Amerika Erməni Milli Komitəsi yenidən hücuma keçdi – Senatorlar Azərbaycana qarşı…

72

Senator Bob Menendez ABŞ-ın Azərbaycana 120 milyon dollarlıq yardımına etiraz edir

Bugünlərin söhbətidir. Qərb mənbələrinə istinadən yazmışdıq ki, koronavirus pandemiyasına baxmayaraq, mayın 18-dən 22-dək Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirdi. Dərhal Amerikadan etiraz gəldi. Konqresmen Frank Pallone bir qrup siyasətçi ilə birlikdə Amerika Erməni Milli Komitəsinin göstərişi ilə hərəkətə keçdi. Azərbaycanı ittiham edən bəyanat yayıldı. Həmin bəyanatda ABŞ-ın Azərbaycanın təhlükəsizliyini gücləndirmək üçün rəsmi Bakıya illik 100 milyon dollar yardım etməsi ciddi şəkildə pislənilirdi.

Ancaq Amerika Erməni Milli Komitəsi bununla kifayətlənmədi. Üstündən heç iki həftə keçməmiş bədnam qonşumuz senator Robert (Bob) Menendezi (1954) qabağa verdi. Nyu-Çersidən senator seçilmiş bu demokrat siyasətçi ABŞ-ın Hesablama Palatasına (The Government Accountability Office, GAO)) müraciət edib.  Bu barədə ingilisdilli Ermənistan radiosu (en.armradio.am) xəbər yayıb.
Qeyd edək ki, 1921-ci ildən fəaliyyətdə olan Hesablama Palatası ABŞ Konqresinin analitik-araşdırma mərkəzidir.

Bəs, senator nə deyir? O da konqresmen Frank Pallonenin dediklərini tutuquşu kimi təkrar edir. Ancaq o deyir ki, 3 ildir ABŞ Azərbaycanın təhlükəsizliyinin gücləndiriliməsi üçün 120 milyon dollardan artıq vəsait ayırır.

Göründüyü kimi, ABŞ-ın Azərbaycana nə qədər vəsait ayırması haqqında ortada 2 fərqli rəqəm (100 və 120 milyon dolar) var. Bu rəqəmlərin hansı daha dəqiqdir? Konkret nəsə demək çətindir. Həm də bu məsələdə önəmli olan odur ki, ABŞ Azərbaycana ciddi şəkildə yardım edir. Ermənistan isə demək olar ki, tamamilə yardımdan kənarda qalıb. Bu isə Amerikadakı erməni lobbisini qəzəbləndirir. Hətta bu yaxınlarda Amerika Erməni Milli Komitəsi ABŞ hökumətindən tələb etmişdi ki, Amerika Azərbaycana verdiyi maliyyə dəstəyi qədər də Ermənistana pul ayırmalıdır. Ancaq Donald Tramp administrasiyası ermənilərin bu kimi çağırışlarını qulaqardına vurur. Ümumiyyətlə, Donald Tramp prezident seçiləndən ermənilərin Amerikada sözü keçmir.

Donald Tramp iqtidara gəldikdən sonra ABŞ Ermənistana elə bir ciddi yardım etməyib. Niyəsi də bəllidir. Çünki Ermənistan Rusiyanın forpostu olaraq qalır. Azərbaycan isə həm ABŞ-la, həm də Rusiya ilə qarşılıqlı maraqlara söykənən əlaqələrə malikdir. Şübhəsiz ki, Ermənistanda Rusiya hərbi bazalarının olması da bu işdə ciddi rol oynayır.

Feds Say 'Corroborating Evidence' Backed Menendez Prostitution ...

Senator Menedez açıq şəkildə yazır ki, Amerikanın Azərbaycana yardımı ağlasığmaz sürətlə artır və bu, onu (təbii ki, erməniləri də) ciddi şəkildə narahat edir.

O, xahiş edir ki, bu məsələ ilə bağlı Hesablama Palatası Senatın Xarici Əlaqələr Komitəsinə ətraflı məlumat versin. Senator üçün (əslində ermənilər üçün) ən önəmlisi odur ki, ABŞ-ın Azərbaycana hərbi yardımı 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən 907-ci düzəlişlə uzlaşmır. Həmin sənədə əsasən Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaq elan olunmuşdu. Ancaq ABŞ-ı sarsıdan 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi. Prezident ata Buşun qəbul etdiyi 907-ci düzəlişi prezident oğul Buş ləğv etdi.

Senator məktubunda yazır ki, 1992-ci ildə qüvvəyə minən 907-ci düzəlişə əsasən Azərbaycan Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadaları aradan qaldırmalı, eyni zamanda digər təcavüzkar hərəkətlərdən çəkinməlidir. Üstəlik, bütün bunların aşkar əlamətləri ortada olmalıdır. Əks təqdirdə, ABŞ Azərbaycana  birbaşa dövlət yardımı edə bilməz.

