Almaniya və Gürcüstan arasındakı hərbi müqavilənin PƏRDƏARXASI

    39

    Şahin Cəfərli: “Almaniya tərəfindən Gürcüstanın NATO-ya qəbuluna kömək vəd edilməsi vacib detaldır”

    “Qərb eyni səhvləri təkrar etməməlidir”

    Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin srağagün yaydığı məlumata görə, ölkənin müdafiə naziri Levan İzoriya ilə Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bu ölkələrin ikitərəfli münasibətləri tarixində ilk dəfə olaraq, hərbi sahədə əməkdaşlıq barəsində razılaşma imzalayıblar. İmzalama mərasimi Almaniyada keçirilib.

    Nazir İzoriya Almaniyaya səfəri çərçivəsində fon der Lyayen ilə görüşdən sonra bildirib: “İki ölkənin əməkdaşlığı tarixində ilk dəfə hərbi sahədə əməkdaşlıq barəsində müqavilə imzalanıb. Müqavilədə qeyd olunub ki, Almaniya yenə də NATO-nun Gürcüstana qarşı açıq qapı siyasətini dəstəkləməyə davam edəcək və ölkənin NATO-ya inteqrasiyası yolunda maksimum səy göstərəcəkdir”.

    İzoriya Berlində keçiriləcək, təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda iştirak etməyi planlaşdırır.

    Xatırladaq ki, Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildə ölkə “Sülh naminə tərəfdaşlıq” prqoramının iştirakçısı olduğu zaman başlanıb. 2004-cü ildə narıncı inqilabdan sonra NATO ilə Gürcüstanın əməkdaşlığı daha da intensivləşib. 2008-ci ilin aprelində Buxarestdə NATO sammitində gələcəkdə, standartlara uyğun olacağı təqdirdə Gürcüstanın NATO üzvü ola biləcəyi rəyi təsdiqlənib. 2014-cü il 4-5 senyabr tarixlərində Uelsdə keçirilən sammit çərçivəsində Gürcüstanın alyansa üzv olmasına hazırlıq aparan tədbirlər paketi təsdiq edilib. Bu tədbirlər paketi çərçivəsində Gürcüstanda müntəzəm şəkildə birgə hərbi təlimlər keçirilir.

    Gürcüstanın və Almaniyanın müdafiə nazirlərinin hərbi sahədə əməkdaşlıq barəsində razılaşma imzalamasının Gürcüstanda keçirilən prezident seçkilərindən bir gün öncəyə təsadüf etməsi diqqəti çəkir. Çünki, həmişə olduğu kimi, Gürcüstandakı seçkilərdə Qərbin və Rusiyanın rolu aşkardır. O baxımdan, Gürcüstanın Almaniya ilə hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalaması həm də ölkənin sürətlə Qərbə inteqrasiyasını göstərir. Demək olar ki, Gürcüstan öz yolunu seçib, Qərbə inteqrasiya hədəf kimi müəyyənləşib. Rusiya hər vasitə ilə Gürcüstanda təsiri gücünü qoruyub saxlamağa çalışsa da, artıq gecdir. Əslində, Gürcüstan Qərbə inteqrasiya xətti tutmaqla, ölkənin gələcəyi üçün doğru seçim edib.

    “Gürcüstan hökuməti Qərbin aparıcı dövlətləri ilə ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışır”

