Ağadadaş Qurbanov və Abdulla Şaiq dramaturgiyası

180

Bakı Uşaq Teatrına Azərbaycan Xalq Maarif Komissarlığının əmri ilə 1936-cı il iyun ayının 18-dən etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adı verildi

1940-cı il sentyabr ayının 12-də M. Haşımov A. Şaiqin “Eloğlu” pyesinə quruluş verdi və Rüstəm xanın nökərlərindən biri olan Atakişi obrazını A. D. Qurbanova həvalə etdi.

Kiçik obraz olan Atakişi aktyoru narahat etmədi. Baş qəhrəman obraza yaradıcılıq baxımından neçə yanaşırdısa epizodik obraz olan Atakişi roluna o cür münasibətlə yanaşdı. O, nəinki epizod, hətta sözsüz rollara da böyük məsuliyyətlə yanaşırdı, bilirdi ki, epizodik və sözsüz rolları da aktyor ifası ilə böyüdə bilər. A. D. Qurbanov elə aktyor idi ki, o nəinki dialoqu ilə, mimikası ilə də tamaşada baş verən hadisələrə münasibətini bildirirdi. Tamaşanın ümumi ansamblına təsir edə bilirdi.

“Atakişi-A. D. Qurbanov xana (Rüstəm xan-Ə. Əliyev-İ. A.) və onun əlaltılarına qarşı nə qədər nifrət edirsə, xalqa bir o qədər sədaqətlidir. A. D. Qurbanov-Atakişi öz qızının (Zümrüd-İ. A.) dəli azarına tutulmasını böyük bir faciə kimi, feodalizm dünyasının zəhmət adamları üçün yaratdığı minlərlə faciədən biri kimi oynamış və tamaşaçıda əski dünyaya qarşı nifrət hissi oyatmışdır.” (İ. Kərimov).

Onun ifa etdiyi Atakişi yazıq, bacarığı olmayan insan idi. Gününü ah-zarla keçirən bu insanı, hər hansı bir hadisə ruhdan salırdı. Hadisələrin içində olmağı sevməyəm Atakişi-A. D. Qurbanov kənardan müşahidə etməklə qane olurdu. Aktyor bu epizodik rolu peşəkarlıqla canlandırırdı. O, ifa etdiyi bu kiçik rol üçün incə ştrixlərdən istifadə etmişdir. A. D. Qurbanovun Atakişi obrazı tamaşanın ən görkəmli aktyor nailiyyətləri ilə bir sırada durdu.

Bu tamaşada H. A. Sadıqovun Eloğlusu, S. Məcidovanın Anaxanımı (Eloğlunun anası), Y. Kərimlinin Poladı (Eloğlunun atası), və A. D. Qurbanovun Atakişisi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ən yaxşı rolarından biri olmaqla bərabər, həm də aktyor ifaçılığının ən böyük uğuru idi.

1942-ci il oktyabr ayının 6-da M. Haşımovun quruluşunda tamaşaya qoyulan A. Şaiqin simvolik ruhda yazılmış “Vətən” nağıl-pyesində Ağadadaş Qurbanov Dəmirçi oğlu Elman obrazını ifa etdi. “Azərbaycan nağılları əsasında işlənmiş “Vətən”, xalqın qara qüvvələrlə, azadlıq uğrundakı mübarizəsini əks etdirirdi” (Ə. Əliyeva).

Əsərin ana xəttinin əsasında vətənə olan məhəbbət dururdu.         Elman-A. D. Qurbanovun igidliyini tamaşaçılar böyük məhəbbətlə qarşıladılar. Bu obraz tamaşanın özəyini təşkil edirdi.

  1. Əzimzadə “Ədəbiyyat” qızetində (02.12.1942) yazır ki; “Elman-A. D. Qurbanov az danışır. Lakin çox iş görür. Onun hərəkəti, baxışı belə qəhrəmana xasdır… Elman-A. D. Qurbanov dünya gözəlini-öz vətənini bütün varlığı ilə sevən, onun üçün hər cür fədakarlığa gedən bir el qəhrəmanıdır. O, heç bir çətinlikdən qorxub çəkinmədən vətən qarşısındakı borcunu namusla yerinə yetirir”.

