Andranikin qulağını Türklər necə kəsdi…

183

Erməni millətçisi, fədaisi, Bolqarıstan, Çar Rusiyası, sonra isə Antanta (İngiltərə və onun müttəfiqlərinin) ordusu sıralarına qoşulmuş könüllü dəstələrin başçısı, artıq həm də peşəkar hərbçi  Andronik Ozanyan Torosi Osmanlıya və türk xalqlarına qarşı 40 ilə yaxın bir sürədə vuruşmuş, qaniçənliyi, hiyləgərliyi, yüksək manevr qabiliyyəti ilə yanaşı əliyalın uşaq, qadın və ixtiyar qarılara, qocalara qarşı namərdliyi ilə seçilmiş bir Sasun ermənisidir. Arxiv sənədlərində onun dəstələrinin Güney Anadolu, Güney Azərbaycan (İran), Borçalı, Ahalkələk, Naxçıvan, İrəvan bölgəsi, Zəngəzur, Göycə və b. tarixi türk torpaqlarında türk xalqının nahaq qanını tökmə vəhşilikləri ilə doludur. Xalqımız bu cəlladın əlindən o qədər yanıqlıdır ki, bəzən onun qulağının kəsilməsi ilə də olsa, özünə təskinlik verməyə çalışır… Bəs xalqın “ürəyindən tikan çıxaran” o olay necə baş vermişdi? Bu haqda bir qədər sonra bilgi verərək, olayın qısa mənzərəsini sunacağıq. Ancaq öncəliklə Andronikin tarixi fəaliyyətlərinə göz gəzdirmək, onunla bağlı erməni xalqının da namərd savaşlarına və o savaşların sonuclarına diqqət yetirmək yerinə düşərdi.

1866-cı ildə Osmanlının Qarahisar şəhərində doğulan Andranik sonralar erməni komitəçisi olaraq türklərə qənim kəsilmişdi. 1894-cü ildə fevralın 21-də komissar Hüsnü bəyin tapşırığı ilə başlanan əməliyyat nəticəsində yaxalanan Andranik qutsal “Quran”a and içdi ki, silahı yerə qoyub Osmanlı sınırlarını tərk edəcək. Hüsnü bəy uca “Qurani-Kərim” adına bu caniyə inanıb onu sərbəst buraxdı.

Növbəti bir toqquşmadan öncə Hüsnü bəy Sasunu mühasirəyə aldı. (Sasun Türkiyənin Batman ilinə bağlı bir ilçədir. 1880-ci ilədək Diyarbəkir vilayətinin və 1892-ci ildə Bitlis vilayətinin Siirt sancağının bir parçasıydı. Daha sonra, 1927-ci ilədək Bitlis vilayətində Muş sancağına bağlanmışdı.) Başındakı bir neçə min nəfərlik erməni və ruslar tərəfindən tovlanmış əşirətçi kürd dəstələri ilə öncəki döyüşdə də ona dəstək verən Bitlis qubernatoru qaçaraq aradan çıxdı. Tərəfi zəiflədiyindən ertəsi günkü gərgin döyüşdən sonra, Andranik aprelin 30-da öz yaraqlıları ilə Bolqarıstana qaçaraq, orada türklərə qarşı on il savaşmağa davam etdi.

Onun silahdaşları sonra mərhələlərlə bu terror mübarizəsini davam etdirirdi. 1890-1892-ci illərdə, Zeytun və Sasun bölgələrində böyük erməni üsyanı nəticəsində 65 mindən çox silahsız türk və kürd öldürüldükdən sonra Türkiyə hökuməti bu ərazilərdə hərbi vəziyyət elan etməyə məcbur olmaqla yanaşı, Rusiya, İngiltərə, Fransa və ABŞ hökumətlərinə erməniləri təhrik etdiklərinə görə etirazını bildirdi. Bunun qarşılığında Avropa tərəddüd etdiyindən erməni siyasətçiləri müəyyən müddətə Osmanlı ərazisindən uzaqlaşmağa məcbur oldular.

