Ankarada kritik toplantı: Ərdoğan bu gün açıqlama verəcək

78

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Prezident Kabinetinin toplantısı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclas Ankara vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) Prezident Kompleksində – Cumhurbaşkanlığı Külliyesində başlayacaq.

Toplantıda əsas müzakirə mövzularından birini son zamanlarda koronavirusa yoluxma sayının artması təşkil edəcək. Gündəlik orta hesabla 1500 yoluxma sayının qeydə alındığı indiki durumda tədbirlərin artırılması kabinetin gündəmindədir. Bununla bağlı Səhiyyə naziri Fəxrəddin Qocanın təqdimatla çıxış etməsi gözlənilir.

Şərqi Aralıq dənizində qazma işlərindən sonra artan gərginliyin də Prezident Kabinetinin iclasında müzakirə ediləcəyi planlaşdırılır. Aralıq dənizi fırtınası təlimi, Fransanın mövqeyi, Almaniyanın vasitəçilik səyləri və Yunanıstanın verdiyi açıqlamalar dəyərləndiriləcək.

Prezident Ərdoğanın Almaniya Kansleri Angela Merkel və Liviya Milli Keçid Hökuməti Baş naziri Fayez es-Sərracla danışıqları barədə məlumat verməsi gözlənilir. Müdafiə naziri Hulusi Akarın da Liviyada proseslərin inkişafı ilə bağlı təqdimatla çıxış edəcəyi gözlənilir. Digər tərəfdən keçən həftə Rusiya rəsmiləri ilə Liviya məsələsini müzakirə edən nümayəndə heyətinin hesabatı da qiymətləndiriləcək.

Türkiyə Prezidentinin iclasdan sonra açıqlama ilə çıxış etməsi gözlənilir.