“Ailə həyatı qurmadım, şəhid qardaşımın 5 övladını böyütdüm”

57

“Orda həm ev-eşiyimizi, həm işimizi, hər bir şeyimizi itirdik. Mən orada gözəl evlər tikdim, təəssüflər olsun ki, onun içində biz yaşaya bilmədik. 30 ilə yaxındır ki, Bakı şəhərində yaşayıram, elə gün olmur ki, gündə bəlkə 20 dəfə  o yerlərə xəyalımda getməyim”.

 

Bunu Xocalı sakini Murad Məhərrəmov deyib. O Xocalıda  özünümüdafiə batalyonu təşkil edərək, kənd sakinlərini qoruduğunu deyir:

 

“Get-gedə artıq vəziyyət çətinləşirdi, ermənilər əvvəlcə azərbaycanlıların maşınların, insanların daşla, armaturla xəsarət yetirirdilər, öldürürdülər. Demək olar ki, tam mühasirəyə almışdılar Xocalını.  Biz də artıq qorunmaq üçün özünümüdafiə dəstəsi – batalyon yaratdıq. Xocalını 3 bir tərəfdən raket atəşinə tuturdular. Xocalıda hər bir məhlədə yeraltı zirzəmilər qazılmışdı ki, qadınlar və uşaqlar raketdən qorunmaq üçün ora yığılsınlar. Həmin gecəni xatırlamaq çox dəhşətdir. Elə bil ki, yerlə-göy qovuşmuşdu, mən sağ qalmağıma inana bilmirəm” deyə bildirib.

 

Murad Məhərrəmovun bacısı Südabə Məhərrəmova isə bildirib ki, doğma kəndindən heç nə çıxara bilməyib. Təkcə 28 ildir saxladığı bir banka baldan başqa…

 

“Ordan heçnə çıxara bilmədik. Bir dənə bu bir banka baldan başqa. Onu da anamın-atamın yas mərasimində halvasına qatdıq. İçində bir az qalıb. Rəhmətlik atam Laçında arı saxlayırdı. Balımız daim çox olub. Həmişə deyirdim bunu saxlayacam, torpaqlar alınanda öz evimizə qaytaracam. Mən də istəyərəm ki, bunu o torpaqlara qayıdanda aparım atamın, anamın, qohumlarımın ruhu şad olsun ki, bu torpaqdan apardığımız bir şey ora qayıtdı. Qardaşım və həyat yoldaşı bu faciədə şəhid oldu, ailə həyatı qurmadım, onun 5 övladını saxladım, sənət, ailə sahibi etdim” deyə bildirib. \\Moderator