Aktyorun ifasında Elman xalqın mənəviyyatındakı böyüklüyü ilə igidliyi eyni çərçivədə birləşdirirdi. Vətənindən, Dünya gözəli (F. Sultanova) sevgilisindən qüvvət və ilham alan Elman-A. D. Qurbanovun həyatı xoş, torpağı bərəkətli, məğlub edilməz xalqı vardır.  Lakin azadlıq və insanların xoş rifahının düşməni olan Quzğun şah (Ə. M. Atayev) və alaltıları Elmanın və onun xalqının sakit həyatını pozmaq üçün araya nifaq salaraq Dünya gözəlini qaçırır. Elman-A. D. Qurbanov atası dəmirçi Atababadan, anası Alagözdən və xalqından xeyir-dua alan sevgilisi Dünya gözəlini azad etmək üçün yolla düşür. O, maneələri dəf edib, düşmənləri məhv edib, sevgilisini xilas edir. Bu tamaşada şairanəlik, xəlqilik və romantik vüsət ön planda verilmişdir. A. D. Qurbanovun ifasında Elman güclü olmaqla yanaşı, böyük məna kəsb edirdi. Səbəb isə o idi ki, aktyor bu xalq qəhrəmanının daxilini bacarıqla tamaşaçılara göstərirdi.

Elman-A. D. Qurbanovun atasının düzəltdiyi qılınca and içməsi, Quzğun şahın cadugəri olan İfritə cadunu (S. Məcidova) və Quzğun şahı məhv edib, sevgilisi Dünya gözəli ilə görüşü son dərəcə təbii idi.

Cadugərlərlə (Şimşad və İfritə cadu) qarşılaşdığı səhnədə, yəni onların toruna düşəndə tamaşaçılar Elman-A. D. Qurbanovun gözlərindən hiss edirdi ki, o, ifritələrə aldandığı üçün özünü bağışlaya bilmir. Onun baxışlarında qorxmazlıq, əzəmət, mübarizə görünürdü. Tilsimə düşən polad iradəli, nikbin Elman-A. D. Qurbanov üçün tamaşaçılar kədərlənir, köks ötürürdülər.

“Uzun mübarizə və döyüşdən sonra ağır addımlarla düz yola çıxan Elman-A. D. Qurbanov odun şələsini qaldırmaq istəyən bir qadınla (İfritə cadu-İ. A.) rastlaşır. Kömək etmək üçün ona yaxınlaşır. Bu vaxt qadın kələk işlədib onu aldadır və tilsimə salır. Məlum olur ki, bu İfritə cadudur. Elman-A. D. Qurbanov cadunun təsirindən qurşağa kimi torpağa batır. İfritə cadu ona yanaşıb qılıncı almaq istəyirsə də bacarmır. Qılıncı əlində möhkəm tutmuş Elman-A. D. Qurbanov “get alçaq xain, bu uğurlu dəmir, düşmən əlinə verilməz”-deyə onu vurur. Deyilənlərə görə aktyor bu səhnəni elə ustalıqla aparmışdır ki, tamaşaçılar bir anlığa onun tilsimdə olduğunu unutmuş, sevinclə əl çalmağa başlamışdır. Sonrakı şəkillərdə İfritə cadu oğlu ölmüş ana, qoca qarı, dünya gözəlinin dayəsi, dünya gözəli cildlərinə girib, onu aldatmaq istədiyi səhnələrdə də Elman-A. D. Qurbanov bacarıqla çıxış edirdi. Elman-A. D. Qurbanov xalq qarşısında nə qədər qüvvətli və yenilməz idisə, dünya gözəli yanında bir o qədər mülayim və sakit görünürdü. Aktyorun qüvvətli oyunu dünya gözəli rolunun ifaçısı aktrisa F. Sultanovanın oyununa böyük təsir etmişdir… Elman surətində xalqın qüdrəti və qüvvəsi verilmişdirsə, dünya gözəli surətində xalqın mənəvi gözəllikləri öz əzəməti ilə canlanır, xalqımızın ən nəcib xüsusiyyətləri, saf arzuları, namuslu həyatı öz əksini tapmışdır” (İ. Kərimov).

Kiçik yaşlı məktəbliləri siyasi baxımdan tərbiyələndirən “Vətən” tamaşasında Elman ilə Dünya gözəli obrazları bir-birlərini tamamlayırdı. Böyük həyəcan doğuran bu tamaşa İkinci Dünya müharibəsinin dəhşətli dövründə daha da əzəmətli idi.

1947-ci il sentyabr ayının 26-da K. Həsənovun quruluşunda tamaşa qoyulan A. Şaiqin “Fitnə” mənzum dramında Ağadadaş Qurbanovun ifa etdiyi Bəhram obrazı öz monumentallığı seçilən bir səhnə qəhrəmanı idi.

1947/48-il mövsümünü Gənc Tamaşaçılar Teatrının Azərbaycan bölməsi A. Şaiqin “Fitmə” tamaşası ilə açdı. Teatrın müvəffəqiyyətli işi sayılan “Fitnə” pyesi orijinal əsər deyildi. N. Gəncəvinin “Yeddi gözəl” poemasındakı “Bəhramın kənizi ilə sərgüzəşti” fəsli əsasında yazılmış pyes idi, böyük şairin anadan olmasının 800 illiyi münasibətilə tamaşaya qoyuldu. “Fitnə” mənzum dramının müsbət cəhəti ondan ibarət idi ki, müəllif N. Gəncəvidən götürdüyü müxtəlif hadisələri məqsədəuyğun formada işləmiş, bəzi yerləri dəyişmiş və onları əməyə öytərmək ideyası ilə əlaqələndirmişdir. Zəhmətkeş insan obrazı pyesin ana xəttini təşkil edirdi.