12 oktyabr 1895-ci ildə erməni silahlı çətələri türk qarnizonuna basqın edərək, türk əsgərlərinin böyük qismini öldürmüş, qalanlarını tərksilah edərək özlərinə tabe etmiş, qarnizon binasının üzərində “Müstəqil Zeytun”un qırmızı bayrağını da asmaqdan çəkinməmişlər…

İndi isə I Cahan Savaşının sonuna doğru bu olayların davamına, 3 mart 1918-ci il tarixli Almaniya-bolşevik Rusiyası arasında bağlanmış Brest-Litovsk sazişindən sonra Doğu Anadoluda və Güney-Batı Qafqazda baş verən olaylara toxunaq.

O dönəmin Doğu Anadolu cəbhəsi baş komandanı Vəhib paşa Rusiya ordusuna və onun qalıqlarına bildiriş göndərərək, Doğu Anadolu topraqlarını boşaldaraq, 1877-ci il Türk-Rus sınırlarına çəkilməyi tələb etdi. Bu o anlama gəlir ki, Rusiya ordusu və onun tərkibindəki erməni (həmçinin gürcü) qüvvələri Qars bölgəsindən çəkilməli idi. Ancaq Rusiya dövləti silahları erməni-gürcü bölüklərinə buraxaraq geri çəkilməyə çalışırdı. Belə olduğunu görən Vəhip paşa bildirdiyi sürə içərisində ordusunu düşməndən təmizləmə hərəkatına keçirdi… Ermənilərin tərsliyi və xəyanəti ucbatından onlarla birgə savaşan bir sıra rus komandanları, o sıradan yarbay Tvyordoxlebov da (Ərzurumda) Vəhib paşa bölüklərinə əsir düşdü. O üzdən ki, ermənilər gecəykən minik araclarını, o sıradan topçu arabalarını dartan qoşqu atlarını rus gözətçini öldürərək oğurlayaraq qaçırtmışdılar ki, Türk Ordusunun qoyduğu vaxtdan öncə bölgədən əkilərək soyqırım törətdikləri üçün ələ keçməsinlər…

Vəhib paşanın qarşısından qaçan Rusiya bölükləri sırasında Rusiya ordusu generalı Nazarbekovun başçılığı altında olan genaral Andronikin dəstələri də var idi. (Yeri gəlmişkən bir dartışma qonusu olan məsələyə də aydınlıq gətirək. Bəziləri Andronikin rəsmən general olub-olmaması haqda çeşidli yanaşmalar irəli sürürlər. Ancaq rusdilli qaynaqlardan aldığımız bilgiyə görə, 16 yanvar 1918-ci ildə Qafqaz Cəbhəsinin müvəqqəti qərargah rəisi general-mayor Lebedinski baş komandan Levandovskiyə təqdimat vermişdi ki, onun fikrincə, Qərbi erməni bölməsinin komandiri təyin olunmuş Andranik Sasunskinin (“əsgər və zabitlərin gözündə milli qəhrəman Andranik Ozanyanın nüfuzunu daha da yüksəltmək üçün işin və xidmətin xeyirinə …” olaraq) general rütbəsinə layiq görülməsi gərəkdir.  O səbəblə də 23 yanvar 1918-ci ildə Andranik Sasunskiyə Rusiya Ordusunun general-mayoru rütbəsi verilmişdi. – Bu bilgini topluma sunan Mixail Kudinin yazdığına görə, belə bir sənəd birbaşa onun əlində olmasa da, çox keçmədən Andronik haqda (həmin olayı təsdiqləyən) köhnə, nadir bir kitab Soçidə təkrar yayınlanacaqdır. –X.İ.)

