmədov 11 illik ülvi, möhkəm məhəbbətini və sevgisini də Vətən yolunda, bütövlüyümüz, azadlığımız uğrunda əbədiyyətə yazdı. Əsil, namuslu – qeyrətli oğul kimi qəhrəmanlıq dastanı ilə yanaşı unudulmaz sevgi dastanını yaratdı – sevən gənclərə nümunə olacaq… Bu gün isə ondan əmanət qaldığı, ürəkdən sevdiyi həyat yoldaşı Xəyalə xanım və bir də ki, hələ 10 aylıq olan şəhidimizin doyunca əzizləmədiyi, yetərincə gəzdirmədiyi, şirin-şəkər qızı Ahunurdur. Hələ də Elvinin yoxluğuna inanmayan, Vətən fədaisinin həyat yoldaşı ilə görüşüb, söhbət etmək mənim üçün çox çətin  idi… Çünki gənc yaşlarında az müddət bir yerdə yaşadığı ailə başçısını itirən qadının hansı hisslər keçirdiyi məlum idi. Onu qarşıda enişli, yoxuşlu yollar gözləyirdi… körpə qızının məsuliyyəti, qayğıları və s…

Xəyalənin dedikləri: “Bəlkə də səhf edərəm, müasir dövrdə Elvin kimi həyatın hər bir incəliklərini dərk edən, mətin iradəli, müsbət keyfiyyətlərə malik, qarşılıqlı hörmət saxlayan, niyyətini həyata keçirmək üçün, ancaq halallıqla, zəhməti ilə nail olan şəxslər nadir hallarda olur. Çünki, mən onu 2009 –cu ildən tanıyırdım. Öncə etibarlı, sözü bütöv insan olduğunu bilirdim. Biz bir-birimizə çox bağlı idik. Axı, on bir illik sevgi və məhəbbətimiz bizi hər bir sınaqdan çxıarmışdı. Elvin Gürcüstan Respublikasında İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirmişdi. Amma doğma Vətənində iş tapmamışdı, Ordu sıralarında ləyaqətlə xidmət etmişdi. Ağır 16 aprel 2016 –cı il döyüşlərində mərdliklə iştirak etmişdi. Mən onun cəsurluğu ilə qürur duyurdum. Həmin döyüşlərdə hərbi peşəkarlığını artırmışdı. Hərbi xidməti başa vurduqdan sonra Elvin yenə də ixtisası üzrə iş axtarıb, lakin iş tapa bilmədiyindən Türkiyə Respublikasına işləməyə gedib. O, həmişə deyirdi ki, bir iş tapmamış ailə həyatı qurmayacaqdır. Çoxlu çətinliklərdən sonra, nəhayət dərman şirkətlərinin birinə imtahanı uğurla verdikdən sonra işə qəbul olundu. O, böyük arzularla yaşayırdı. Ən böyük arzusu isə ailə qurub, yaxşı ev şəraiti yaratmaq və xoşbəxt yaşamaq idi… 2019 –cu ilin mart ayının 20 –də biz ailə həyatı qurduq. Yaşadıqları evdə darısqallıq olduğuna görə biz kirayədə yaşamalı olduq. Buna baxmayaraq, Elvinlə çox mehriban yaşayırdıq. Bir tikəmizi ortadan bölürdük. Övladımız, qızımız Ahunur dünyaya gələndə Elvinin sevincinin həddi-hüdudu yox idi… O, həmişə nikbin olsa da narahat görünürdü… Övladını, mənimlə bərabər dünyalar qədər istəyirdi… Nəhayət…

21 sentyabr 2020 –ci il gəldi. Elvin hərbi təlimlər adı ilə cəbhə bölgəsinə, Tərtər rayonuna getdi. Hərbiyə gedəndə mənə demişdi ki, nigaran qalma, narahat olma, hər şey yaxşı olacaq, biz tezliklə görüşəcəyik… Sentyabr ayının 27 –də azğın düşmənlə müharibəyə başlayanda isə hər şeyi anladım… Elvinin hərbi təlimlərdən sonra döyüşlərə getdiyini bildim. O, cəbhənin ən qaynar  nöqtəsində olsa da, telefonnan danışardı. Sizin özünüzdən və balamdan muğayat ol, məndən nigaran qalmayın – deyirdi. Amma Eıvin bizə müharibədən heç nə danışmırdı. Əsil hərbiçi tək hərbi andına sadiq qalaraq cəbhədə nələr baş verdiyindən bizi məlumatlandırmazdı, narahat olmayaq deyə… Sonradan eşitdim ki, Elvin sərrast atıcı kimi Tərtər-Goranboy-Ağdam-Ağdərə istiqamətlərində gedən döyüşlərdə əsil vətənpərvər kimi döyüşüb. Çoxlu mövqelərimizin, dağ yüksəkliklərimizin mənfur düşməndən azad olunmasında fədakarlıq göstərib. O mənimlə sonuncu dəfə oktyabr ayının 15 –də günorta saat 13-14 radələrində telefonla danışdı. Dedi ki, özünə və qızına yaxşı bax… Danışığında nəsə təlaş hiss etdim, çox nigaran qaldım”.

Qəhrəmanımızın həyat yoldaşı deyir ki, “Elvin elə həmin gün Ağdərənin azad edilməsi uğrunda erməni mənfurları ilə gedən qızğın döyüşlərdə ağır yaralanaraq, Vətənimizin xilaskar, mərd oğlu kimi qəhrəmancasına həlak olub”.

Məlumatlara görə Elvin Məmmədovun şəhid olduğu döyüşdə, düşmən güclü müqavimət göstərsə də hərbiçilərimiz dığaları susdurub, çoxlu sayda canlı qüvvəsini və texnikasını sıradan çıxardaraq, düçmənlərə sarsıdıcı zərbələr vurublar.

Xəyalə xanım söhbətinin davamında söylədi: “Elvinin  həlak olması xəbərini 16 oktyabr 2020 –ci il tarixdə saat 10:30 –da aldıq… Elə bil dünya başımda fırlandı, anamgildə idim, qışqıraraq dedim – Axı niyə belə etdin, Elvin?… Sən mənə demişdin ki, hər şey yaxşı olacaq, tezliklə dönəcəyəm… Bəs gələcəkdə Ahunur səni soruşanda nə cavab verim – ay Elvin?”

Qeyd edək ki, Elvin həm də cüdo üzrə idman ustası və dəfələrlə yarış və turnirlərin qalibi olmuşdur. Onun adı şəhid idmançı kimi Cüdo Federasiyasının Şərəf kitabına yazılıb.

…Deyirlər “Vətən ürəkdə şəhidlə bitər…” Ürəyində daima Vətən sevgisi gəzdirən, 2016 –cı ildən bəri Goranboy rayonunun Ağcakənd kəndindən başlanan və Yaşmada xüsusi təlimlərdən keçən hərbi yolu – Bu Vətən müharibəsində şəhid kimi başa vurdu – igidimiz Elvin…

Ruhun şad olsun, Allah sənin əzizlərinə həsrətlə yolunu gözləyən Xəyalə xanıma – Ahunur balana Allah səbr versin – zaqatalanın fədakar oğlu.

Prezidentin Sərəncamı ilə cəsur eloğlumuz Elvin Məmmədov ölümündən sonra “Vətən Uğrunda” Medalı ilə təltif edilib.

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü