Akademiki müdafiə etməyə cəhd edən dosentə CAVAB

    24

    Nə qədər çalışırsan ki, münaqişələrdən kənar olasan, xeyri yoxdur. Kimsə peyda olur və əlcək atır. Məşhur bir lətifədə deyildiyi kimi: “Sağa getsən, heç nə tapmayacaqsan, sola getsən, heç nə tapmayacaqsan, qabağa getsən, heç nə tapacaqsan, yerində dayansan, heç nə özü gəlib səni tapacaq… Dünən “Feysbuk” səhifəmdə bir status yazmışdım: “AMEA-nın həqiqi üzvü, FİLOLOQ: “15 iyunda Azərbaycan xalqı vətəndaş müharibəsindən, qarşıdurmalardan, xaosdan, az qala VAR OLMAQDAN, parçalanmaqdan xilas olmuşdu…””.

    Bu status Mübariz Ağalarlı adlı bir arkadaşın xoşuna gəlməyib. M.Ağalarlı dosentdir, AMEA Tarix İnstitutunda işləyir. Hansı mülahizələrləsə qeyzlənib (əlbəttə, region təəssübü olmaz, onlarda elə şakər yoxdur) və belə bir şərh yazıb: “Mən qeyd olunan verilişə baxmışam. Bir sözə görə deyilən fikri konteksdən çıxarmaq doğru deyil. Akademik sözünə bəzi jurnalistlər sayağı yanaşmaq doğru deyil. Bir də ki 15 iyun qurtuluş gününə akademiklər qədər sadiq olası deyilsiniz ki…“. Ədalət naminə, mədəni yazmağa çalışıb və qismən alınıb.

    Hörmətli Mübariz bəy:

    1.Qeyd edilən verilişə baxmağınız elə deyilməyib anlamına gəlməz. Faktlar yaman tərs şeydir. O verilişə biz də baxmışıq. Üstəlik, video material əlimizin altındadır.

    2. Fikri kontekstdən çıxarmaq deyərkən sanki baltanı daşa vurmusunuz. Konkret bir nümunə ilə izah edim. Tutalım, mən mətbuata müsahibəmdə deyirəm: “Sərkisyan pis adam deyil. Çünki adam deyil. Pis adam olmaq üçün əvvəlcə adam olmaq lazımdır”. Sizin dediyiniz bəziləri “Sərkisyan pis adam deyil” cümləsini ayrıca paylamaqla guya məzkur şoğəribə rəğbət göstərməyim barədə təsəvvür yaradır. Bu olur kontekstdən çıxarmaq. Amma akademik deyir: “15 iyunda Azərbaycan xalqı vətəndaş müharibəsindən, qarşıdurmalardan, xaosdan, az qala VAR OLMAQDAN, parçalanmaqdan xilas olmuşdu.. “. Burada fikir kontekstdən çıxarılmayıb, səhv cümlənin öz içindədir. Akademik “var olmaqdan” yox, “yox olmaqdan xilas edib” deməliydi. Amma deyə bilməyib. Günah yanlış deyəndədir, yoxsa yanlışı görəndə? Bir alim kimi Sizə bu səhvi iqrar etmək daha çox yaraşmırmı?

    3. Mənim qurtuluş gününə sədaqətli olub-olmamağımın, sədaqətliyəmsə, sədaqətimin, sədaqətsizəmsə, sədaqətsizliyimin əndazəsi və parametrinin akademikin fikrini səlis ifadə edə bilməməsinə nə dəxli var? Və Siz məni görmədən, tanımadan “sədaqət renkinqi”ndə akademikin məndən daha yüksək göstəriciyə malik olduğunu hansı cihazla, indikatorla ölçdünüz? Mənim üçün çox maraqlıdır.

    4. Niyə hər zaman bir yanlışa yol verəndə kiməsə və ya nəyəsə “sədaqət”in arxasında gizlənirsiniz? Düzgün cümlə qurmağı öyrənin, kimsə sizə irad tutmasın… Keçən il biabırçı orfoqrafiya qaydaları layihəsi fiaskoya uğrayanda müdafiə etdiyiniz şəxs iddia etmişdi ki, guya bilərəkdən güzəştə gedib, əks təqdirdə qoşa “y” samitinin birinin ixtisarına etiraz edənlər “ölkədə sabitliyi pozacaqmış”. Gülünc deyilmi? Vallah, ayıbdı, billah, ayıbdı, tallah, ayıbdı…

    5. Biz kimdəsə səhv tutmağın təşnəsi deyilik. Nəzərinizə çatdırım ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 noyabr 2018-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Fərmanda göstərilir ki, məzkur Mərkəzin yaradılmasında məqsəd “televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi…” və s neqativ halların qarışısını almaqdır. Biz hazırda ədəbi dil normalarının pozulması hallarını müəyyən etmək üçün monitorinq aparırıq və bu səhvləri aşkarlamaq vəzifəmizdir.

    6. Sizi anlayıram, görünür, hansısa mülahizələrlə akademikə qahmar çıxmaq istəyirsiniz… Amma Siz də bizi anlayın, lütfən. Azərbaycan ədəbi dilinə gözümüzün qarşısında işgəncə veriləndə sizin qədər etinasız və susqun ola bilmirik. Bu zaman ədəbi dil normalarını pozanların titulları, vəzifələri, neçə kabineti, neçə katibəsi, neçə cangüdəninin olması fərq etmir. Elə haralı olması, kiminlə oturub-durması, ətrafının biznes imkanları da onun kimi.

    7. Deyəsən, Tarix İnstitutunda bekarçılıqdır. Əgər işsiz darıxırsınızsa, Sizə “pas” verə bilərəm. Gürcüstan Respublikasının himnində faktiki olaraq Azərbaycana ərazi iddiası irəli sürülüb. Himnin mətnində gürcü şairi Qalaktion Tabidzenin şeirindən iqtibasla “iki dəniz arasında bərq vuran dan ulduzu”ndan bəhs edilir. Meşşaninov deyirdi ki, erməni tarixi qədimliyinə görə tarixdən daha çox tarixçilərə borcludur. Siz də tariximiz üçün nəsə iş görün. Məsələn, Gürcüstan səfirliyindən bu “iki dəniz” məsələsinə aydınlıq gətirməyi tələb edin. Lütfən…

    Xeyirli cümələr…

    Vasif SADIQLI, Hurriyyet.org