“Əsərin qəhrəmanı Fitnə (S. Məcidova-İ. A.) namuslu, cəsarətli qızdır. O, Bəhrama igidlik və vərdişin əhəmiyyətindən çox danışır. Bəhramın fikrincə vərdişin qəhrəmanlıqla heç bir əlaqəsi yoxdur. Qəhrəmanlıq insana təbiətən verilib. Lakin Fitnə bunu rədd edərək deyir ki, qəhrəmanlığa və ya hər hansı bir sənətin mənbəyi əməyə əsaslanmış vərdişdir” (Ə. Əliyeva).

Bəhram şah obrazı N. Gəncəvinin “Yeddi gözəl” poemasında təsvir edilən və mərhəmətli, ağıllı, xeyirxah olmayan Sasani dövlətinin başçılarından biridir. N. Gəncəvi xalqın azadlığı üçün mübarizə aparan bir şah arzuladığında XII əsrdə yaşamış qəddar şahlara nümunə olaraq Bəhram şah surətini müsbət yaratmışdır. A. Şaiq bu mövzunu pyes formasında işləyərkən şairin ideyasına sadiq qalaraq, Bəhramı atasına qarşı qoymuşdu. O, atası kimi qəddar, xalqı əzmək istəmirdi. Zəhmət sevər, əməyə qiymət verməyi bacaran insan idi. Bəhram şah gənc olduğundan bəzən düşünülməmiş fərmanlar verirdi. Bu cür fərmanlarda xalqa zərər gətirirdi. Sadəlövh Bəhram yaltaq vəzirin (S. Ələsgərov) sözünə inanaraq bəzən düz yol ilə getmirdi. Fitnə əməyin vərdiş hala salındığına Bəhrama dedikdə o hirslənirdi. Fitnənin qətli üçün fərman verir. Bəxtiyarı Fitnəni müdafiə etdiyinə görə saraydan qovurdu. Yoldaşlarının köməyi nəticəsində salamat qalan Fitnə Bəhram şaha sübut edir ki, hər hansı bir sənətin və igidliyin mənbəyi vərdişdir.

  1. D. Qurbanov Bəhramı məhz bu səpgidə ifa edirdi. “A. Şaiq A. D. Qurbanovun aktyorluq istedadına məftun olmuş, onu yüksək qiymətləndirmişdir. O, deyirdi “Doğrusu hər hansı bir əsərimin tamaşasında Ağadadaş çıxış etməyəndə mən nə isə bir şeyin çatışmadığını hiss edərdim. Hətta bir sıra obrazları yazarkən mən şəxsən Ağadadaşı nəzərdə tutar, onun geniş, hərtərəfli yaradıcılıq bacarığından istifadə edərdim” (İ. Kərimov).

“Nüşabə” mənzum dramındakı İsgəndər obrazından sonra A. Şaiq “Fitnə” pyesindəki Bəhram obrazını da A. D. Qurbanov üçün yazmışdır. İsgəndəri ifa etmək ona qismət olmadı. Ancaq Bəhram obrazına səhnə həyatı vermək bu böyük aktyora nəsib oldu.

“Qurbanov Bəhramın insanlığını, onun daxili aləmi, kədəri və sevinci, şıltaqlığı və sadəliyindən çıxış edərək verirdi” (Ə. Əliyeva).

  1. D. Qurbanov Bəhram obrazını hazırlayarkən Abdulla Şaiqdən dəyərli məsləhətlər almışdır. O, Bəhramı ilk növbədə bir insan kimi canlandırmağa müvəffəq olmuşdur. A. D. Qurbanov Bəhramın insani keyfiyyətlərini onun taxt-tacında yox, həyəcanı, qəzəbi, sevinci ilə tamaşaçılara təqdim edirdi. Onun Bəhramında uşaq sadəlövhlüyü, ağıllı insanın müdrikliyi, şir qəzəbi, özündən razılıq var idi.

1949-cu il yanvar ayının 29-da A. Şaiqin “Qaraca qız” pyesi Z. Nemətovun quruluşunda tamaşaya qoyuldu və müdrik qoca Piri baba obrazına Ağadadaş Qurbanov səhnə həyatı verdi.

