Altı sabiq icra başçısı həbsdə: yeddinci kim olacaqsa…

60

Kürdəmirin həbs edilən keçmiş rəhbərinə ittiham elan olundu

2019-cu ildən yerli icra strukturlarında başladılan antikorrupsiya əməliyyatları artıq 6 rayon rəhbərini dörd divarlıq hücrəyə yollayıb. Bu həbslər icra hakimiyyətlərində korrupsiya piramidasını dağıtmaqla yanaşı, regionlarda idarəetmə sistemini dəyişməyə hesablanıb. Rayonlara ayrılan büdcə vəsaitlərini yağmalayan, yerli sahibkarların dərisini soyan, vətəndaşları incidən icra başçıları bir-bir ən yaxşı halda işdən azad olunur, ən pis halda qandallanır. Prezidentin yerli idarəetmə ilə bağlı kompleks tədbirlər həyata keçirəcəyi məlum idi. Çünki dəfələrlə icra başçılarına dürüst işləməyi, camaatla ünsiyyət qurmağı tapşırmışdı. Amma…

Ötən ilin dekabrından Ağstafanın icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq rəhbəri Qoca Səmədovun həbsi ilə start götürən proses bu gün də davam etməkdədir. Onların ardınca Neftçalanın icra başçısı İsmayıl Vəliyev, sonra Biləsuvarın İH rəhbəri Mahir Quliyev Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən iş otağında saxlanılıblar. Beşinci həbs edilən icra başçısı isə İmişlini talayan, özünə sərvət quran, evindən milyonlar çıxan Vilyam Hacıyev oldu. Amma proses bununla yekunlaşmadı. Avqustun 19-da daha bir icra başçısının həbsi xəbəri gəldi. Məlum oldu ki, prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyatla Kürdəmir rayon rəhbəri Ceyhun Cəfərov saxlanılıb.

Həbsdəki icra başçılarının ortaq cəhətləri: ordenlər, pulsuz ...

İlk həbs edilən başçıları – N.Quliyev və Q.Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. İ.Vəliyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib. M.Quliyevə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. V.Hacıyevə qarşı isə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittihamı irəli sürülüb.

Saxlanılan Ceyhun Cəfərov kimdir?

Son olaraq həbs edilən C.Cəfərov da 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Sabiq məmurların məhkəməsi 2020-ci ilin payızında olacaq. Onları azı 5-7, hətta 11 il həbs cəzası gözləyir. Amma gedişat göstərir ki, icra başçıları ilə bağlı sərt tədbirlər davam edəcək. Hələ ki, əsasən Aran və Qərb bölgəsi üzrə əyalətlərin başçıları həbs edilib. İddialara görə, prosesin arealı genişlənə və cənub, şimal zonasını da əhatə edə bilər. Ümumiyyətlə, son dövrlər elektron mediada əyalət başçılarından şikayətlər yenə də artıb. Sahibkarlar, vətəndaşlar, fermerlər zləşdikləri problemləri, qanunsuzluqları dilə gətirirlər. Onlar xüsusən torpaq sahələri, əmlakla bağlı yerli məmurların qanunsuz tələbləri və qərarları ilə üzləşirlər. O baxımdan həbslərin davamının gələcəyi istisna edilmir.

Fəzail Ağamalı: Paşinyan nə qadındır, nə də kişi - İki sahil

Fəzail Ağamalı

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bu həbslərlə bağlı qeyd etdi ki, təəssüf doğuracaq bir vəziyyətdir. Deputatın sözlərinə görə, prezident İlham Əliyevin 2018-ci ildən başlanan və sistemli xarakter daşıyan islahatları bir sıra məmurlar tərəfindən nəzərə alınmır. “Dövlət başçısının korrupsiyaya qarşı mübarizəsindən və iradəsindən bəziləri nəticələr çıxarmır, hələ də xoşagəlməz hallara şahid oluruq. Bu da təəssüf doğurur. Bir daha xatırlatmaq istərdim ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyev Milli Məclisdə inaqurasiya mərasimində çox ciddi məsələlər üzərində dayandı. Bu, Azərbaycanı yeniləmək, dəyişmək, inkişafa mane olan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli, amansız mübarizə aparmağın anonsu idi. Və biz prezidentin söylədiklərinin konkret nəticələrini artıq görməkdəyik”, – deyə F.Ağamalı vurğuladı.

Onun sözlərinə görə, təkcə icra başçıları həbs edilməyib, eyni zamanda mərkəzi strukturlarda, Mədəniyyət Nazirliyində, Sərhəd Qoşunlarında, bu yaxınlarda isə Xarici İşlər Nazirliyində korrupsiya hallarına qarşı mübarizənin şahidi olmuşuq: “Biz bir daha gördük ki, islahatlara ciddi maneçilik törədənlərə qarşı mübarizə davam edəcək, heç kəsə əvvəlki xidmətlərinə, kiməsə arxayın olmalarına görə güzəşt olunmayacaq. Bunu dövlət başçısı da bəyan edib. Odur ki, xəbərdarlıqlardan nəticə çıxarmayanlar nəinki vəzifəsini itirəcəklər, həyatlarının uzun müddətini həbsxana divarları arasında keçirməli olacaqlar”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, son həbslər problemin təkcə kadrlardan ibarət olmadığını təsdiqləyir. Onun sözlərinə görə, kadrların dəyişdirilməsi problemin həlli üçün yetərli deyil: “İdarəetmənin yanaşması, fəlsəfəsi dəyişməlidir. Ölkənin rayonlara bölünməsinə, hərəsinə bir icra başçısı təyin olunmasına ehtiyac yoxdur. Bu, həm də resursların israfçılıqla xərlcənməsinə səbəb olur. Hamı bilir ki 110 min əhalisi olan bir rayonun icra başçısı aldığı 855 manat maaşla dolanmır və rəhbərlik etdiyi  bölgəyə ”arxa bağçası” kimi baxır.

Ona görə də yerli özünüidarəetmə güclənməlidir, bələdiyyələrin sədrlərini insanlar seçməlidir, prezident üsul-idarəçiliyi olduğu üçün 10-15 böyük iqtisadi bölgə yarada, ora nümayəndələrini təyin edə bilər”. N.Cəfərlinin dediyinə görə, bu sistem Fransa və Türkiyədə var:  “Azərbaycanın öz reallıqları var və bu sistemi tətbiq etməklə daha sərt mexanizm qurmaq mümkündür. Bununla həm də mərkəzin yükün azaltmaq olar. Çünki hansı rayonda nə problem olursa, vətəndaş prezidentə məktub yazır. Belə olmalı deyi. Əgər seçkili orqanlar olsa, yerli özünüidaretmə güclənsə bu problemlər aradan qalxar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”