“Aprel ayının sonuna kimi Rusiyada ciddi dəyişiklik baş verə bilər”

369

Xaqani Cəfərli: “Putindən sonra anarxiyanın yaranma ehtimalını artıran əsas səbəblərdən biri də Rusiyada vahid siyasi millətin formalaşmamasıdır”

Koronavirus təhlükəsinin azalması və avtoritar liderin səhnədən getməsindən sonra azadlıq həsrətində olan yoxsul cəmiyyətdə partlayış baş verəcəyi qaçılmazdır”

Artıq bir müddətdir ki, dünyanın ən nüfuzlu media qurumlarında Rusiya prezidenti Vladimir Putinin ağır xəstəliyə düçar olduğuna dair məlumatlar yayımlanmaqdadır. Məsələn, Böyük Britaniyanın “The Sun” nəşri iddia edir ki, Putin səhhətində yaranan problemlə əlaqədar bu ilin əvvəlində vəzifəzini tərk edəcək. Təxminən, eyni mövqedən çıxış edən “Daily Mail” informasiya portalı isə Moskvadakı bəzi qaynaqlara istinadla bildirir ki, Rusiya prezidenti parkinson xəstəliyinə tutulub və bu səbəbdən də 2021-ci ilin yanvarında postundan kənara çəkiləcək.

Almaniyanın “Frankfurter Rundschau” nəşrində dərc olunan və jurnalist Ştefan Şolun müəllifi olduğu məqalədə isə deyilir ki, Kremllə sıx əlaqəsi olan tarixçi Valeri Soloveyin sözlərinə görə, Putin çox güclü dərmanlar qəbul etdiyi üçün istefaya getməli olacaq: “Solovey bildirib ki, Putinin qızı da daxil olmaqla rusiyalı alimlər dövlət başçısını müalicə etməyə çalışır, onlar xərçəng xəstəliyinin dərmanı üzərində qızğın iş aparırlar. Az sonra – noyabrda Solovey Putinin parkinson xəstəliyindən əziyyət çəkdiyini və ailəsinin təkidi ilə 2021-ci ilin yanvarında təqaüdə çıxacağını iddia edib”.

“Almaniya mətbuatı da hesab edir ki, Putində parkinson xəstəliyinin olması haqqında məlumatlarda həqiqət payı çoxdur”

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Putinin səhhəti ilə bağlı məlumatlar 2003-cü ildən bəri zaman-zaman mediada yer alıb: “Bir neçə aydır ki, Qərb mediasında və düşüncə mərkəzlərində, eləcə də Rusiyanın ictimai-siyasi dairələrində Vladimir Putinin səhhəti ilə bağlı 2021-ci ildə hakimiyyətdən gedə biləcəyi haqqında məlimatlar yayılır, müzakirələr aparılır. Rusiya prezidentinin səhhəti ilə bağlı məlumatlar ötən ilin noyabrından başlayaraq, daha mütamadi şəkildə yayılmağa başladı. Ötən ilin noyabrında “Daily Mail”, “New York Post”, “Mirror” və “The Sun” kimi mətbu orqanlarda Vladimir Putinin xəstə olması, ailə üzvlərinin onu hakimiyyətdən əl çəkməyə inandırmağa çalışmaları haqqında məlumatlar yayıldı. Nüfuzlu media orqanlarının iddiasına görə, Putin parkinson xəstəliyindən əziyyət çəkir. Almaniya mətbuatı da hesab edir ki, Putində parkinson xəstəliyinin olması haqqında məlumatlarda həqiqət payı çoxdur. Bu məlumatlar yayıldıqdan dərhal sonra Krem rəsmiləri tez-tələsik Putinin xəstə olması haqqında məlumatı qəti şəkildə təkzib edərək, prezidentin tam sağlam olduğunu bəyan etdilər. Lakin Kreml rəsmilərinin bu cənfəşanlığı 68 yaşlı prezidentin səhhətinin yaxşı olduğuna inam yaratmadı. Ümumiyyətlə, Putinin səhhəti ilə bağlı məlumatlar 2003-cü ildən zaman-zaman mediada yer alıb. Hələ 2003-cü ildə Putinin ayaqlarında ekzema dəri xəstəliyi olması ilə bağlı məlumat yayıldı. Bu məlumat ətrafında bir müddət müzakirə getsə də, Putinin səhhəti ilə bağlı müzakirələr çox incə şəkildə mediadan yığışdırıldı. Rusiya prezidentinin səhhəti ilə bağlı mövzu gündəmə bir də 2012-ci ildə gəldi”.

