Ağadadaş Qurbanov və Cəfər Cabbarlı dramaturgiyası

147

1944-cü il yanvar ayının 18-də M.Haşımovun quruluşunda ilk dəfə olaraq C.Cabbarlının “Aydın” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaya qoyuldu və əsərin baş qəhrəmanı olan Aydın obrazı Ağadadaş Qurbanova tapşırıldı. Akademik Milli Dram Teatrında “Aydın” əsəri 1922, 1923, 1924, 1926, 1929, 1940-cı ildə Abbasmirzə Şərifzadə, Aleksandr İvanov, Aleksandr Tuqanov, Əlihüseyn Rzayev, Adil İsgəndərov kimi rejissorlar tərəfindən tamaşaya qoyulmuş, Aydın obrazına Abbasmirzə Şərifzadə, İsmayıl Hidayətzadə, Ələsgər Ələkbərov kimi görkəmli aktyorlar səhnə həyatı vermişlər. Şübhəsiz ki, A.D.Qurbanov Aydını ifa edən bütün iştirakçıları görmüşdü, onun bu obraz haqqında tam təsəvvürü var idi.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilk dəfə idi ki, Cəfər Cabbarlı dramaturgiyasına müraciət edirdi. Yəqin ki, teatr A.D.Qurbanov kimi bir aktyorun imkanlarını nəzərə alaraq “Aydın” əsərinə müraciət etmişdir. Aydın obrazı da A.D.Qurbanovun yaradıcılığında ilk C.Cabbarlı qəhrəmanı idi.

Gənc Tamaşaçılar Teatrının o dövr ki, tarixində “Aydın” qədər zəhmət tələb edən tamaşa olmamışdır. Başqa teatrlarda olduğu kimi bu teatrda da C.Cabbarlı dramaturgiyası Azərbaycan teatrının yaradıcılığında əsas rol oynamış, aktyorların yaradıcılıq potensialının inkişafına təkan vermişdir.

Aydın obrazına səhnə həyatı vermək Ağadadaş Qurbanovun çoxdan ki, arzusu idi. Artıq bu rolu ifa etməyin vaxtı gəlib çatmışdı. Bu obrazı yaratmaq üçün aktyorda kifayət qədər bacarıq və istedad var idi.

Tamaşanın uğuru Aydın və Gültəkin rollarını ifa edən (A.D.Qurbanov, F.Sultanova) aktyorlardan asılı idi. A.D.Qurbanov Abbasmirzə Şərifzadənin yaratdığı Aydın obrazının vurğunu idi. O, hələ 16 yaşı olarkən, 1927-ci ildə Bakı dənizçilik klubunun dram dərnəyinin rəhbəri olduğu zaman “Aydın” əsərində bir səhnəni tamaşaya qoymağa cəhd etmişdisə də, istəyinə nail ola bilməmişdi. İndi isə A.D.Qurbanovun həm təcrübəsi və həm də böyük istedadı Aydını ifa etmək üçün tam hazır idi. Aydından əvvəl A.D.Qurbanov bir neçə klassik əsərlərdə baş və əsas rollarda (Klenervan “Kapitan Qrantın uşaqları”, Molla İbrahimxəlil (“Molla İbrahimxəlil kimyagər”), Xlestakov (“Müfəttiş”), Hacı Qəmbər (“Yağışdan çıxdıq, yağmura düşdük”), Karl Moor (“Qaçaqlar”)) uğurla çıxış etmişdir. Aydın isə xarakter, üslub və janr baxımından fərqli bir obraz idi. Bu baxımdan Aydını tamaşaçılara təqdim etmək üçün daha ciddi çalışmaq lazım idi. A.D.Qurbanov obrazı yaradıcılıq təxəyyülündən keçirərək onun xarakterik xüsusiyyətlərini tapır. İfa etdiyi personajı Gültəkinlə (F.Sultanova), Surxayla (J.Dadaşov), Dövlət bəylə (M.Əlizadə) və başqa iştirakçılarla münasibətini müəyyən etmiş, bundan sonra aktyor Aydın rolu üzərində yaradıcılıq işinə başlamışdı.

