Almanların gücləri və gücsüzlükləri

168

Güc dedikdə, əlbəttə, çox şey nəzərə alınır və burada fiziki gücün heç bir əhəmiyyəti və rolu yoxdur. Biz əlbəttə güc dedikdə ağıl, idrak, təfəkkür, zehin – bir sözlə, düşünmək, mahiyyətlərə enmək, onları açmaq, müşkülləri həll etmək, böyük, dərin nəticələrə gəlmək xüsusiyyətlərini nəzərdə tuturuq ki, ümumiyyətlə qədim yunanlardan sonra xüsusən son  4-5 yüzillikdə birincilik, əlbəttə, almanlara məxsusdur. Burada əlbəttə, təmiz fəlsəfə nəzərdə tutulur. Sağlam düşüncə, xeyir və şəri və reallığı görmək bacarığı, sosoioloji dəqiqlik və təyinat, eyni zamanda dəyərlərə qiymət vermək bacarığına gəldikdə isə fransızlar əlbəttə, almanları çox-çox arxada qoyur.

Mənim həyatda gördüyüm böyük və qorxunc həqiqətlərin təsdiqini ilk dəfə təsadüfən əlimə keçən kitablarda oxuyub görəndə (Makiavelli, Monten, Monteskye, Şopenhauer, Ştirner, Qobino, Volter, Lyapuj, Ammon və nəhayət misilsiz və amansız həqiqətlərin atası Lebon) gözlərim açıldı və məndə anadangəlmə cücərtiləri coşqun şəkildə pöhrələndirdi və dünyagörüşüm tam formalaşdı. Lakin əlbəttə Coys, Nitşe, Kafka bu “qazanın” bir növ “qapağı” kimidir.

Bu beyin nəhənglərinin çoxunun qapısını toz basan həqiqət sarayına baş vurub oradakı gözü kor, qulaqları kar və dilləri lal edən daş-qaş ümumiyyətlə insanlığı və onun yaratdığı sivilizasiya  canlıların zirvəsində oturmağa əsas verir.

O dövrdə bu həqiqətlərin bircəsinin açıqlanması belə, ölüm və  ən azı gedər-gəlməzlə nəticələnə bilərdi.  Lakin mən bu qədər ağır həqiqətləri uzun illər ürəyimdə, beynimdə gəzdirib onları çoxlu sayda şeir, hekayə, povest, roman, esse, publisistika,  dialoqlar şəklində özüməməxsus şəkildə, öz dilimdə və öz üslubumda gördüklərimi və dərk etdiklərimi ümumiləşdirib mənim də bir gün  bayram edəcəyim günlərə saxlamışdım.

Və ağlasığmaz, inanılmaz olsa da möcüzə baş verdi. Az qala dünyanın yarısını işğal etmiş zülm və riyakarlıq imperiyası dağıldı və bizim balaca Azərbaycan da pis mənada müstəqil olsa da, yaxşı mənada senzura həmişəlik ləğv edildi. Amma qəribə o olduk ki, 70 ildə qadağan olunan Nitşe və Coyslar, Qobino və Şopenhauerlər və Lebonlar hətta Azərbaycan dilində çap olunsalar da, xalqımızın qaymağı sayılan yazıçı, filosof və ziyalı kütləsi onların yanından demək olar ki hiss olunmadan ötüb keçdilər. Çünki Nitşe və Kafka ilə onların arasındakı  dərketmə fərqi o qədər böyük idi ki  başqa cür də ola bilməzdi.

Bəli, səsimə səs verənlər, yaratdıqlarımın dəyərindən faydalananlar və bunu təsdiq edən xoşbəxtlər oldu, amma necə deyərlər on mində, yüz mində birilər.

