Alim yeni deputata “əqidəsiz” dedi, qarşıdurma yarandı

    6

    "Etibar Əliyev onun seçilməsi yox, təyin edilməsi fikrimə əsaslı cavab vermək əvəzinə xırda hisslərə qapılıb və mənim Təhsil Nazirliyində olan bir problemimə etdiyi köməkdən danışıb".

    Bu sözləri tarxiçi alim Nəsiman Yaqublu bildirib.

    O əlavə edib ki, həqiqətən də bir problemin həlli üçün Etibar Əliyevə müraciət edib: "Mən həqiqətən problemin həlli üçün keçmiş müsavatçı kimi təhsil nazirliyindəki əlaqələrini düşünüb ona müraciət etmişdim. O isə məni nazirlikdə Aparat rəhbərinin müavini Yaqub Piriyevin yanına göndərmişdi. Yaqub Piriyev məsələni həll edə bilməmişdi. Bunu Etibar Yaqub müəllimdən soruşa da bilər. Belə olduğu halda onun mənim işimə kömək etməsi fikrini yayması yenə onun ictimaiyyəti çaşdırdığını göstərir", – deyə Nəsiman Yaqublu vurğulayıb.

    Tarixçi alim daha sonra Etibar Əliyevin ünvanına sərt ittihamlar səsləndirib: "Etibarın savadlı insan olduğunu qeyd etsəm də onun əqidəsiz olduğunu da bildirirəm. O əvvəllər Müsavat Partiyasında idi, sonra Müsavatı atıb Odlar Yurdu universitetinin rektoru Əhməd Vəliyevin yanına – ona vəkillik etməyə getdi. Sonra Təhsil naziri M.Mərdanovun yanından qovuldu və başladı onun haqqında anektodlar düzəldib danışmağa, davamınca yeni naziri – M.Cabbarovu təriflədi. E.Babayev BDU-ya rektor təyin ediləndə bir qrup adam ona qonaqlıq verdi və başladı bir yerdə oxuduğu rektoru tərifləməyə. Sonra nə oldusa, hansı işi keçmədisə rektorun prinsipial mövqeyini görüb rektoru tənqid etdi və nəticədə universitetin 100 illik yubileyindən qapıdan biabırcasına qovuldu. Etibar bəy, bu faktlar bəs edir yoxsa yenə sadalayım? Sənə saxtakar sözünü deyənlərin sayı yüzlərlədir və bacarığın çatırsa əlində ciddi seçki sənədlərin varsa Mehman bəyin dediklərini təkzib et və ictimaiyyəti inandır. Mən isə sənə saxtakar yox, saxta yolla təyin edilən demişəm. Mənim yazdığım kitablarla isə nəsillər böyüyür və bununla da fəxr edirəm. Bəs sən nə yazıb ortalığa qoymusan? O ki, qaldı Rəsulzadə irsini mənim cəmiyyətə sevdirə bilməməyimə. Sən bax burada əsil saxtakarlığa yol verirsən – onun haqqında yazdığım kitabları minlərlə insan maraqla oxuyur və xoş sözlərini yazırlar. Bəli, mən Rəsulzadə irsini səni Milli Məclisə təyin edənlərə olsun ki, sevdirə bilməmişəm. Bu başqa bir problemdir. Bu sualın cavabını-yəni mənim haqlı mövqedə olduğumu-yəni Rəsulzadə irsi olmadan demokratik cəmiyyət qurmağın mümkünsüzlüyü cavabını isə zaman özü verəcək!"

    Etibar Əliyevin Nəsiman Yaqubluya cavabı gecikməyib. Təhsil eksperti barəsində səsləndirilinə ittihamlara cavab verərəkən bildirib: "Nəsiman Yaqublu yazır ki, Etibar Əliyev Müsavat partiyasını atıb Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin yanına getdi. Görürsünüzmü, təkcə elə bu cümləyə görə ona savadsız deməkdə haqlıyam. Universitetdə dərs demək əqidə məsələsidir? Onun ikinci yanlışlığı: Yazır: "Mərdanovun yanından qovuldu və başladı onun haqqında anekdotlar düzəldib danışmağa."

    Kollec tələbəsi səviyyəsində qeybət. Mərdanov məni işdən qovmayıb. Riyaziyyat İnstitutu iki addımlıqdadır, bunu gedib Mərdanovdan soruşa bilərsən. Bu alimi-biəməl sonra yazır ki, guya məni BDU-nun 100 illik Yubileyindən qapıdan qovublar. Bu da ağ yalandır və çayxana qeybətidir. Həmin tədbirdə mənim adım texniki xəta ucbatından kompüterdə çıxmamışdı. Sonradan bunu mənə çatdırdılar. Nəsimanın cəsarəti çatırsa bunu da rektorundan soruşa bilər. Əgər belə olsaydı mən "BDU- nun 100 illiyi Azərbaycan Respublikası Yubiley medalı" ilə təltif olunardımmı? Nəsiman Yaqublu sonra seçki barədə ağlının kəsmədiyi şeylərdən danışır. Bircə məsələni deyim ki, onun seçkidən danışmağa mənəvi haqqı yoxdur. Topladığı səslərinin sayı 342-dir. Mən isə yetərincə səs toplamağımı ona istənilən tribunada başa sala bilərəm.

    Nəsimanın öyündüyü əsərlərinə gəldikdə isə sözümün üstündə dururam: bunların heç biri elmi əsər sayıla bilməz. Günah məndədir. "Milli Azadlıq Hərəkatı Ensiklopediyası"nı tərtib edəndə gərək ensiklopediya anlayaşından xəbərsiz olduğunu ortaya qoyaydım.

    Aydın Balayevdən elm əsər yazmağın metodologiyasını öyrənməyi tövsiyyə edirəm".

    Nəsiman Yaqublu ilə Etibar Əliyevin arasındakı söz atışmasının kökündə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri dayanır. Etibar Əliyev bu seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsinin qalibi elan edilib. Nəsiman Yaqublu isə onu hakimiyyətin "yedək namizədi" adlandırıb və qələbəsini şübhə altına salıb. Bundan sonra ziyalıların qarşılıqlı ittihamları başlayıb./yenisabah.az/