“Anadolu Agentliyi” bəyan etdi: “Bir ay içərisində…” – Türkiyə ilə ABŞ-dan Menbiçlə bağlı 3 PİLLƏLİ PLAN

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyə ilə ABŞ-ın iyunun 4-dən sonra tətbiq edilməsi gözlənilən Menbiç planına görə, Fərat çayının qərb sahilində yuva quran terrorçuların bir ay içərisində bölgədən çıxarılması nəzərdə tutulur.

    “AA” müxbirinin danışıqlarda iştirak edən mənbələrdən aldığı məlumata görə, ABŞ və Türkiyə, YPG/PKK-nın Suriyanın şimalında, Fərat çayının qərbində yerləşən və işğal altında olan Menbiçi tərk eləməsi üçün ilkin razılaşma əldə edilib. Lakin razılaşma barədə rəsmi açıqlama iyunun 4-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun amerikalı həmkarı Mayk Pompeo ilə görüşündən sonra veriləcək.

    Razılaşmaya görə, iyunun 4-də razılaşma imzalanandan sonra ilk 30 gün içərisində YPG/PKK ünsürləri Menbiçi tərk edəcəklər.

    “Anadolu Agentliyi”nin türk kəşfiyyat mənbələrindən aldığı məlumata görə, Menbiçdə terrorçuların rəhbərləri rayonu tərk eləməyə başlayıblar. Onların Fəratın şərqində, Türkiyə sərhədində yerləşən Eynülərəb rayonu və onun cənub-qərbindəki Ayn İsa rayonuna getdikləri deyilir.

    Lakin təşkilat hələlik şəhəri birdəfəlik tərk eləməyə başlamayıb.

    İkinci və üçüncü mərhələ

    Menbiç razılaşmasının ikinci mərhələsində iyunun 4-dən sonrakı 45 günün sonunda Türkiyə və Amerika tərəflərinin hərbi və kəşfiyyat sahələrində rayona birgə nəzarətə başlamaları nəzərdə tutulur.

    Razılaşmaya görə, üçüncü mərhələdə 4 iyundan sonrakı 60 gün ərzində Menbiçin yerli ünsürlərdən ibarət idarəçiliyinin qurulması nəzərdə tutulur.

    Rayonun təhlükəsizliyini təmin edəcək hərbi məclis ilə şəhərə xidmət edəcək yerli məclis əhalinin etnik quruluşuna görə qurulacaq.

    Xatırladaq ki, 2016-cı ilin avqust ayında YPG/PKK terror təşkilatı Suriyanın Hələb vilayətinin Menbiç rayonunu İŞİD terror təşkilatından alaraq işğal eləmişdi.

    Hurriyyet.org