Dünyada ən böyük həqiqət odur ki, yazıçı Ceyms Coys etiraf edib yazır: “Mən az xeyirxah adamam”. Bəli, əgər hələ bu qədər qüdrətli zəka sahibi çox az xeyirxah olduğunu boynuna alırsa,  deməli  bəşəriyyətin 99 faizi xeyirxahlığın nə olduğunu yerli-dibli bilmir. Çünki bu hiss insanlara yaddır və tamamilə bir neçə heyvan istisna olmaqla heyvanlara xas olan xüsusiyyətdir. Yalnız mində bir nəfər  kanalizasiya lyukuna və ya dərin uçuruma düşən  canlını xilas edər. Məsələn bir nəfər yuxarıdan sürətlə üzüaşağı gələn adamın qabağındakı açıq kanalizasiya lyukunu görmədiyini görüb onu xəbərdar etmək və ya əgər artıq düşübsə, əziyyətlə də olsa dartıb çıxarmaq hələ qətiyyən xeyirxahlıq deyil. Xeyirxahlıq  özünü qorxunc təhlükəyə məruz qoyub başqasını və hətta iti, pişiyi və ya hər hansı bir heyvanı, yaxud hətta körpə quş balasını, daha dəqiqi isə sənin xeyrinə danışmayan, hətta yüngülvari də olsa zərərinə danışan bir adamı aradan götürmək imkanın ola-ola – yəni bu iş baş verərsə heç yanda heç  bir reaksiya olmayacağını bilə-bilə həmin adama nəinki toxunmamaqda, hətta sənə heç bir zərəri olmayan halda  ona yadım etməkdədir.  Yalnız bu cür şəxs sözün əsl mənasında xeyirxah, sağlam düşüncə və nəcib təbiət sahibidir. Əgər beləsi üstəlik insan davranışının, fəlsəfi və bədii təfəkkürün tarixi və müasir hadisələrin mahiyyətinin açıq qiymətləndirilməsində ustaddırsa,  o artıq bir xalqın deyil, ümumbəşər sərvətidir.  Yalnız beləsinin seçib bəyəndiyini başqa heç kim seçib bəyənə bilməz.

Gəldik mətləb üstünə.  Beş-altı il bundan qabaq böyük Nitşenin bütün külliyyatını əldə edib illərlə eninə-uzununa baş vurub hər fraqmentinin aşkar və gizli qapılarını açıb aşkar və gizli mənasını seçib və həyatda onların təsdiqini görərək  bütün gözəlliklərini yaşayıb  dərk edərək  hələ Almaniyada  heç kimi bu işi görə bilmədiyinə əmin olduqdan sonra “Nitşe külliyyatından qızıl seçmələr” adı ilə bir toplum şəklində çap etdirdim.  Əlbəttə, seçdiyim hər bir fraqmentə qısa və ya geniş şəkildə izahlarla birlikdə. Gözlənilmədən Brüsseldə ümumdünya bankında işləyən bir tələbəm  həmin kitabı götürüb Almaniyada nəşr etdirmək üçün özü ilə apardı. Amma nə qədər istəsə də Nitşenin kütbeyinliklərindən dönə-dönə dad çəkdiyi alman təfəkkürlüləri və redaktorları onu çap etməkdən imtina etdilər. Guya ki bütün bunlar onlara çoxdan məlumdur.

Ey gönü qalın almanlar, siz o qanmazlar deyilsizmi ki, Nitşe öz  “Zətrdüşt belə deyirdi” əsərinin  ilk çapını kiməsə bağışlamaq üçün cəmi 4 (dörd)  adam tapa bilmişdi. Başa düşürsüzmü, sizin kimi bütün alman ədəbiyyatçıları, filosofları və ziyalıları içindən cəmi dörd adam  həmin  şedevr kitaba maraq göstərmişdir. Siz axı min il də əlləşsəniz mənim 10 cildlik Nitşe külliyyatından seçdiyim bu parçaları seçib tapa bilməyəcəksiz.

Dediklərimin sübutu kimi bir misal: Keçən əsrin 60-cı illəri idi. Bakıda universiteti yenicə bitirmişdim. Amma təbii ki, iş tapa bilmirdim. Çünki bunun üçün nə dövlətli ailədən idim, nə də Bakıda yüksək yerlərdə, hətta lap aşağılarda da heç bir qohumumuz, tanışımız yox idi. Mühasib işləyən böyük qardaşımla bərabər  kirayə ev tutub yaşayırdıq.  Əlbəttə işim-gücüm hər gün fəlsəfəyə aid, SSRİ-də qadağan olunmuş böyük yazıçıların əsərlərini tapmaq, üzlərini köçürüb gecə-gündüz oxumaq və eyni ruhda şeirlər, hekayələr, povestlər, romanlar yazmaq idi. Heç biri çap olunmasa da bu məni qətiyyən ruhdan salmırdı. Üstəlik evinə balıq alıb aparmadığıma görə şair Rəsul Rza Yazıçılar İttifaqına üzv olmağa və  “Qızılbaşlar” romanının çapına imkan da vermirdi. Ona görə sevdiyim qızla da nişanlanmaq mümkün olmadı. Bu vəziyyətdə bir gün dostum Beytulla Şahsoylu ilə bulvarda çay içib söhbətləşirdik. Başımı qaldırıb bir də gördüm ki  adını çəkdiyim şairin şöhrətli və vəzifəli yazıçı oğlu özü kimi dostları ilə bizdən bir az aralı  oturub mənə baxırlar və görsəydiniz üzlərində necə məmnunluq, necə yüksək əhval-ruhiyyə vardı. Mən bunun səbəbini bilmədim.  Çünki o yaradıcılığının hələ ilk nümunələrini yaradırdı və bu qədər inamlı əhval-ruhiyyəsi üçün elə bir əsas da yox idi. Və… xeyli müddət sonra Nitşenin aşağıdakı kiçik fraqmentini oxuyanda hər şey mənə aydın oldu.