Yaradıcılıq təcrübəsinə əsaslanan Ağadadaş Qurbanov fəaliyyət göstərdiyi bu illər ərzində belə nəticəyə gəlmişdir ki, Gənc Tamaşaçılar Teatrının repertuarı müxtəlif çeşidli olmalıdır, tamaşaları hər yaşa uyğun tamaşaçılar üçün hazırlamaq məsləhətdir. Belə olduqda teatr ancaq öz tamaşaçıları hesabına yaradıcı surətdə fəaliyyətdə ola bilər. Teatr öz yolunu, öz tamaşaçılarını tapan zaman müəyyənləşir. Gənc Tamaşaçılar Teatrını aktyorlarının məsuliyyəti daha böyük olmalıdır. Onlar səhnədə obraz yaratmaqla yanaşı, həm də bir müəllim kimi uşaq və gənc tamaşaçılarına dərs öyrətməlidir. Bu aktyorlar sinfə daxil olan müəllim kimi, kiminlə, necə və nə cür danışmağı bilməli, kiçik və orta yaşlı məktəblilərə öyrətməlidirlər. A. D. Qurbanov məhz belə aktyor-müəllimlərdən idi. O, zəhmətin insan həyatında böyük rol oynadığını, insanın zəhmətlə ucaldığını Piri baba obrazında tamaşaçılara aktyor-müəllim kimi təqdim edirdi.

Abdulla Şaiq S. S. Axundovun eyni adlı hekayəsi əsasında yazılmış “Qaraca qız” pyesini yazarkən hekayəyə maraqlı hadisələr əlavə etmiş, obrazların sayını artırmışdır.

Gənc Tamaşaçılar Teatrında qoyulan əsərlərin ilk növbədə tərbiyəvi əhəmiyyəti böyük olmalıdır. Başqa əsərlər kimi A. Şaiqin “Qaraca qız” əsərində də yaxşılığın itməməsi, insan həyatında zəhmətin rolu, insanın əməklə yüksəlməsi ön planda idi.

Ağadadaş Qurbanovu ifa etdiyi Piri baba maraqlı obraz idi. Aktyorun yaratdığı Piri baba dünya görmüş insan olmaqla yanaşı, zəhmətsevər, öz əziyyəti ilə ömür sürən, ədalətsizliyə nifrət bəsləyən nurlu bir qoca idi. Onun hər bir jestini, danışığını tamaşaçılar sevgi ilə qarşılayırdılar.

  1. D. Qurbanovu yaradıcılığında xüsusi yer tutan Piri obrazında var-dövlət və yaltaqlıq üzərində bərqərar tutmuş dünya onda nifrət hissi oyadırdı. Bu cəhalət dünyasında Piri baba-A. D. Qurbanov nur simvolu kimi görünürdü, onun Qaraca qıza olan dərin məhəbbəti insanpərvərliyinin göstəricisi idi.

Piri baba-A. D. Qurbanov Tutunu görəndə sevincinin həddi-hüdudu yox idi. O qədər sevinirdi ki, nifrət bəslədiyi bəyə (Ə. Ağayev) dərində təşəkkür edirdi. Bəyin arvadı Pəricahan (Məxfurə                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     Yermakova) “bu qaraçı qızını burdan rədd edin” deyəndə Piri baba-A. D. Qurbanov hər şeyi yaddıdan çıxarır, bəyin hüzurunda olmağı belə unudur, qəm-                                                                                                                                                             qüssəsini boğaraq, yüksək səslə “o qaraçı deyil xanım”-deyə ötkəm səslə cavab verir. Piri baba-A. D. Qurbanov birdən bəyin hüzurunda olduğunu anlayır, səs tonun aşağı salır, yazıq görkəm alır. Onun düyünlənmiş yumruğu, kədərli siması tamaşaçıları inadırır ki, Piri baba hər nəyə razı olar, amma Tutunu əldən verməz, bu şübhəsiz ki, Ağadadaş Qurbanovun uğuru idi.

  1. D. Qurbanov artıq bir sənətkar kimi öz sənətinin böyüklüyünü sübut etmişdir. O, hələ gənc yaşlarında, səhnə fəaliyyətinin ilk illərində əldə etdiyi nailiyyətlərlə sənət zirvəsinə doğru yüksəlmiş, obrazdan-obraza püxtələşmiş bir sənətkar, müəyyən məktəb keçmiş, orijinal yaradıcılığa, geniş dünya görüşünə malik olan səhnə ustası kimi tanınmışdı. Şübhəsiz ki, aktyor bu inkişafı birdən birə əldə etməmişdir. Onun yaratdığı səhnə qəhrəmanları asanlıqla meydana gəlməmişdir. Bu obrazların hamısı gərgin zəhmətin, böyük istedadın, işgüzar əməyin bəhrəsi nəticəsində yaranmışdır.

 

İmran AXUNDOV,

fəlsəfə doktoru