    Похожее изображение

    Seçkilərdən bir gün öncə, Almaniya və Gürcüstan arasında hərbi sahədə imzalanan müqavilə ilə bağlı politoloq Şahin Cəfərli “Hürriyyət”ə dedi ki, bu anlaşmanın seçki ilə əlaqəsi yoxdur: “Gürcüstan hökuməti Qərbin aparıcı dövlətləri ilə ikitərəfli əlaqələri inkişaf etdirməyə çalışır və bu, davamlı prosesdir. Çünki Gürcüstan avroatlantik inteqrasiya istiqamətində irəliləyən ölkədir. Bilirsiniz ki, hələ NATO-nun 2008-ci il Buxarest zirvəsində rəsmi qərar qəbul olunub ki, ittifaqın qapıları Gürcüstan və Ukrayna üçün açıqdır. 2014-cü il Uels zirvə görüşündə Gürcüstanın üzvlüyə hazırlanmasına, alyansın standartlarına uyğunlaşmasına kömək məqsədilə tədbirlər paketi təsdiqlənib. Həmin paketə uyğun olaraq müntəzəm şəkildə Gürcüstan ərazisində birgə hərbi təlimlər keçirilir”.

    “Qərb istər NATO çərçivəsində, istərsə də ikitərəfli əsasda Gürcüstana və Ukraynaya mümkün olan bütün dəstəyi verməlidir”

    Cəfərli onu da xatırlatdı ki, 2016-cı il Varşava sammitindən sonra isə Gürcüstana önəmli silah sistemlərinin verilməsinə başlanıb: “Belə ki, ABŞ qonşu ölkəni “Javelin” tank əleyhinə raket kompleksi, Fransa isə hava hücumundan müdafiə sistemi ilə təchiz edib. Bundan başqa, ABŞ Gürcüstan ordusu üçün 9 yeni batalyonun təlim və hazırlığını öz üzərinə götürüb. Yəni Gürcüstanın NATO üzvlüyünə hazırlanması və müdafiə qabiliyyətinin artırılması prosesi fasiləsiz aparılır. Bu çərçivədə təbii ki, NATO-nun lider ölkələri ilə ikitərəfli əlaqələrin inkişafına da xüsusi diqqət yetirilir. Gürcüstan-Almaniya hərbi əməkdaşlığına dair sənədin imzalanması da bu qəbildən olan addımlardan biridir. Sənədin özündə hər hansı sensasion məqam olmasa da, orada Almaniya tərəfindən Gürcüstanın NATO-ya qəbuluna birmənalı dəstəyin ifadə olunması və bu istiqamətdə kömək vəd edilməsi vacib detaldır. Çünki sirr deyil ki, NATO-nun Avropa qanadı (Almaniya-Fransa) Gürcüstanın, eləcə də Ukraynanın ittifaqa üzvlüyü məsələsində ABŞ-a nisbətən daha ehtiyatlı mövqe tutur. 2008-ci ildə Buxarest sammitində məhz Merkel və Sarkozi bu 2 postsovet ölkəsinə NATO-ya inteqrasiya yolunda son mərhələ olan “Üzvlük üçün Fəaliyyət Planı” verilməsinə razı olmamışdılar. Bundan cəsarətlənən Rusiya isə elə həmin ilin avqustunda Gürcüstana hücum etmişdi. Qərb artıq eyni səhvləri təkrar etməməlidir və istər NATO çərçivəsində, istərsə də ikitərəfli əsasda Gürcüstana və Ukraynaya mümkün olan bütün dəstəyi verməlidir. Bu baxımdan sözügedən ikitərəfli anlaşma əlbəttə ki, əhəmiyyətlidir”.

    “Moskva Gürcüstanın NATO üzvlüyünə müqavimətin mənasız olduğunu anlayacaq”

    “Əlbəttə ki, Rusiya bu prosesdən məmnun deyil və Gürcüstanın NATO-ya qəbuluna qarşı çıxmağa davam edir, amma əngəlləyə də bilmir. Qərb Gürcüstanın avroatlantik inteqrasiyası prosesini ehtiyatla aparmaqla, Rusiyanı tədricən buna alışdırmağa, onu təhrik etməməyə çalışır. Zamanla Moskva Gürcüstanın NATO üzvlüyünə müqavimətin mənasız olduğunu anlayacaq”,-deyə politoloq əlavə etdi.

    Şamo EMİN, Hurriyyet.org