Cümhuriyyətin işğalının 100-cü ildönümü və Milli Məclisin anlaşılmaz sükutu – Siyasətçilərdən REAKSİYA

48

Sülhəddin Əkbər: “Azərbaycanda yaranmış milli, siyasi, mənəvi mühiti haradasa, Milli-azadlıq hərəkatının başlanğıc mərhələsindəki ab-havaya bənzədirəm”

Fərəc Quliyev: “Cümhuriyyətin Rusiya tərəfindən işğal edilməsi faktının üstündən sükutla keçmək, gələcək nəsillərə köləlik aşılamağa bərabərdir”

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən işğal edilməsinin 100-cü ildönümünə Milli Məclis səviyyəsində heç bir reaksiyanın verilməməsi ciddi narazılıq doğurub.

Parlamentin bir müddət əvvəl SSRİ-nin İkinci Dünya Müharibəsində qələbəsinin 75 illiyi münasibətilə xüsusi medal təsis etməsi fonunda AXC-nin işğal olunduğu tarixə səssiz qalması bu narazılığı daha da artırıb.

Məsələ ilə bağlı  Yenicag.az-a danışan Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər bildirib ki, AXC-nin mövcudluğuna son qoymuş Rusiyanın Azərbaycana qarşı təsir imkanlarının hələ də güclü olması ciddi narahatlıq doğurur:

“Bu gün Rusiyanın Azərbaycana təsiri yüksək səviyyədədir. Başqa sözlə, Azərbaycan Rusiyanın geopolitik hərbi-siyasi təsir dairəsindədir. Milli Məclisə seçkilərdən sonra qeyd etmişdim ki, Azərbaycan parlamentində Rusiyanın “5-ci kolonu” heç vaxt bu qədər güclü olmayıb.

Mənə elə gəlir ki, artıq biz siyasi, milli, mənəvi planda sıfır nöqtəsinə dönməkdəyik. Azərbaycanda yaranmış milli, siyasi, mənəvi mühiti haradasa Milli-azadlıq hərəkatının başlanğıc mərhələsindəki ab-havaya bənzədirəm.

Azərbaycanda yenidən ruslaşdırma siyasəti aparılmağa başlanılıb. Bu, çox təhlükəlidir. Mənə elə gəlir ki, Azərbaycan xalqı öz sözünü deməli, milli heysiyyatının tapdalanması ilə barışmamalıdır”.

Yenicag.az-a açıqlamasında bu aktual məsələyə toxunan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev hesab edir ki, Azərbaycan öz tarixinə münasibətdə “şimal qonşumuz nə deyər?” yanaşmasını ortadan qaldırmalıdır:

“Öncə qeyd edim ki, o medalın təsis olunması doğru qərar deyildi. Biz onda SSRİ-ni öz vətənimiz kimi qəbul etmiş oluruq. Mən deputat olanda, Milli Məclisdə Xocalı soyqırımı müzakirə edilirdi. Qərar layihəsinə “ermənilərlə birgə SSRİ qoşunları iştirak ediblər” ifadəsi salınmışdı.

Çıxış edərək bildirdim ki, o dönəmdə SSRİ artıq yox idi. Biz açıq şəkildə yazmalıyıq ki, Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı alayı iştirak edib. Bu, gizlədilməli bir məqam deyil. Ancaq mənim dediklərimə əhəmiyyət vermədilər və “SSRİ qoşunları” ifadəsi saxlanıldı.

Prezident seçkiləri vaxtı bildirmişdim ki, əgər seçilərəmsə, ilk qərarım 20 yanvar qırğını ilə Xocalı soyqırımının törədilməsində əli olan hər kəs barəsində edam hökmünün verilməsi olacaq.

Bu, müxtəlif ölkələrin təcrübəsində də var. Məsələn, ötən əsrdə İsrailin idmançılarına qarşı terror aktı törədilmişdi, aksiyanı həyata keçirənlər bir-bir yaxalanaraq, edam edildilər”.

Fərəc Quliyevin fikrincə, 1920-ci il aprelin 28-də Cümhuriyyətin Rusiya tərəfindən işğal edilməsi faktının üstündən sükutla keçmək, gələcək nəsillərə köləlik aşılamağa bərabərdir:

“Rusiya böyük dövlətdir, – deyə, susmalıyıq? Əgər ərazimizi işğal edəcəksə, böyük dövlət olduğu üçün köləliklə razılaşmalıyıq? Savaşmalıyıq. 28 aprel işğalının ildönümünə də adekvat münasibət bildirilməli idi”.