AFFA-dan ayrılan mütəxəssis Afrikada işləyəcək

54

AFFA-nın Texniki direktoru Bernhard Lippertin yeni iş yeri müəyyənləşib. 

“Report” “Ghanasoccernet” nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Qana Futbol Assosiasiyasında (GFA) eyni vəzifəni icra edəcək. Lippert bu postda Fransis Oti Akentenqini əvəzləyəcək.

GFA-ya texniki direktor postu üçün 100-dən çox məşqçi müraciət edib. Bu vəzifəyə 6 namizəd müsahibə üçün seçilib. Onlardan yarısı yerli, yarısı əcnəbi olub. Həmin şəxslər videokonfrans yolu ilə müsahibələrdən keçib.

Qurumun Lippertlə şəxsi şərtləri razılaşdırdıqdan sonra onun təyinatını açıqlayacağı gözlənir.

Qeyd edək ki, Bernhard Lippert 2008-ci ildən bu ilin iyulunadək Azərbaycanda çalışıb. Lippert bu müddət ərzində U-21 və U-19 yığma komandalarında baş məşqçi kimi də fəaliyyət göstərib.

musavat.com