Təbii ki, senatorun bu müraciətini Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan alqışlarla qarşılayıb. O, xatırladıb ki, mayın 21-də Frank Pollone, Cakie Şpier (Jackie Speier), Gus Bilirakis və Adam Schiff  birgə müraciət qəbul ediblər. ABŞ-ın Dövlət katibi Mayk Pompeoya və  ABŞ-ın müdafiə naziri Mark Esperə ünvanlanmış müraciətdə xahiş ediblər ki, Ermənistana və Dağlıq Qarabağa təhlükə yaratdığına görə Azərbaycanın keçirdiyi hərbi təlimləri pisləmək lazımdır. Ancaq nə Mayk Pompeo, nə də Mark Esper belə bir bəyanat vermədi.

Deyim ki, senator Robert Menendeza maraqlı personajdır. O, Azərbaycana qarşı xüsusi nifrəti ilə seçilən siyasətçilərdəndir.

Daily Caller says prostitute interviews are not in doubt - The ...

Onunla bağlı ABŞ mətbuatında ifşaedici materiallar çoxdur. Məsələn, 2012-ci ildə “Daily Caller” yazmışdır ki, senator Menendezanın Dominikan Respublikasında uşaq fahişəxanaları ilə əlaqəsi var. Onun LGBT (seksual azlıqlar) ilə isti münasibətləri də  kimsəyə sirr deyil.

2013-cü ildə Mayami şəhərində onunla bağlı istintaq gedib. O, Floridada oftalmologiya üzrə mütəxəssis olan Salomon Melqen ilə biznes əlaqələrinə görə ittiham olunub. Solomon Melqen Dominikanla bağlı bir məsələnin həlli üçün senatora müraciət edib və ona 60 min dollar vəd edib. Başqa bir məsələ ilə bağlı isə Salomon Melqen senatorun seçki kampaniyasına  750 min dollar keçirib. Bundan başqa senator Melqendən dəyərli hədiyyələr də qəbul edib. Belə-belə şeylərə görə o, korrupsiya və rüşvət ittihamı ilə istintaq altında olub.

Senatorun avtobioqrafiyasında bizim üçün xüsusi maraq kəsb edən daha önəmli bir məqam var. Və o, senatorun Azərbaycana olan xüsusi nifrətinin sirrini bütün çılpaqlığı ilə ortaya qoyur. Söhbət ondan gedir ki, senator Robert Menendez 1976-cı ildə bir müəllimə ilə evlənib. Onların Alisa və Robert adlı övladları var. Ancaq 2005-ci ildə ailə dağılıb və… 2019-cu ildə senator Nadine Arslanyan adlı erməni qadınla ailə qurub. Maraqlıdır ki, erməni xanım özünü beynəlxalq səviyyəli iş adamı kimi təqdim edir.

Ancaq siz elə düşünməyin ki, senator erməni əsilli xanımla evləndikdən sonra ermənipərəst olub. Qətiyyən elə deyil. Əgər yadınızdadırsa, 2010-cu ildə Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri təyin olunması məsələsi gündəmə gəldi. Bu təyinata etiraz edənlər arasında senator Menendez də vardı. Nəyə əsaslanaraq etiraz edirdi?

Deyirdi ki, Metyu Brayzanın xanımı Zeyno Baran etnik baxımdan Türkiyə türkdür. O da maraqlıdır ki, Metyu Brayza da, senator Robert  Menendez də Demokratlar Partiyasının üzvüdür. Hətta Metyu Brayzanı Azərbaycana səfir göndərən də Demokratlar Partiyasından namizəd olaraq prezident seçilmiş Barak Obama idi. Buna baxmayaraq, senator Menendez bu təyinata qarşı çıxdı…

ABŞ səfiri Mattew Bryza Bakıya gəldi
Taleyin işinə baxın: Bir vaxt senator Robert Menendez Metyu Brayzanı türk xanımına görə Azərbaycana səfir təyin olunmasına etiraz edib. Deyib ki, xanımı türk olduğuna görə o, Azərbaycanın maraqlarından çıxış edə bilər. İndi isə öz xanımı ermənidir. Ancaq bu, ona ermənilərin mövqeyindən çıxış etməyə qətiyyən mane olmur.

Təəssüf ki, Amerika siyasəti bu kimi paradokslarla zəngindir.

Son olaraq onu da vurğulayım ki, 907-ci düzəlişlə bağlı dəfələrlə narahatlıq ifadə etmişik. Bu düzəliş ləğv olunmayıb, sadəcə müəyyən müddətə dondurulub. Yəni, nə vaxtsa yenidən qüvvəyə minə bilər. Ona görə də Azərbaycan diplomatiyası bu düzəlişin ləğvinə nail olmalıdır. Özü də indi. Çünki Donald Tramp administrasiyası ermənilərə elə bir önəm vermir. Bəs, sabah necə olacaq? Məsələn, bir vaxtlar ABŞ vitse-prezidenti olmuş Cozef Bayden 907-ci düzəlişin qəbulunda fəal rol oynayıb. Gələn seçkidə o, ABŞ-prezidenti də seçilə bilər. Kim zəmanət verə bilər ki, o, prezident seçilsə 907-ci düzəliş yenidən qüvvəyə minməyəcək? Əminəm ki, bu məsələ Azərbaycanın xarici siyasətinin prioriteti olmalıdır./musavat.com/

https://en.armradio.am/2020/06/04/senator-menendez-requests-gao-review-of-skyrocketing-u-s-military-aid-to-azerbaijan/