 

   Ey ümidsizləşənlər!

   Bilsəydiniz nə qədər sizdən güc alır,

   Sizi uzaqdan seyr edənlər…

 

Hə, deməli mənim yaşadığım bu çətin vəziyyətmiş ona bu gücü, bu özünə inamı bəxş edən. Nitşenin  bu üç misralıq dahiyanə sətirlərində gizlənmiş amansız həqiqəti hansı alman filosof və filoloqu görə və aça bilərdi?

Axı sizin, Nitşenin gördüyü bu insan qanmazlıqlarını, insan zülmlərini, insan hərisliklərini görə biləcək gözləriniz, dərk edə biləcək neyronlarınız yoxdur. Əks təqdirdə  20 ildən bəri toyuq qədər də ağlı olmayan keçmiş “komsomolkanın” idarəçiliyinə və rəhbərliyinə dözə bilməzdiniz. Dözürsünüz, deməli artıq Nitşeyə layiq deyilsiz. Çünki bunu 80 ildən bəri tarixdə görünməmiş zülm və riyakarlıq səltənətində yaşayıb-yaradan və Allah bilir nələr çəkən mən deyirəm.  Siz tupoysuznuz və üstəlik bu tupoyluğunuzda zərrə qədər də olsa qüsur görmürsünüz.

Qayıdaq bu günlərdə internetdə gördüyüm qəribə və maraqlı bir hadisəyə. Hansı bir ölkədəsə (çox güman ki,Vyetnam, ya da Laos) küçənin qırağında kanalizasiya lyukunun yanında fırlanıb şikayətlə qaqqıldayan, az qala ürəyi gedən bir ördək görürlər. İki üç nəfər yığışıb heyvanın niyə belə fəryad etməyinin səbəbini axtarırlar. Və məlum olr ki məsələ lyukla bağlıdır.  Lyuku açıb görürlər ki  ördəyin təzə çıxan səkkiz balasının hamısı kanalizayiya düşüb. Hardansa nərdivan tapıb gətirirlər və onlardan biri kanalizasiyaya enib üfunətli su içindən balaları bir-bir çıxarıb buraxırlar. Beləliklə balalarının hamısının çıxdığını görüb ana ördək  yanına salaraq çaya doğru gedir. Təbii ki ördək  bu xeyli əziyyət tələb edən iş üçün, xeyirxahlıq üçün xilaskara heç bir təşəkkür də etmir. Burdan nə nəticə çıxır? Burdan belə bir nəticə çıxır ki ördək  bu işi görməyi adamların borcu hesab edir. Deməli ördək belə hesab edir ki onun balalarını xilas etmək hamının borcudur. Borc bir şeydir, xeyirxahlıq bir şey. Kiminsə imkanı ola-ola hansı bir imkansızasa  yardım etmək borcdur. Amma bizdə şəxsən mən bu borca əməl edən  iki-üç adama rast gəlmişəm. Halbuki  həmin adamların bu borcu yerinə yetirmək imkanları çox cüzi olub. Bu imkan bizim  ən yüksək kreslolarda oturanlarımıza aiddir. Amma axı onlar hətta yırtıcı pələngin və ya canavarın belə, göstərdiyi xeyirxahlıqdan və alicənablıqdan  çox-çox uzaqdırlar. Qaldı ki hətta xoşları gəlməsə belə, amma xeyirxahlığa layiq olan bir adama əl tutmaq; beləsinə bizdə rast gəlmək ağ rəngli fil görmək kimi ağlasığan hadisə deyil.

Əlisa NİCAT