ANKARA, MOSKVA VƏ TEHRAN BİRLİKDƏ AVRASİYA İTTİFAQINI QURA BİLƏRMİ?

    12

    Sülhəddin Əkbər: "Rusiyanın ABŞ və Qərblə uzunmüddətli strateji qarşıdurmada şansı olmadığından Kreml özünə müttəfiq axtarır"

    Sərdar Cəlaloğlu: "Duqinin təklifinin heç bir əsası yoxdur və bu ittifaqın da yaranması mümkün deyil"

    "Əgər Avrasiya ittifaqı yaranacaqsa, bura Macarıstan, Türkiyə, Azərbaycan, İran və Orta Asiya respublikaları daxil olmalıdır"

    Rusiya prezidenti Vladimir Putinin “danışan dili” adlandırılan professor Aleksandr Duqin bugünlərdə maraqlı açıqlama ilə çıxış edib. Belə ki, Qərbin Türkiyə, İran və Rusiyaya qarşı birləşdiyini qeyd edən Duqin adıçəkilən dövlətlərin ortaq düşmənə – Qərbə qarşı birgə mübarizə etməsini təklif edib.

    "Qərb dövlətləri böyüməkdə olan üç keçmiş imperiyayla döyüşmək istəyirlər. Biz öz aramızda birlik yaratmasaq, yenə yox olub gedəcəyik" deyən professor hesab edir ki, dünyaya əmin-amanlıq ancaq çoxqütblü dünya düzəni ilə gələ bilər. Odur ki, o, təkqütblü dünya sisteminin etibarlılığını artıq qəbul etmədiklərini bəyan edərək, bu məsələdə Rusiya kimi Türkiyə və İranın da mövqeyinin eyni olduğunu vurğulayıb: "Hər üç dövlət arasında məntiq müstəvisində əməkdaşlıq mövcuddur. Bu səbəbdən Suriyanın, hətta bütün bölgənin gələcəyi, resurslar ilə bağlı Rusiya, Türkiyə və İran razılığa gəlməlidir. Bizim təkqütblü dünyanın sonu gəlmədən ABŞ ilə razılaşmağımız mümkün deyil. Çünki birqütblü dünyanın etibarlılığını artıq qəbul etmirik. Problem müqavilələrlə və ya iqtisadi nisbətlərlə bağlı deyil, güc balanslarının tamamilə dəyişilməsi məsələsi ilə əlaqədardır. Bu dəyişikliyin ən bariz şəkildə baş verdiyi yer isə Aralıq dənizidir. Aralıq dənizinin geosiyasətini yenidən nizamlamaq üçün Türkiyə ilə tam əməkdaşlıq içində olmağımız lazımdır".

    Türkiyə, İran və Rusiyanın eyni gəmiyə minərək, ortaq bir strategiya müəyyənləşdirmək məcburiyyətində olduğunu düşünən Duqinin fikrincə, bütün ortaqlıqlarda hər kəsə müəyyən bir vəzifə düşür: "Biri qəlb olur, biri beyin. Bir başqası isə cəsarəti təmsil edir. Hamısı bir araya gələndə çox təsirli orqanizm ortaya çıxır. Biz ayrı-ayrılıqda Qərb qarşısında asimmetrik olaraq çox zəif vəziyyətdəyik. Amma hamımız bir araya gələndə Çin, Pakistan, İslam ölkələrini, bəlkə də Afrika, hətta qlobalizmə qarşı olan Amerika və avropalı insanları da nəzərə alsaq, çox böyük dostumuz, müttəfiqimiz olduğunu görürük. Bu asimmetrik birliyin böyük gücə çevrilməsi labüddür". Professor həmçinin, yaxın keçmişdə türk, fars və rus imperiyalarının öz aralarında müharibə edərək yox olub getdiklərini və bu üç mədəniyyətin bir araya gələrək tarixi yenidən yazmaq məcburiyyətində olduğunu bildirib: "Eyni səhvləri təkrar etməməliyik. Üç böyük tarixi imperiya arasında yeni bir güc birliyi təmin etməliyik. Bir-birimizə qarşı deyil, birlikdə, Ankara-Moskva-Tehranın təşkil etdiyi Avrasiya imperiya üçbucağı qurmalıyıq".

