ADPU və İsparta Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

    3

    İyulun 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Türkiyə Respublikasının İsparta Tətbiqi Elmlər Universitetinin Beynəlxalq əlaqələr baş koordinatoru, professor Abdullah Diler və Mövlana və YÖS koordinatoru, dosent Musa Yavuzla görüşüb. Görüşdə ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Tağızadə və həmin şöbənin mütəxəssisi Günay Məhərrəmova iştirak ediblər.

    Görüş zamanı rektor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Rektor qeyd edib ki, ADPU zəngin və şərəfli tarixə malikdir. Ölkəmizin böyük universitetlərindən biri olan ADPU 100 illik yubileyinə yaxınlaşır. Universitetdə 18 minə yaxın tələbə təhsil alır. Bakı şəhərində tədris 4 binada aparılır. 4 fakültə 1 nömrəli tədris binasında, 4 fakültə isə digər tədris binalarında yerləşir. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Əsas məqsədimiz Azərbaycana layiqincə xidmət edən yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaqdır. Beynəlxalq əlaqələrin genişləndirilməsi ADPU-nun fəaliyyətinin əsas istiqamətlərindən biridir. ADPU müxtəlif ölkələrin, o cümlədənTürkiyənin bir çox universitetləri ilə yaxından əməkdaşlıq edir və gələcəkdə bu əlaqələri daha da genişləndirmək niyyətindədir.

    Professor Abdullah Diler və dosent Musa Yavuz səmimi və mehriban münasibətə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. Onlar təmsil etdikləri universitetin strukturu, tədris prosesi, fəaliyyət istiqamətlərivə beynəlxalq əlaqələri haqqında geniş məlumat veriblər.

    Görüşdə ADPU və İsparta Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

    Hurriyyet.org