Türk Ordusunun Doğu Cəbhəsinə bağlı Kazım Qarabəkir paşanın birlikləri və Nuru paşanın Azərbaycanda əmrinə keçəcək 5-ci firqə bölükləri, Doğu Anadolu üzərindən, bu erməni birləşmələrini sıxışdıraraq, indiki Ermənistana doğru hərəkata keçdi. Ermənilərin baş komandanı, Rusiya ordusunun generalı Nazarbekov idi. Andronikin qüvvələri də bu sıralarda ikən, Gümrü-Tiflis yolu üzərindəki Qaraxaç yaylaqlarında Türk ordusunun qabağından qaçarkən əsgərlərinin leşi leş üstünə sərilmişdi (O vaxtlar Qaraxaç yaylaqlarında çıxan Qarayazının Kosalı kənd sakini, o ərazidə öz mal-heyvanlarını örüşə sürən ixtiyar Hacılı nəslindən olan Muxtar kişi (Kosalı məktəbinin riyaziyat öyrətməni, ictimai-siyasi fəal Mehman Muradlının ata babası) bu olayın əyani şahidi olmuşdur.) Türk Ordusunun bu bölgədəki hərəkatı Andronikin geri çəkildiyi Gümrü-Tiflis, Gümrü-Ahalkələk, Gümrü-Qaraxaç-Calaloğlu yolları üzərindən sürətlə gerçəkləşdirilməkdəydi…

Sonucda Andronik özü əmrində qalan bölüklərlə Calaloğlu-Qarakilsə-İrəvan xətti ilə daha da geri çəkilərək, sonra Zəngəzur bölgəsinə keçib, o bölgədə  türk-müsəlmanlara qan uddurmağa başlamışdı. Onun azğınlığı o dərəcəyə çatmışdı ki, Tomson özü də Andronikə məktubunda Zəngəzur bölgəsində qırğınların dayandırılması tələb edir və bildirilirdi ki, “əks halda Müttəfiq Qüvvələrin komandanı tək səni cani kimi həbs edəcəyəm”. Tarixi sənədlərdə Andronik və dəstəsindəkilərin Antantadan  maaş alıdığı öz təsdiqini tapır.

Qeyd edək ki, Andronik çox hiyləgər sərkərdə (“zarovar”) olmuş və qarşı tərəfin təmsilçiləri ilə danışıqlar apararkən öz çadırında pərdənin arxasından danışırmış ki, onu üzdən tanımasınlar.

Andronik Zəngəzurdan Qarabağa –Şuşa məntəqəsinə doğru da öz yürüşünü genişləndirmək istərkən, Laçının bəyi Sultan bəyə elçi göndərərək bildirir ki, “sən kürdsən, bizim səninlə və Laçınla bir işimiz yoxdur” və çoxlu qızıl-pul qarşılığında ona Zabux dərəsindən keçid üçün yol verməsini istəyir. Sultan bəy qardaşı Xosrovpaşa bəylə birgə el ağsaqqalları ilə gənəşib Andronikə ağır silahları sökdürüb arabalara yüklədərək keçməsinə razılıq verdiklərini çatdırır, qızıllarını-pullarını da alırlar. Bu minvalla topları qullana bilməyən Andronik qoşunlarını keçid vaxtı tələyə salır və darmadağın edirlər. Ancaq Sultan bəyin Andronikin qulağını kəsdiyi iddiaları rəsmi qaynaqlarla təsdiqlənmir… Həm də bunun üçün o, ələ keçməli idi, ələ keçsəydi də Sultan bəy onu öldürərdi, çünki elə bir təhlükəli canini Sultan bəy sağ buraxmazdı, həm də ona görə ki, Andronik Sultan bəyin onu aldatdığı üçün mütləq intiqam almağa çalışa bilərdi…

Bir məsələyə də aydınlıq gətirək: bəziləri iddia edir ki, guya Andronikə türklər paşa rütbəsi verib. Bu haqda, həm də Andranikin növbəti hiyləsi haqqında professor Vəli Həbiboğlu yazır:

“Andranik Ozanyan təhlükəli bir vaxtda Türkiyəyə qayıtdı, “Böyük Ermənistan” siyasətini həyata keçirmək məqsədilə o türk komandanlığının rəğbətini qazanmağa çalışdı. Ənvər paşanın qılığına girdi, özünü türkə yaxın bir silahdaş kimi göstərdi, rusların ardınca danışdı. Osmanlı İmperatorluğunun generalı Ənvər paşaya özünü türkün dostu kimi qələmə verərək bildirdi ki, əgər ruslar türk torpağına hücum etsələr, onda ermənilər əziyyət çəkəcəklər. Əgər türk hökuməti, komandanlığı ona səlahiyyət verərsə, o, ermənilərdən ibarət bir ordu yaradar və türk sərhədlərini qoruyar.