    “Namizədliyini irəli sürənlər hansı seçkiyə hazırlaşırlar, bilmirəm...” - Sülhəddin ƏKBƏR

    Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, politoloq Sülhəddin Əkbər hazırda dünyada geopolitik və geostrateji vəziyyətin çox mürəkkəb olduğunu, məhz bu səbəbdən də çətin vəziyyətə düşən dövlətlər və onların elitalarının yaranmış durumdan çıxış yolları axtardıqlarını bildirdi: "Müsəlman dünyasının, xüsusən də Azərbaycan, Türkiyə, İran və Pakistanın daxil olduğu qarşılıqlı iqtisadi əməkdaşlıq təşkilatı var. Düşünürəm ki, məhz bu iqtisadi əməkdaşlıq təşkilatının əsasında Asiya birliyi yaradılmalıdır. Ümumiyyətlə, hər hansı geopolitik birliyin yaradılması uzunmüddətli prosesdir. Eyni zamanda, bu, həmin dövlətlərin bölüşdüyü, paylaşdığı dəyərlərin və maraqların üst-üstə düşməsini tələb edir. Təbii ki, indiki halda Rusiya strateji resurslarının yetərsiz olduğunu, iqtisadi sanksiyaların tətbiq olunduğu, o cümlədən hərbi xərclərini azaltmağa məcbur qaldığı bir zamanda ABŞ və onun müttəfiqləri qarşısında duruş gətirə bilməyəcəyini anlayır".

    Son 20 ildə ilk dəfədir ki, Rusiyanın hərbi xərclərini nə az, nə çox düz 20 faiz azaldıb, 82 milyarddan 66,3 milyarda düşürdüyünü deyən politoloqun sözlərinə görə, bu, onu göstərir ki, Rusiyanın ABŞ və Qərblə uzunmüddətli strateji qarşıdurmada şansı yoxdur: "Ona görə də Kreml artıq özünə müttəfiqlər axtarır. İndiki halda isə Türkiyə və İranı öz yanına çəkmək istəyir. Yəni Rusiya məhz onların yardımları ilə ABŞ-ı durdurmağa çalışır. Bunun reallaşması üçün Türkiyə, Rusiya və İranın uzunmüddətli geopolitik, həmçinin geostrateji, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik maraqlarının üst-üstə düşməsi lazımdır. Lakin məsələyə istər tarixi, istərsə də bu gün baxımından yanaşdıqda, bu, real görünmür. Bu gün əgər Rusiya ilə İran arasında, o cümlədən müəyyən dərəcədə Rusiya ilə Türkiyə arasında strateji planda hər hansı yaxınlaşma var, bu, operativ taktiki xarakter daşıyır. Ona görə də yalnız konyunktural, yəni vəziyyətə bağlı olan, operativ taktiki, müvəqqəti yanaşmaların əsasında Duqinin təklif etdiyi uzunmüddətli strateji birliyi qurmaq mümkün deyil. Bu səbəbdən də mən bu məsələyə real baxmıram".

    "İşdən azad olunan nazir və komitə sədrlərinin fəaliyyəti yoxlanılmalıdır" - SƏRDAR CƏLALOĞLU

    Aleksandr Duqinin Avrasiya ittifaqı ilə bağlı səsləndirdiyi fikirlərin ona məxsus olmadığını qeyd edən prezidentliyə keçmiş namizəd, ADP sədri Sərdar Cəlaloğlunun bildirdiyinə görə, türk tarixçisi Qumilev "Avrasiya" adlı kitabında sübut edib ki, türklər bir qitəni yox, iki qitənin xalqıdır: "Yəni "avrasiya" ifadəsi türk toplumuna aiddir. Rusun və ya digər qüvvənin bura heç bir aidiyyatı yoxdur. Çünki türklər təbii olaraq iki qitəyə yayılıb, bir hissəsi Asiyada, digəri Avropada məskunlaşıb. Bu baxımdan, Qumilev belə hesab edirdi ki, Avrasiya ayrıca bir tarixi sahədir və yalnız türklər bu iki qitədə məskunlaşıb. Sonradan Duqin də Avrasiya ittifaqı məsələsini Rusiyanın geopolitik siyasətinin əsasına qoyub. Halbuki Rusiya ölkə kimi Avrasiya olsa da, rusların millət olaraq Avrasiyaya aidiyyatı yoxdur. Onlar Avropa xalqıdır. Lakin türklər Avrasiya xalqıdır. Buna rəğmən, Duqin Qumilevin ideyasını götürərək, onu siyasiləşdirib və Rusiya dövlətinin maraqlarına uyğunlaşdırıb".

