Aleksey Fenenko: «NATO çoxdan Rusiya sərhədlərinə yaxınlaşıb-Ermənistanın köməyi ilə»

138
“Əsgərləri Azərbaycan ərazisi Qarabağda vuruşan Ermənistan, KTMT-yə deyil, NATO-ya müraciət etdi, çünki hazırkı Ermənistan hakimiyyətinin əlaqələri və müttəfiqləri Rusiyada deyil, Qərbdədir”. Lomonosov adına Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsi Beynəlxalq Təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko bu sözləri, Ermənistan prezidenti Armen Sarkisyanın NATO qərargahına ziyarəti əsnasında alyansın Baş Katibi Yens Stoltenberqdən Türkiyənin əleyhinə kömək istəməsini şərh edərkən Vestnik Kavkaza-nın müxbirinə verdiyi müsahibəsində söylədi.
Ekspert  bu səfərin – “erməni siyasətinin təbii təkamülü” nün təzahürü olduğunu vurğuladı. “Son 15 ildə Ermənistan mütəmadi olaraq NATO ilə yaxınlaşdı. Hətta Şimali Atlantika Alyansının rəsmi saytında Ermənistanla hərbi əməkdaşlıq barədə xeyli çox sayda məlumat olması təəccüblüdür. Respublika NATO ilə ən çox birgə hərbi proqramı olan KTMT ölkəsi olduğunu heç vaxt gizlətməyib”.
“Bütün bunlar 2 il yarım əvvəl Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə daha da gücləndi. O, nəinki Ermənistan-NATO qarşılıqlı fəaliyyət formatını ortaq hərbi təlimlər keçirməyə qədər genişləndirdi, Paris, Vaşinqton və Berlindəki dostlarının da eyni  zamanda KTMT və Aİİ-nin qeyri-effektivliyi barədə fikirlərindən danışmağa başladı. Münaqişəni kəskinləşdirməyə başlayan Paşinyan, ona anti-Rusiya addımlarına görə minnətdar olan yerli erməni diasporasının, həm də Parisdən və Vaşinqtondan olan siyasətçilərin işğal altındakı ərazilərin saxlanılmasına kömək edəcəyinə ümid etdi”deyə Aleksey Fenenko qeyd etdi.
Buna görə Qərbin Ermənistanı rəsmi səviyyədə dəstəkləməməsi Nikol Paşinyan və komandası üçün əsl şok oldu. “Və burada tamamilə təbii ki, şok vəziyyətində, Rusiya tərəfdən necə göründüyünü düşünmədən, Ermənistan hakimiyyəti kömək istəmək üçün Qərbdəki müttəfiqlərin hüzuruna getdi. Paşinyanı Ermənistanda Qərb hakimiyyətə gətirdi, buna görə Paşinyan indiyə kimi necə gözləyirdisə hələ də onlardan dəstək gözləməyə davam edir. Hazırda gedən hərbi əməliyyatlar zamanı NATO-nun Türkiyə vasitəsilə ilə Rusiya sərhədlərinə yaxınlaşdığını deyənlər, unudurlar ki, NATO artıq çoxdan Ermənistanla ortaqlıq yolu ilə Rusiya sərhədlərinə yaxınlaşıb” ekspert bildirdi.
Yeri gəlmişkən, İrəvan Ermənistan prezidentinin Brüsselə özünü ifşa edərək biabır etdiyi səfərdən heç nə əldə edə bilmədi: Sarkisyanla görüşdə İttifaqın baş katibi Yens Stoltenberg vurğuladı ki, NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil və bununla da Türkiyə də münaqişəyə qarışmır. Aleksey Fenenkonun dediyinə görə, bu gözlənilən idi. “Mürəkkəb münasibətlərə baxmayaraq nə amerikalılar, nə də avropalılar Ermənistan naminə Türkiyə ilə münasibətləri pozmaq istəmirlər. Böyük Britaniya ilə Türkiyə arasındakı son təmaslara baxmaq kifayətdir” dedi.
“Bundan başqa, Ermənistana kömək etmək sadəcə sərfəli deyil. Nə dəniz limanlarına, nə də Türkiyədən başqa digər NATO ölkələrinə birbaşa hava dəhlizi yoxdur. Türkiyə isə Amerika hərbi qüvvələrini İrəvana keçirməyə imkan vermir. Qara dənizdə və hətta Krım yaxınlığında hansısa qruplaşma yaradılması Rusiyanın sərt reaksiyasına səbəb olacaq və yenə də böyük sual budur ki, Türkiyə bu gəmilərin boğazlardan keçməsinə razı olacaq ya yox. İrəvanın maksimim ümid edə biləcəyi Brüsseldən Ankaraya zəngdir.Amma belə bir çağırışın da xeyri olmayacaq, çünki döyüş meydanında Türkiyə, Azərbaycan döyüşür” ekspert deyib.
Ülviyyə Şükürova