Ağlamağın faydaları və insana müsbət təsirləri

    69

    Dünyada fərqli mədəniyyətlərə, inanclara, ənənələrə, dillərə və s. sahib olan təxminən 7 milyarddan çox insan yaşayır. Sevinc, kədər, qayğı, qorxu, əsəb kimi duyğular və həmin hisslərin yaratdığı gülmək və ya ağlamaq bütün insanların ortaq nöqtəsidir. Ağlamaq uşaqlar dünyaya gələn andan başlayır və onlar ağlayaraq ünsiyyət qurur, ehtiyaclarını "ifadə edir". Lakin artıq yaş artdıqca ağlamaq bir çox mədəniyyətlərdə zəiflik kimi qəbul edilməyə başlayır. Buna görə də bir müddət sonra insanlar başqalarının yanında ağlamır, narahatlıq keçirir. İnsanların niyə ağladığını açıqlamaq üçün onun faydaları haqqındakı elmi reallıqları topladıq.

    Həyatımızdakı ilk nəfəsi almağa kömək edir

    Körpələr dünyaya gəldikləri andan etibatən özləri nəfəs almalıdırlar. Bu səbəblə də onları doğulduqdan sonra ağlaması çox vacibdir. Ağlamaq körpənin ağciyərlərinin yeni "dünyasına" öyrəşməsini təmin edir.

    Duyğuları tarazlayır

    İnsanlar təkcə kədərli olanda ağlamazlar. Bəzən çox sevinəndə, həddindən artıq stressli olduqda və ya qorxulu hadisələr nəticəsində ağlaya bilərik. Aparılan araşdırmalar göstərir ki, həddindən artıq güclü duyğuları tarazlamaq üçün ağlamaq yardım edə bilir.

    Ruh halını yaxşılaşdırır

    Təkcə ağlamaq yox, hıçqıraraq ağlamaq da ruh halına çox müsbət təsir etməyə malikdir. Hıçqırarkən qısa aralıqlarla alınan nəfəslər beynimizin dərəcəsini tənzimləyir. Hıçqıraraq ağladıqdan sonra insanlar özlərini daha yaxşı hiss edirlər.

    Dəstək tapmağı asanlaşdırır

    Eyni ilə körpə ikən duyğularımızı, ehtiyac və istəklərimizi ifadə etmək, valideynlərimiz və ya ətrafımızla əlaqə qurmaq üçün ağladığımız kimi, yetkinlik illərimizdə də ağlamaq özümüzü ifadə etməyin və çevrəmizdəkilərlə əlaqə qurmağımızın bir yoludur.

    Bədəni təmizləyir

    3 fərqli göz yaşı mövcuddur: refleks, daimi və duyğusal göz yaşı. Refleks göz yaşı adından da məlum olduğu kimi duman, toz və.s gözümüzə təmas etdikdə ortaya çıxır. Daimi göz yaşı həmişə var və gözlərimizi nəmləndirərək infeksiyalardan müdafiə edir. Daimi göz yaşının böyük hissəsi sudursa, duyğusal göz yaşında bu tamam fərqlidir. Onun tərkibində stress hormonu və digər toksiki (toksin) maddələr yer alır. Buna görə də ağlayanda bədənimiz bütün bunlardan təmizlənir.

    Ağrını azaldır

    Ağlamaq haqqında aparılan araşdırmalara əsasən, uzunmüddətli ağlama bədəndə oksitosin və endorfin kimi maddələrin ifraz olunmasına səbəb olur. Bu maddələrin ifrazı bədənimiz üçün faydalıdır. Həm fiziki, həm də duyğusal ağrının yüngülləşməsinə və keçməsinə kömək edir. Endorfin ifrazından sonra bədənin keyləşməsinə səbəb olur. Oksitosin isə insanı sakitləşdirir və yaxşı hiss etməsini təmin edir.

    Sakitləşməyi təmin edir

    Ağlamaq parasimpatik sinir sistemini aktivləşdirir və bədənimizin dincəlməsinə kömək edir. Buna görə də ağlamağa başladıqdan bir neçə dəqiqə sonra özünüzü sakitləşdirə bilirsiniz.

    Matəm dövrünü sovuşdurmağa yardım edir

    Yas bir dövrdür. Üzüntü, kədər, günahkarlıq və əsəbilik kimi fərqli mərhələləri vardır. Bütün bu mərhələlərdə ağlamağın xüsusi əhəmiyyəti mövcuddur. Ağlamaq, sevdiyimiz insanı itirdiyimizi qəbul etməyimizə kömək edir. Lakin davamlı ağlayır və gündəlik həyata heç cür qayıda bilmirsinizsə, mütləq peşəkar yardım almağa səy göstərin.

    Amerikada aparılan bir araşdırmaya görə, qadınlar ayda ortalama 3,5 dəfə ağlayırsa, kişilərdə bu rəqəm 1,9-a bərabərdir. Əlbəttə, hər ölkədə bu rəqəmlər dəyişəkəndir. "Nə qədər ağlamaq normal hesab oluna bilər?" sualı sadəcə ölkəyə yox, hətta hər bir insana görə dəyişir.

    "Çox ağlayıram, ağlamağı dayandıra bilmirəm". Əgər, bu tip cümlələr sizə tanışdırsa, özünü ağlamaqdan uzaqlaşdıra bilmirsinizsə, kədərli, çarəsiz, dözümsüz, bitkin və əsəbi hiss edirsinizsə, iştah və yuxu problemləri yaşayırsınızsa, ölüm və intihar kimi fikirlərə meyl edirsinizsə, burda səbəb depressiya ola bilər. Belə bir vəziyyətdə mütləq mütəxəssisə müraciət edin.

    Aytac ASƏFQIZI, Hurriyyet.org