Ailələr niyə dağılır?

303
Bildiyimiz, amma diqqətdən qaçırdığımız səbəblər
 Ailə qurulması xoşbəxt bir hiss olsa da, onu qoruyub-saxlamaq böyük məsuliyyət tələb edir. Təəssüf ki, bəzi ailələr bu məsuliyyətin altından qalxa bilmir və boşanma ilə nəticələnir.
Ailə kiçik bir cəmiyyətdir və müqəddəs məfhumdur. Hər bir fərd bir ailədə yetişdiyindən, milli dəyərimizin daşıyıcıları da yola ailədən başlayırlar. Ailənin möhkəm və dayanıqlı olması üçün cütlüyün arasında üç əsas vacib amil olmalıdır. Bunlar sosial, psixoloji və sağlamlıq durumudur.

Sosial durum

Ailə quran şəxslər cəmiyyətdə öz mövqeyi və şəxsi fikri olan insanlar olmalı, bir-birini anlamalı və lazım gəldikdə güzəştə getməyi bacarmalıdırlar. Nəzərə almaq lazımdır ki, fərdlər müxtəlif mühitdə yetişir və onların bir-birinə uyğunlaşması bir müddət zaman ala bilir. El deyimi ilə desək, “birinin sözü digərinin boğazından keçməlidir”.

Psixoloji durum

Bu, məsələnin bir az mücərrəd və ən vacib tərəfidir. Belə ki, cütlüklərin eyni düşüncə tərzi və psixologiyaya malik olması, əlbəttə ki, çətin məsələdir. Zamanla öz həllini tapan psixoloji uyğunluq ancaq tərəflərin qətiyyəti, bir-birinə qarşılıqlı hörmət və sevgisi ilə mümkün ola bilir.

Cütlüklər arasında hər hansı gərginlik olan zaman aqressiya ilk çıxış yolu olmamalıdır. Bunu bacarmayan və gərginliklərin daha da artdığı ailələr təəssüf ki, uzun müddət davam edə bilmir. Əksinə, pisoloji gərginlikləri düzgün idarə edə bilən ailələr daha uzunmüddətli olur.

Sağlamlıq durumu

Bu, sağlam gələcəyin təminatıdır. Məhz bunun üçün ailə quran fərdlərin sağlam olması həm də sağlam cəmiyyətin qurulması deməkdir. Bunun üçün qanunvericiliyə əsasən ailə qurmağa niyyəti olanların məcburi tibbi müayinəsi keçirilir.

Lakin bəzi hallarda sağlamlıq problemlərini gizlədən şəxslərin ailə qurduqdan sonra üzə çıxan problemləri ailədaxili gərginliyə səbəb olur. Fəsadlar artdıqca çıxılmaz vəziyyət yaranır. Təəssüf ki, sonda çarə olaraq yenə boşanmağı görürlər.

Əgər bu üç vacib amil vəhdət təşkil edərsə, onda ailə daha möhkəm və dayanıqlı olar, sağlam nəsil formalaşar.

Boşanmalar statistikada

Boşanmaların digər səbəbləri sırasında ailə dəyərini dərk etməyən şəxslərin erkən yaşda ailə qurmağa məcbur edilməsi, övladın olmaması, xəyanət, pis vərdişlər və kənar müdaxilələri görmək mümkündür.

Mütəxəssislər də qeyd edirlər ki, ailə quran şəxslər ailənin nə olduğunu dərk etməli, qurulacaq yeni ittifaqda özlərinin vəzifələrini dərk etməli və buna hazır olmalıdırlar.

Övladın olmaması məsələsində isə ailə böyükləri və qohum-əqrəbanın psixoloji təzyiqləri müşahidə edilir. Uzun müalicələrdən sonra da uşaq sahibi ola bilməyən ailələr kənar təzyiqlərə görə mütləq uşaq sahibi olmaq məcburiyyəti hiss etməli olurlar. Sonda isə bu təzyiqlərə tab gətirməyərək boşanmalı olurlar.

Pis vərdişlər cəmiyyətin əsas bəlası olduğu kimi, ailələrin də dağılmasında əsas rol oynayır. Bura narkomaniya, içki düşkünlüyü, xəyanət və digər vərdişləri misal çəkmək olar. Bir çox hallarda bu vərdişlərin ailə qurulan zaman gizli saxlanıldığı və sonradan üzə çıxdığı görülür. Belə ailələrdə fiziki zorakılıqlar, qeyri-sağlam həyat tərzi və s. xoşagəlməz hallar çox yaşanır. Bəziləri isə boşanma ilə bitir.

Ailələrə kənar müdaxilələr sırasında cütlüklərin yaxın ailə üzvlərinin, qısqanc dostlarının və rəfiqələrinin münasibətlərini söyləmək olar.

Bəzi valideynlərin qızları ailə qurduqdan sonra ondan yenə də əl çəkə bilmir, qızının ailədaxili işlərinə müdaxilə edir. Oğlunu hələ də uşaq kimi hiss edən valideynlər isə övladını ailə başçısı olaraq görə bilmirlər və psixoloji təzyiqdə saxlayırlar. Gənc ailənin hələ təcrübəsi olmadığı üçün valideynlər öz istəklərinə uyğun şəkildə onları yönləndirməyə çalışırlar. Onlara müstəqil qərar verməyə şərait yaradılmadığı üçün fəsadlar ortaya çıxır.

Bu, bir reallıqdır ki, bizim cəmiyyətimiz boşanmış şəxsləri çox vaxt birmənalı qarşılamır. Onları hər fürsətdə cəmiyyətdən təcrid etməyə çalışırlar. Bir növ “damğalanmış” kimi hesab edilən belə insanlar aldıqları zərbədən həyatda duruş gətirə bilmirlər. Bu isə onların həyatının məhv olmasına səbəb olur.

Son olaraq qeyd etmək lazımdır ki, boşanmaların sayının azaldılması üçün cəmiyyətdə ailə dəyərləri güclü şəkildə təbliğ edilməli, təhsil ocaqlarında bu istiqamətdə maarifləndirici mövzulardan da bəhs edilməlidir. Ailə bir-birini başa düşən, anlayan və xasiyyəti uyğun gələn fərdlər arasında qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ailədə problemlər olduğu zaman isə öncə bunu həll etməyə səbrlə cəhd göstərilməli, mümkün olmadıqda isə zorakılıq, cinayət və digər neqativ hallar səviyyəsinə çatmadan evliliyin bitirilməsi daha məqsəduyğundur.

Ailə qurmaq xoşbəxtlik olsa da, çalışaq xoşbəxtliyimizi sona qədər qoruyaq. Kiçik cəmiyyətləri möhkəm edək ki, böyük cəmiyyətlər daha sağlam olsun.