Afinaya olar, Ankaraya yox?! – ABŞ-ın Türkiyəyə sanksiyasına Bakıdan sərt etiraz

804

Rusiyadan alınmış S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi ədalətsiz, qərəzli qərardır. Bu, ikili standartların və qanunsuzluğun növbəti bariz nümunəsidir.

“Yeni Müsavat” bildirir ki, rəsmi Ankara birtərəfli sanksiyaları nəzərdə tutan qərarı qınayıb və lazımi addımların atılacağını bəyan edib. Çünki Türkiyə hava hücumundan müdafiə sistemləri ilə bağlı dəfələrlə NATO və ABŞ-a müraciət etsə də, adekvat yanaşılmayıb, həmin sistemlər satılmayıb. Əvəzində HHQ sisteminin qurulması NATO çərçivəsində Hollandiyaya  həvalə olunub, sonuncu isə üzərinə düşən vəzifələri icra etməyib.

Yaranmış vəziyyətdə Türkiyə milli maraqlarını və təhlükəsizlik məsələlərini əsas götürərək Rusiyadan müasir HHQ sistemini alıb. NATO-ya daxil olan ölkələrdə Rusiya istehsalı olan HHQ sistemlərindən istifadə olunması yenilik deyil. Yunanıstan həmin sistemləri Rusiyadan alıb, lakin bu, nə ABŞ, nə də NATO rəhbərliyində hər hansı neqativ münasibətə səbəb olub.

Eyni zamanda Türkiyə NATO-nun iştirakı ilə texniki işçi qrupunun yaradılması təklifini irəli sürüb və dəfələrlə bu məsələni obyektiv, real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib. Lakin Türkiyənin təşəbbüsünə hər hansı münasibət bildirilməyib.

Ekspertlər hesab edir ki, ABŞ-ın sanksiyaları Türkiyəyə təsir etməyəcək, əksinə, onun daha da güclənməsinə səbəb olacaq. Amerikanın yeni F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina etməsi Türkiyə tərəfindən özünün yeni qırıcı təyyarələr istehsal etməsinə təkan verdi. ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə dünyanı heyrətə gətirən “Bayraktar” dronlarını hazırladı və istehsala başladı.

Ona görə böyük iqtisadi və hərbi potensiala malik Türkiyə “Altay” tankları, helkopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal edir. Görünür, müəyyən qüvvələr Türkiyənin dünyada artan nüfuzu və rolundan ciddi narahatlıq keçirirlər. Nəticədə tənəzzül və qeyri-müəyyənlik vəziyyətində olan, Fransa prezidenti Emmanuel Makronun iflic kimi xarakterizə etdiyi NATO Türkiyənin nümunəsində ən böyük dayağını itirir. Bu, ilk növbədə NATO-ya ciddi zərbədir.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edib, bunu ədalətsizlik, “ikili standartlar”ın təzahürü və qanunsuzluq kimi dəyərləndirib.

Elman Nəsirov: “Türkiyə müstəqildir, istədiyi ölkə ilə saziş bağlamaqda sərbəstdir, heç bir dövlət qarşısında öhdəliyi yoxdur”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında Vaşinqtonun qərarına sərt etirazını bildirdi. Onun sözlərinə görə, sanksiya qərarı kökündən səhvdir, beynəlxalq hüquq normaları prinsiplərinin pozulmasıdır, bir müstəqil dövlətin daxili işlərinə qarışmaqdır.

“Cənab İlham Əliyev də bu ədalətsiz qərarı tənqid etdi. Niyə ədalətsizdir? Çünki Türkiyə müstəqil dövlətdir, istədiyi ölkə ilə saziş bağlamaqda sərbəstdir, heç bir qüvvə qarşısında öhdəliyi yoxdur”, – deyə E.Nəsirov qeyd etdi.

Deputat təklif edir ki, ABŞ zəhmət çəkib digər NATO və Avropa İttifaqı ölkələrinə baxsın: “Onlar Rusiyadan ”S 300″, “S 400″ raketləri də alıblar. Buna selektiv yanaşma deyilir.  Əgər Vaşinqton bütün NATO ölkələrinə qarşı analoji addım atsaydı, yenə başa düşmək olardı ki, müttəfiqlikdən irəli gələrək belə mövqe göstərilir. Ancaq təəssüf ki, biz ABŞ-dan digər müttəfiqlərinə və NATO ölkələrinə oxşar münasibəti görmürük”.

Deputat hesab edir ki, bu sanksiyalarla Türkiyəyə heç bir təsir edə bilməzlər: “Türkiyə güclü dövlətdir, 2023-cü ildə keçiriləcək Cümhuriyyət bayramına hazırlaşır. Bu gün Avropada iqtisadi gücünə görə 6-7, NATO-da ABŞ-dan sonra hərbi potensialına görə 2-ci yerdədir, bu vəziyyətdə belə ədalətsiz davranış qəbuledilməzdir, münasibətlərə zərər vurmaqdır”.

E.Nəsirovun fikrincə, Türkiyə nəhəng dövlətdir, güc mərkəzidir, beynəlxalq terrorizmə qarşı mübarizədə avanqardlardan biridir, belə ədalətsiz qərar yoverilməzdir.

Qabil Hüseynli: “Bu, qardaş ölkənin sürətli inkişafını gözü götürməməkdir, Türkiyə supergücə çevrilməkdədir”

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-ın mövqeyi Türkiyəyə qarşı riyakar, ədalətsiz qərardır. Onun sözlərinə görə, NATO üzvü olan Yunanıstan bu raketləri Rusiyadan ala bilir, Türkiyənin qonşusu Suriya alır, Ankara niyə almasın: “Bundan əvvəl də ”Patriot” və “F 57″ qırıcı təyyarələr barədə söhbət aparılmışdı, di gəl, ABŞ imtina etdi, subyektiv mülahizələr irəli sürdü. Hesab edirəm ki, NATO üzvü olan ölkəyə qarşı ayrı-seçkilik edilib. Bu, son dövrlərdə qardaş ölkənin sürətli inkişafını gözü götürməməkdir”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə bölgənin supergücünə çevrilməkdədir: “Yaxın vaxtlarda Türkiyə türkdilli dövlətlərlə əlaqəni genişləndirdikdən sonra qabağında heç dayanmaq olmayacaq”.

Q.Hüseynli arzu edir ki, ABŞ Türkiyə ilə münasibətləri korlamaq fikrindən daşınacaq: “Trampın gedişinə az vaxt qalıb, amma gethagetdə belə mürtəce addım atır, aranı qarışdırır. Heç olmasa gözləyəydi, Bayden gəldikdən sonra təzyiqlər göstərilərdi. Ancaq yanılırlar, sanksiyalar Türkiyəyə heç bir təsir etməyək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”