Rusiya prezidentinin auditoriya və ekran qarşısına çıxmaq üçün güclü ağrıkəsicidən istifadə etdiyi deyilir

Politoloq bildirib ki, Putinin bel ağrısından əziyyət çəkməsi ilə bağlı bir neçə hal da medianın gözündən yayınmayıb: “Hətta bir dəfə oturduğu stuldan ayağa qalxmağa çətinlik çəkən Putinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yardım etməsi kameralar tərəfindən qeydə alınmışdı. Putinin bu halı belində hansısa problemlər olması ilə bağlı iddiaların ortaya çıxmasına səbəb oldu. ABŞ-da nəşr olunan “The Week” dərgisi isə 2014-cü ilin ilk ayında dərc etdiyi bir məqalədə Putinin bel xərçəngindən əziyyət çəkməsi ilə bağlı məlumat yayıldı. Bu məlumatın yayılmasından bir neçə ay sonra isə “New York Post” qəzetinin əlavəsi hesab olunan “Page Six” nəşrində Putində mədəaltı vəzin xərçəngi xəstəliyinin olması ilə bağlı məlumat yayıldı. Bu məlumatın yayılmasından bir neçə ay sonra, 2015-ci ilin fevralında “USA Today” qəzetində Putinin asperger sindromundan əziyyət çəkməsi ilə bağlı məqalə dərc edildi. Məqalə müəllifi Rey Loker ABŞ Müdafiə Nazirliyinin Hərtərəfli Proqram Qiymətləndirmə Ofisi tərəfindən aparılan bir araşdırmaya istinad edərək, Rusiya prezidentinin asperger sindromundan əziyyət çəkdiyini gündəmə gətirdi. Ötən ilin yayında isə tibb elmləri doktoru, professor İqor Qundarov Vladimir Putinin cüzama yoluxmuş ola biləcəyini bəyan etdi. Professorun fikirlərinə görə, hava yolu ilə yoluxan cüzam xəstəliyi Putinə Ukraynanın sabiq prezidenti Viktor Yuşenkodan keçməsi ehtimalı var. Bununla bağlı prezident Putinə təlimat yazdığını bildirən professor Qundarov hesab edir ki, Yuşenko ilə görüşən bütün liderlərin də cüzam xəstəliyinə yoluxma ehtimalı mövcuddur”. Putinin xəstəliyi ilə bağlı bütün məlumatların prezidentin köməkçisi və mətbuat katibi Dmitri Peskov tərəfindən qətiyyətlə təkzib edildiyini vurğulayan Xaqani Cəfərli hesab edir ki, əgər bir neçə il əvvəl Peskovun təkzibləri Rusiya cəmiyyəti və dünya ictimaiyyəti tərəfindən etimadla qarşılanırdısa, indi vəziyyət dəyişib: “Çünki Putinin səhhəti ilə bağlı məsələlər artıq Rusiyanın ictimai-siyasi dairələrində çox geniş və açıq şəkildə müzakirə olunur. Rusiyanın ən çox istinad edilən politoloqu hesab edilən professor Valeri Solovey bir neçə aydır ki, Putinin xəstə olması ilə bağlı fikirlər səsləndirir. Son zamanlara kimi professor bu fikirlərini mücərrəd ibarələrlə ifadə edirdisə, indi çox açıq şəkildə Putinin onkoloji və əsəb xəstəliyindən əziyyət çəkdiyini açıq mətnlə söyləməkdən çəkinmir. Son həftələr isə hətta bir qədər də irəli gedərək, Putinin auditoriya və ekran qarşısına çıxmaq üçün güclü ağrıkəsicidən istifadə etmək məcburiyyətində olduğunu söyləyir”.

“Putin rəsmən hökmdar elan olunmasa da, mütləq hakimiyyətə malikdir, mütləq hakimiyyət sahibinin səhnədən getməsi isə özündən sonra böyük boşluq yaradır”

Politoloqun fikrincə, Putinin hakimiyyət başına gətirilməsi prossesindən başlamış səhhəti ilə bağlı yayılan məlumatların ümumi təhlili belə qənaət yaradır ki, aprel ayının sonuna kimi Rusiyada ciddi dəyişiklik baş verə bilər: “Vladimir Putinin səhhəti ilə bağlı xəbərlərin çox həssaslıqla izlənməsi bir neçə amillə izah oluna bilər. Bu amillərin birincisi heç şübhəsiz, Rusiyada bərqərar olmuş hakimiyyətin mahiyyəti ilə bağlıdır. Hər kəsə aydındır ki, Rusiyada bir şəxsin, Putinin şəxsiyyəti üzərində bərqərar olmuş avtoritar idarəçilik mövcuddur. Son illər isə bu idarəçilik dövlətin özü ilə eyniləşib. Rusiyada dövlətlə hakimiyyətin eyniləşməsini ən bariz şəkildə Rusiyada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ifadə edib. Volodin bir neçə dəfə bəyan edib ki, nə qədər ki Putin var, Rusiya da olacaq, Putin yoxdursa, Rusiya da olmayacaq. Dövlət Dumasının sədri hesab edir ki, Rusiyanın üstünlüyü neft və qazla deyil, Putinin mövcudluğu ilə bağlıdır. Putin rəsmən hökmdar elan olunmasa da, mütləq hakimiyyətə malikdir. Mütləq hakimiyyət sahibinin səhnədən getməsi isə istər-istəməz özündən sonra böyük boşluq yaradır. Tarix artıq bir dəfə buna şahid olub. Çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur edildikdən sonra Rusiyada anarxiya yaranıb. Tarixin ikinci dəfə təkrar olma ehtimalı isə çox yüksəkdir”.

