Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə təxirə düşdü

    30

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə düşüb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilməli proses qeyri-müəyyən səbəbdən gələn ayadək təxirə düşüb.
    Xatırladaq ki, ötən prosesdə hakimlər iş materialları ilə tanış olmaq üçün prosesi təxirə salmışdı.

    Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apelyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.