    Tarix boyu Rusiya-İran, o cümlədən Rusiya-Türkiyə arasında geopolitik maraqlar uğrunda savaşların yaşandığını xatırladan ADP sədri hesab edir ki, Azərbaycanın parçalanmasına və Krımın itirilməsinə gətirən səbəblər məhz bununla bağlı olub: "Eyni zamanda, sonrakı dönəmdə Türkiyənin NATO dövləti olmasının, İran inqilabına qədər Tehranın ABŞ-la yaxınlaşmasının səbəbi də Rusiyadan gələn təhlükə ilə bağlı idi. Yəni faktiki olaraq bu gün Rusiya zəiflədiyi üçün özünün keçmiş ənənəvi düşmənləri ilə ittifaq bağlamaq istəyir. Qeyd edim ki, Rusiyanın ənənəvi 3 düşməni var ki, onlar da Avropa, Türkiyə və İrandır. İndiki halda ABŞ və Avropanın Türkiyə ilə bağlı yanlış siyasəti nəticəsində Ankaranın özünü qoruma instinkti əsasında müəyyən addımlar atması Rusiyanın iştahını artırır və Türkiyə ilə Qərbə qarşı bir blok yaratmaq istəyir. Hesab edirəm ki, mövcud şərtlər daxilində belə bir blokun yaradılması üçün ilk növbədə Rusiya səmimi şəkildə Türkiyə və İranın dostu olduğunu bildirməlidir. Bunun üçün isə vaxtilə İran ərazisi olan torpaqların ilhaqından imtina etməli, Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana qarşı istifadə etməməlidir, o cümlədən Stalin dönəmində Türkiyədən zorakılıqla alınan torpaqlar geri qaytarılmalıdır. Yalnız bundan sonra Rusiya, Türkiyə və İranın ciddi müttəfiqliyindən danışmaq olar. Əgər Avrasiya ittifaqı yaranacaqsa, bura Macarıstan, Türkiyə, Azərbaycan, İran və Orta Asiya respublikaları daxil olmalıdır. Rusiyanın bura heç bir aidiyyatı yoxdur. Çünki əsl Avrasiya ittifaqını bu məkanda məskunlaşan türk milləti yarada bilər".

    Bu gün dünyada qlobal iqtisadi və siyasi böhranın hökm sürdüyünü vurğulayan Sərdar Cəlaloğlu hesab edir ki, bunun əsas səbəbi beynəlxalq hüququn işləməməsi ilə bağlıdır: "İkinci Dünya Müharibəsi nəticəsində meydana çıxan, siyasi münasibətləri tənzimləyən normalar artıq işləmir. Çünki artıq Almaniya birləşib, sosializm məkanı yoxdur, SSRİ mövcud deyil, kommunist ideologiyası demək olar ki, sıradan çıxıb. Yəni faktiki olaraq, İkinci Dünya Müharibəsindən sonra dünyada müəyyən edilən hüquqi normaların səbəbləri hamısı aradan qalxıb. Deməli, artıq yeni hüquqi normalara keçilməlidir. Əslində, bu gün Yaxın Şərqdə və dünyanın müxtəlif bölgələrində başlayan mübarizələrin arxasında duran məqsəd məhz yeni dünya düzəninin formalaşdırılmasıdır. Yeni dünya düzəni birqütblüdən ikiqütblüyə qayıda bilməz. Odur ki, mütləq çoxqütblü bir dünyaya çevrilməlidir. Bu səbəbdən də Duqinin təklif etdiyi alyans əslində Qərblə Şərq arasında dünya müharibəsinə rəvac verə bilər. Halbuki Türkiyənin strateji maraqları onun ABŞ və Avropa ilə dostluğundan keçir. Buna görə də Rusiyanın apardığı avantürist siyasətin cəzasını Türkiyə çəkməməlidir. Ümumiyyətlə, Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq məhz məcburiyyətdən yaranıb. Hesab edirəm ki, Kreml keçmiş Çar Rusiyasının və SSRİ-nin maraq dairəsində siyasət qurmağa davam edərsə, heç vaxt Türkiyə və İranla bir araya gələ bilməz. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Duqinin təklifinin heç bir əsası yoxdur və bu ittifaqın da yaranması mümkün deyil".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org