“Bütün həyatı və varlığı ilə rola bağlı olan A.D.Qurbanov bir an belə onu xəyalından çıxarmır. Aktyor özü söhbət edir ki, “Aydın roluna hazırlaşırdım. Bir gün evdən çıxıb teatra gedirdim. Bütün yol uzunu mən Aydın idim. Ağadadaş olduğumu tamamilə unutmuşdum. Birdən qolumdan tutub “A yoldaş o nar çirklidir”-deyən bir nəfər məni fikrimdən ayırdı. Demə mən “Aydın” olduğum üçün küçəyə tullanmış bir nar qabığını əlimə alıb ağzıma aparmaq istəyirəmmiş”. Tibb işçisi T.Orucova deyir ki, “Mən A.D.Qurbanovun həyat yoldaşı Kübra ilə dostluq edirdim. Bir gün evlərinin yanından keçərkən Ağadadaşın danışa-danışa ağladığını gördüm. Bərk qorxdum. Ürəyim yarpaq kimi əsirdi, ayaqlarım elə bil ki, yerə mıxlanmışdı. Axır ki, bir təhər yeriyib otağa girdim. Otaqda Ağadadaşdan başqa kimsə yox idi. 3-4 dəfə “Ağadadaş”-deyə çağırdım. O, mənə cavab vermir, qəribə sözlər söyləyib ağlayırdı. Sözlər mənə tanış gəlirdi. Ancaq Ağadadaş elə ürəkdən ağlayırdı ki, bir bədbəxtlik üz verdiyinə şübhə etmək mümkün deyildi. Nə vaxt ona qoşulub, göz yaşı tökdüyümdən özümün də xəbərim olmayıb, Sonra da mən Ağadadaşı Aydın rolunda görəndə də onun keçirdiyi faciə qarşısında göz yaşımı saxlaya bilməyib ağlayırdım”.” (İ.Kərimov).

Aydın obrazının klassik ifaçılarında Abbasmirzə Şərifzadə və Ələsgər Ələkbərovdan söhbət düşəndə, Ağadadaş Qurbanovun da adı bu cərgədə iftixarla çəkilir. Onun Aydını Azərbaycan teatr tarixində öz yeri olan səhnə qəhrəmanıdır.

A.D.Qurbanov Aydın obrazını üzərində dərində düşünmüş, təhlil etmiş, ona yaradıcı müstəvisində yanaşaraq, təbii, inandırıcı bir obraz yaratmağa nail olmuşdur. Aydının bu ifası öz yeniliyi ilə diqqəti cəlb edirdi. A.D.Qurbanovun ifa etdiyi Aydın təbiət etibarilə romantik, ehtiraslı, dəmir iradəyə malik idi. Bu sadaladığımız müsbət keyfiyyətlərin sonu nəticəsiz idi. Ona görə ki, cəmiyyət ayrı, xəyalında qurduğu romantika ilə yaşayırdı. O, azadlığın nə olduğunu düzgün başa düşmədiyi üçün, mübarizəsi də dəqiq deyildi. Nəticədə aktyor Aydının yaşadığı cəmiyyətin tələblərini qəbul etmir, daxilən sınır və məhv edilir. A.D.Qurbanovun böyük istedadla ifa etdiyi Aydının faciəsini onun acizliyində yox, cəmiyyətdə görürdü. O, dövr ki, cəmiyyət dağılmayınca, Aydın kimi düşünən insanlara həyatda yer ola bilməzdi, ağıllı insanlar məhv edilməli idi.

Tamaşanın ilk səhnələrində yumşaq qəlbə, ülvi hisslərə, böyük ideyalarla yaşayan Aydın-A.D.Qurbanov getdikcə dəyişir və faciəsinin səbəbini başa düşür.

