AMEA-dan “akademik”ə növbəti tərs cavab: “AMEA-nin səmərəsiz fəaliyyəti və şit manipulyasiyalar”

60

AMEA bu halı ilə əsl funksiyasını itirib, dövlətin strateji maraqları ilə uzlaşmır, inkişafla sözdə və çıxışlarda ayaqlaşsa da, əməldə ayaqlaşmır.
 Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Adil Əliyev deyib ki, XXI əsrin ilk rübündə Azərbaycan Milli Elmlər Akademiyasına hər il dövlət büdcəsindən on milyonlarla vəsait ayrılsa da, ortaya ciddi bir ixtira qoyulmur: “XXI əsrin ilk çeyrəyində AMEA-ya hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insanlar bu elm ocağında fəaliyyət göstərirlər, ortaya isə ciddi heç bir ixtira qoyulmur.” Millət vəkili xeyli mülayim davranıb və “ortaya heç bir ixtira qoyulmur” deyib.
Mən isə deyirəm ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına nəinki ixtiralar edilmir, əksinə, heç bir faydalı işlər görülmür, ziyanlı işlər vasitəsilə külli miqdarda büdcə vəsaitləri mənimsənilir.  Bu deyilənləri  hər an sübut etməyə hazıram.
Onu da qeyd edim ki, Milli Məclisin sədr müavini öz yazısında həmçinin böyük elmi tərəqqiyə imza atan elm adamlarımızı dəyərləndirir, eyni zamanda  AMEA-nın “köhnə nomeklatura məmurları” tərəfindən elmdən kənar müzakirələrin mərkəzinə çevrilməsini pisləyir.
Görəsən, burada doğru olmayan nə var ki?! Bunu qanunverici orqanın rəhbərliyində təmsil olunan şəxs deyir, özü də çox düz deyir. MM sədrinin müavini və ya hər hansı bir millət vəkili nəinki elm və təhsil qurumlarındakı qanunsuzluqlara münasibət bildirmək, həmçinin qanunsuzluqlar haqqında tədbir görülməsi üçün Milli Məclisdə məsələ qaldırmaq hüququna və öhdəliyinə malikdir. Son müşahidələrimə əsasən deyə bilərəm ki, vitse-spiker kimi fəaliyyətə başladığı andan doktor Adil Əliyev obyektivliyi ilə diqqəti cəlb edir, sadə və təvazökar davranır, hər bir taleyüklü məsələyə həssas yanaşır. Bizim bir xalq olaraq belə dinamik, problemlərə operativ müdaxilə edən, həm də mübariz və cəsarətli, sözünü deyən və dinləyən millət vəkillərinə çox ehtiyacımız var.

Bu yaxınlarda AMEA YAP ərazi təşkilatı üzvləri adından bir fəlsəfə doktorunun imzası altında Ümummilli lider Heydər Əliyevin adı ilə manipulyasiya edilərək  vitse-spikerin üzərinə səlib yürüşünün təşkil olunmasını etik çərçivədə qiymətləndirmək olmur. Sanki Mill Məclis rəhbərliyində təmsil olunan şəxs AMEA-dakı qeyri-məhsuldar alimlərin səmərəsiz fəaliyyətindən, göyə sovrulan dövlət vəsaitindən danışa, dövlət əhəmiyyətli problemləri dilə gətirə bilməz. Dərhal həmin yetkilini aşağılayır, onun dediyi həqiqəti “qərəzli bəyanat”, özünü isə “elmdən tamamilə uzaq şəxs” kimi   qələmə verib qaralamağa, haqqında iftiralar uydurmağa çalışırlar. Hətta bir az da irəli gedib deyirlər ki, “Çox maraqlıdır, görəsən Adil Əliyevin özü alimlərə verilən əmək haqqı müqabilində işləməyə razı olarmı?” Bu sualın özü AMEA əkəkdaşlarının heç bir iş görmədiklərini təsbit edir, yəni onlar aldıqları maaşla iş görmürlər. Deməli, baş girələdiklərini bir daha təsdiqləyirlər. Onda niyə narahat olursunuz? Vitse-spiker elə sizin əməllərinizlə təsdiqlədiyiniz  həmin gerçəkləri dilləndirir də.
Müraciətdə deyilir ki, “əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb”. Yenə də niyə narahat olursunuz axı? Hər şeyin bir vaxtı var. Cəmiyyətin “başbilənlər”i sayılan  alimlər öz “problemlərini” qaldıra bilmirsə, susqunluğu ilə cəmiyyətin elmi-mənəvi deqradasiyasını şərtləndirirsə, “ver yeyim, ört yatım” prinsipi ilə başını girələyirsə, dövlət maraqlarının ayaqlanmasına kar və kordursa, büdcəsinin boşa sovrulmasını görməzdən gəlirsə,  dövlət buna nə etməlidir?!
Xeyir ola, maaşdan gileylənən bir sıra AMEA əməkdaşı dövlət qulluqçularının çoxundan qat-qat komfortlu həyat yaşayırlar?! Bağlı-bağatlı evlər, villalar, ticarət şəbəkələri… AMEA-da əsl zəhmət çəkib iş görənlərin acı taleyi də çoxlarına bəllidir. Qanun və ədalət prinsipləri arxa plana keçib. AMEA hazırkı vəziyyəti ilə əsl funksiyasını itirib, dövlətin strateji maraqları ilə uzlaşmır və inkişafla sözdə və çıxışlarda ayaqlaşsa da, əməldə ayaqlaşmır.
AMEA-nın əməkdaşı qismində prosesləri izləmək imkanı olan birisi kimi tam məsuliyyətlə deyirəm ki, vitse-spiker, doktor Adil Əliyev AMEA-da elmi manipulyasiyalar haqqında həqiqətlərin heç beşdə birini deməyib. Yəqin beşdə ikisini, ya beşdə üçünü desəydi,  fırtınalar qopardı.
Doktor Adil Əliyevin öz vəzifəsinin məsuliyyətini dərk edərək dövlətçilik və qanunvericilik yolunda fədakar fəaliyyətini uğurlayır, deyilən böhtanların onu tutduğu yoldan çəkindirə bilməyəcəyinə tam inanıram və əminəm ki, bütün sağlam qüvvələr ümummilli maraqlar naminə ölkə Prezidentinin ətrafında sıx birləşəcək, ölkəmizi elm sahəsində də geriləmələrdən xilas edib müasir çağırışlara cavab verən inkişaf yoluna çıxaracaqlar..
Sonda xatırlatmaq istəyirəm ki,  Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Bu orqanın həqiqətləri söyləyən və ölkə başçısının başlatdığı islahatları əməli surətdə dəstəkləyən rəhbəri və hər bir üzvü Azərbaycan xalqı üçün əzizdir, hörmətəlayiqdir!
Mahiyyətini itirmiş heç bir qurum dövlət maraqlarının fövqündə ola bilməz!
Qeyd etmək vacibdir ki, AMEA dövlətin strateji maraqlarına cavab vermədiyi halda, istənilən vaxt rekonstruksiya oluna, yaxud ləğv edilə bilər. Heç bir fərd dövlət qədər öz vətəndaşlarının qayğısına qala bilməz. Ona görə də dövlətimizi göz bəbəyi kimi qorumalıyıq. “AMEA-da kosmik inkişaf gedir”, “strateji vəzifələr həyata keçirilir” (?!) kimi şüarlarla dövləti, xalqı və dövlət başçısını aldatmağı düşünmək sadəlövhlükdür.
İdris Abbasov, filologiya elmləri doktoru,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
Nəzəri dilçilik şöbəsinin müdiri