Alıyevdən ilk, Ramazanovdan rekord

333

Qismət Alıyev “Zirə”də qol hesabını açıb. O, Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la oyununda (2:2) fərqlənib. Yarımmüdafiəçi “qartallar”ın heyətində keçirdiyi 7-ci matçda ilk qolunu vurub. Qismət klub tarixinə Premyer Liqada qol sevinci yaşayan 46-cı futbolçu kimi düşüb. Onadək komandanın 45 üzvü rəqib qapılarına yol tapıb.
“Zirə”nin digər qolunun müəllifi Ağabala Ramazanov isə rekorda imza atıb. O, “Zirə”nin Premyer Liqada ən yaxşı yerli bombardiri olub. “Qartallar”ın heyətində 12-ci matçına çıxan hücumçu 7-ci dəfə fərqlənib. Komandanın kapitanı bununla da 6 qol vuran Vüsal İsgəndərlini arxada qoyub.
Ağabala “Zirə”nin Premyer Liqadakı bombardirləri cədvəlində 5-cı sırada qərarlaşıb. O, legionerlərdən – Nelson Bonilla (14), Riçard Qadze (13), Xulio Sezar Rodrigez (12) və Milan Duriçdən (8) geri qalır.