Yanğın səhnəsində (IV səhnə) Aydın-A.D.Qurbanov meyitlərin arasında dalğın vəziyyətdə gəzinir və birdən dayanır. Nəzərlərini bir nöqtəyə dikib düşünür. Məzlum bir görkəmlə, yavaşdan: “Hara? Hara qaçacağam ki, altunun qara heykəli öz iti dişləri, qanlı pəncələrilə qarşıma çıxmasın, hara qaçacaqsan ki, güclülərin ağır yumruğu qara məzar daşı kimi üzərimə enməsin?”-dediyi sözlər onun yaşadığı cəmiyyətə protesti idi.

“Daramaturq S. Rəhman, A.D.Qurbanovun ifasında Aydının üçüncü və dördüncü pərdələrdə böyük təsir qüvvəsinə malik olduğunu söyləyir. Xalq artisti, rejissor S.Dadaşov, A.D.Qurbanovun Aydın rolunu xatırlayaraq deyir ki, “mən “Aydın” da (Aydın-A.M.Şərifzadə) Surxayı oynamışam. A.D.Qurbanovun oyunu mənə o qədər təsir edirdi ki, özümü ağlamaqdan saxlaya bilməyib, tez-tez çölə çıxırdım. Ağadadaş orijinal bir Aydın oynayırdı. Bu Aydının faciəsi insanları ağladır və onların qəlbində kapitalizm dünyasına qarşı nifrət hissini alovlandırırdı” (İ.Kərimov).

Tamaşanın final səhnəsini A.D.Qurbanov xüsusi məharətlə ifa edirdi. O, otaqda təkdir, lampanı yandırır, Gültəkinin divardan asılmış portretini düzəldir. Lakin hiss olunur ki, Aydın-A.D.Qurbanov acdır. Zəhər içmiş Gültəkin otağa daxil olur, divana yıxılır. Ayıdın-A.D.Qurbanovun Gültəkinə dikilmiş gözləri, uzaq xəyallara gedir. Bu düşüncələr içərisində onun kədərli üzünə sevinc yayılır. Ona elə gəlir ki, Gültəkini sevdiyi ilk günlərə qayıdır. Birdən çöhrəsi tutqunlaşır, Gültəkinin can verdiyini görür. Yaşadığı mühit Aydının həyat işığını söndürür.

“… A.D.Qurbanovun Aydını tamamilə yeni, orijinal, qüvvətli təsirə malik idi. Lakin təəssüflə qeyd etmək lazımdır ki, tamaşa pedaqoji cəhətdən düzgün həll edilməmişdi. Bir sıra ciddi nöqsanları da var idi. Burada fəhlələrin dövlətbəylərə qarşı mübarizəsi yaxşı göstərilməmiş, zavod səhnəsi layiqincə qurulmamışdı (IV pərdə-İ.A.). Bunun əksinə olaraq kazino səhnəsi (III pərdə-İ.A.) bütün genişliyi və çılpaqlığı ilə əks olunmuşdu” (İ.Kərimov).

İ.Kərimov öz tədqiqatlarında qeyd edir ki, “Aydın” tamaşasına 1945-ci il mart ayının 13-də ictimai baxış oldu və sonra müzakirədə Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman çıxış edərək nöqsanları qeyd etdilər. Səbəb isə o idi ki, tamaşadakı məhəbbət səhnələrinə geniş yer verilib, əsas fikir və ideya ikinci plana keçib. Qeyd edirdilər ki, Azərbaycan Gənclər Teatrında belə tamaşaların göstərilməsi yol verilməzdi, pedaqoji cəhətdən düzgün deyil. Buna görə tamaşanın oynanılmasına məsləhət görülmədi.

(adrı var)

İmran AXUNDOV,

fəlsəfə doktoru