Amerikalı general: “Türkiyənin kürd silahlılarına qarşı mübarizəsini dəstəkləyirik”

99

“Biz o fikirlə razıyıq ki, PKK terror təşkilatıdır və türklərə hücum edir”

ABŞ-ın Yaxın Şərq üzrə ən yüksək çinli hərbi rəhbəri bəyan edib ki, Türkiyə Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı mübarizədə “qanuni təhlükəsizlik maraqlarına” sahibdir, lakin Türkiyənin hərbi əməliyyatları müəyyən fikir ayrılıqlarına səbəb olur.

PKK kimi tanınan solçu kürd üsyançı qrupu Türkiyə hökumətinə qarşı on illərdir ki mübarizə aparır və PKK ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır. ABŞ nüfuzlu “The National Interest” dərgisi belə yazır.

ABŞ Suriyada kürdlərə bağlı Suriya Demokratik Qüvvələrini (SDQ) dəstəkləyir. Türkiyə bu təşkilatı PKK-nın tərkib hissəsi sayır. ABŞ isə bu təşkilatla PKK arasında heç bir əlaqə görmür.

” Biz o fikirlə razıyıq ki, PKK terror təşkilatıdır və türklərə hücum edir”. ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının rəhbəri general Kenneth McKenzie çərşənbə günü ABŞ Sülh İnstitutunun ev sahibliyi etdiyi video konfransda belə deyib. “SDQ haqqında fərqli fikirdəyik. Onların PKK ilə bir və eyni olduğuna inanmırıq”.

Amerikalı general Türkiyənin PKK-ya qarşı Şimali İraqda həyata keçirdiyi əməliyyatlardan narahat olduqlarını da dilə gətirib.

“The National Interest” yazır ki, tənqidçilər Türkiyə qüvvələrini mülki hədəflərə zərbə vurmaqda və İraqın suverenliyinə təhlükə yaratmaqda ittiham etdilər.

Türk pilotsuz uçaqlarından atılan raket iki İraqlı batalyon komandirinin ölümünə səbəb olub. İraq rəsmiləri bununla bağlı çərşənbə axşamı günü bəyanat yayıb.

General McKenzie deyib ki, Türkiyənin bölgədə reallaşdırdığı hərbi əməliyyatlar “əlavə problemlər yaradır və vəziyyəti mürəkkəbləşdirir: “Aydındır ki, hədəfləri vuranda səhv hesablamalar da olur”.

“Eyni zamanda, Türkiyənin qanuni milli təhlükəsizliklə bağlı narahatlıqları var və Türkiyə bu problemləri həll etmək niyyətindədir”.

General qeyd edib ki, o, və ABŞ-ın Avropa Komandanlığı üzrə rəhbəri general Todd Voltersin “türklərlə yaxşı və davamlı dialoq içindədir”.

Türkiyə onilliklər boyu PKK-nın İraqdakı mövqelərinə zərbə endirib və SDQ-ni Türkiyə sərhədlərindən uzaqlaşdırmaq üçün 2018-ci ilin əvvəllərində Suriyanın Afrin şəhərini ələ keçirmişdi.

ABŞ 2018-ci ilin sonlarından başlayaraq Suriyada türk-kürd qarşıdurmasının qarşısını almaq üçü Suriya-Türkiyə sərhədi boyunca “təhlükəsiz zonası” yaratmaq məqsədi ilə danışıqlar apardı.

2019-cu ilin oktyabrında bu yanaşma ləğv olundu. Donald Tramp administrasiyası birdən-birə Suriyanı tərk etdi və Suriyanın qapısı Türkiyənin üzünə açıldı. Türkiyə Suriyada özünü daha rahat hiss etməyə başladı. Bu isə ABŞ-Türkiyə münasibətlərinin soyumasına səbəb oldu, ABŞ-ın siyasi elitası Türkiyəni iqtisadi sanksiyalarla hədələməyə başladı.

Göründüyü kimi, ABŞ müxtəlif bəhanələrlə PKK-ya bağlı kürd qruplaşmalarını müdafiə etməyə çalışır. Bu isə ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyənin milli maraqlarına ziddir.

Elbəyi Həsənli, Sürix

https://nationalinterest.org/blog/skeptics/us-general-backs-turkeys-fight-against-kurdish-militants-166796