XIX əsrin 90-cı illərində Osmanlı İmperatorluğu ərazisində, sonra isə dalbadal Balkanlarda minlərlə türkü öldürən, türkün qəsdinə duran bir cəllada Ənvər paşa böyük bir səlahiyyət verdi, onun məkrli siyasətinə inandı, türk ordusunda ən böyük rütbə sayılan “paşa” adını verib onu şərq cəbhəsində yaranacaq erməni hərbi dəstələrinə baş komandan təyin etdi.

Ənvər paşa kimi qeyrətli, türkə bütün qanı və canı ilə xidmət edən görkəmli bir türk generalının (və Baş Komandan vəkilinin – X.İ.) bu səhvi sonralar on minlərlə Azərbaycan türkünün (və yüz minlərlə Anadolu türkünün-X.İ.) vəhşicəsinə öldürülməsinə, ev-eşiklərinin yandırılmasına səbəb oldu (məncə, “rəvac verdi” demək daha düzgün olardı –X.İ.)”.

Bu səlahiyyətdən məharətlə istifadə edən Andranik erməniləri silahlandırdı… sonra cəbhədən qaçan erməniləri, türkü düşmən saymayan və ona güllə atmağı şəxsiyyətinə sığışdırmayan erməniləri də qəddarcasına güllələtdirərək türkə qarşı düşmənçiliyə köklənmiş əzazil bir ordu yaratdı…

Andranikin I Dünya Savaşında rus qoşunlarının tərkibində vuruşaraq ruslara böyük yardım göstərməsini erməni və rus tarixçiləri dəfələrlə yazmışlar. Ancaq Andronik Osmanlıdan 1884-cü ildə Bolqarıstana qaçdıqdan sonra 1914-cü ildə Rusiya ordusunun tərkibindəki erməni birliklərinə komandan təyin olunanadək Osmanlı torpaqlarına ayaq basmamışdır. 1912-1913-cü ildə Bolqarıstanda Osmanlıya qarşı savaşan Andronik 1914-cü ildə oradan Tiflisə qayıtmış və ruslarla türklərə qarşı başlayacaq savaş yönündə danışıqlara başlamışdı. Başqa sözlə, onun Ənvər paşayla görüşməsi və ondan “paşa” rütbəsi alması ilə ilgili bilgilər yanlışdır.

[Professor Teymur Əhmədovun araşdırmalarından aydın olur ki, sonralar Sovet hakimiyyətinin ən məkrli rəhbərlərindən biri olan Anastas Mikoyan və Sovet İttifaqı marşalı İ.X.Baqramyan da vaxtilə Andranikin çətələrində türklərə qarşı vuruşmuşdular].

Andronikin quıağının kəsilməsi olayı isə bü cür baş vermişdir: 1894-cü ildə jandarm qüvvələrinin aprelin 24-də Sasun bölgəsində qanlı döyüş sonrası Türk jandarm qüvvələrinin komandanı, komissar Hüsnü bəyin çavuşu ilə üzbəüz qalan Andranik aradan çıxmaq istəyərkən çavuş təkbətək döyüşdə qılıncı ilə onu şikəst etmişdi. Andranikin patronu qurtardığından Hüsnü bəyin çavuşu türk mərdliyi ilə odlu silahı buraxıb Androniki qılınc döyüşünə dəvət edərək, sonra məharətlə onun qulağını kəsərək yerə atmış, Andronik isə dağlıq ərazidə yaralı halda qaçıb aradan çıxmışdı…

Əlbət ki, türklər bu cocuq, qadın, qarı-qoca qatilinə, gənc qadınların döşünü kəsib körpəsinin ağzına taxan vəhçiyə əsl qəhrəmanlığın döyüşçülər arasında bilindiyini anlatmağa çalışmışlar…

Xaqani İsmayıl,

yazıçı-tarixi araşdırmaçı