Xaqani Cəfərlinin qənaətincə, bu gün Rusiyada Putinin özü istisna olmaqla, hakimiyyətin təmsilçilərindən heç biri cəmiyyətdə ciddi dəstəyə malik deyil: “Hakimiyyət təmsilçisini dəstəkləməsi ehtimal olunan yaşlı nəslin cəmiyyətdə baş verən proseslərə təsiri faktiki olaraq yoxdur. Bütün dünyada olduğu kimi, Rusiya cəmiyyətində də ictimai-siyasi proseslərə ən çox təsiri olan “Z” adlandırılan yeni nəsil arasında hətta Putinin də nüfuzu çox aşağıdır. Digər iqtidar təmsilçilərinin isə ümumiyyətlə, “Z” nəsli arasında heç bir dəstəyi yoxdur. Putindən sonra anarxiyanın yaranma ehtimalını artıran əsas səbəblərdən biri də Rusiyada vahid siyasi millətin formalaşmamasıdır. Avtoritarizmin Rusiyaya ən böyük zərəri vahid siyasi millətin formalaşmasına imkan verməməsidir. Sovet İttifaqının dağılması ilə “sovet xalqı”da siyasi səhnəni tərk etməyə başladı. “Sovet xalqı”nı əvəz edəcək siyasi millətin formalaşmasına isə avtoritarizm imkan vermədi. Bu gün Rusiya cəmiyyəti fərqli maraqları və dəyərləri olan bir neçə toplumun hibridindən ibarətdir. Bu cəmiyyəti birlikdə tutacaq vahid xarici düşmən də mövcud deyil. Rusiyanın çoxsaylı subyektləri ilə mərkəzi hakimiyyət arasında ciddi ziddiyətlər mövcuddur. Ötən il Rusiyanın Şərq və Cənub əyalətlərində baş verən proseslər, onlara ölkənin digər hissəsinin münasibəti Rusiya cəmiyyətinin nə qədər amorf toplum olduğunu aşkara çıxardı. Məlum olduğu kimi, Putindən sonra siyasi, hərbi və maliyyə elitasını birləşdirə biləcək vahid lider mövcud deyil. Digər tərəfdən, Putinin ətrafında bir-biri ilə barışmaz ziddiyyətdə olan bir neçə qruplaşma mövcuddur. Son zamanlar həmin qruplaşmaların daha kəskin mübarizəsi çox aydın müşahidə olunur. Putindən sonra hakimiyyətin iqtidar təmsilçilərindən birinə ötürülməsini istisna edən digər önəmli məqam güc strukturlarının tamamilə nüfuzdan düşməsi, cəmiyyətdə heç bir dəstəklərinin olmamasıdır. Müxalifət lideri Aleksey Navalnıya edilən sui-qəsd ətrafında baş verən ifşa prosesi isə güc strukturlarının legitimliyini tamamilə itirməsinə səbəb olub”.

Politoloqun sözlərinə görə, Putinin siyasi səhnəni tərk etməsindən sonra Rusiyada anarxiya, mərkəzdənqaçma prosesinin yaranma ehtimalını artıran əsas amillərdən biri də koronavirus pandemiyasının yaratdığı vəziyyətdir: “Bütün dünyada olduğu kimi, Rusiyada da koronavirus pandemiyası zamanı tətbiq olunan məhdudiyyətlər azadlıq istəyini çox gücləndirib. Eyni zamanda, pandemiya Rusiya əhalisinin daha da yoxsullaşmasına səbəb olub. Koronavirus təhlükəsinin azalması və avtoritar liderin səhnədən getməsindən sonra azadlıq həsrətində olan yoxsul cəmiyyətdə partlayış baş verəcəyi qaçılmazdır. İqtisad elmləri doktoru, “Sciences Po” Universitetinin professoru Sergey Quriyev Rusiyada siyasi proseslərin çıxmaza girdiyini, bu dalandan çıxmaq üçün cəmiyyətdə təsəvvürlərin olmadığını qeyd edir. Gələcəklə bağlı aydın təsəvvürləri olmayan, amorf cəmiyyətdəki stabillik sərt avtoritar sabitlikdir. Bu stabilliyi yaradan amil, avtoritar lider səhnəni tərk etdiyi zaman isə xaos, anarxiya və mərkəzdənqaçma qaçılmaz kimi görünür”.

Vazeh BƏHRAMOĞLU