ADPU TGT-nin VIII hesabat konfransı keçirilib

    18

    Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universiteinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) VIII hesabat konfransı keçirilib.

    ADPU-dan Hurriyyet.org-a verilən məlumata görə, konfransda ADPU-nun rəhbərliyi, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Konfransı giriş sözü ilə açan aparıcı Fidan Bağırova hesabat məruzəsi ilə çıxış etmək üçün sözü TGT-nin sədri Taleh Budaqova verib. Taleh Budaqov təşkilatın 2017-2018-ci illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, TGT-nin 4 mindən çox üzvü var. TGT il ərzində 200 yaxın tədbir keçirib. T.Budaqov hesabat məruzəsində TGT-nin gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələr, ictimai-mədəni tədbirlər, humanitar aksiyalar, qazandığı uğurlar barədə ətraflı məlumat verib. Məruzəçinin çıxışında tələbə-gənclərin intellekt səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, onların vətənpərvər, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər konkret faktlar və rəqəmlər əsasında öz əksini tapıb. T.Budaqov təşkilata göstərdiyi diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

    Rektor Cəfər Cəfərov çıxış edərək bildirib ki, mayın 10-da müasir Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam oldu. Bu münasibətlə ADPU-da müxtəlif tədbirlər keçirilib. Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi gəlir. 100 il bundan öncə xalqımızın say-seçmə, vətənpərvər oğulları Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Lakin çox əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmisi 23 ay yaşadı. Azərbaycan uzun müddət Sovetlər Birliyinin tərkibində yaşamalı oldu. Xalqımız 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qorudu, gücləndirdi, ölkəmizi inkişaf etdirdi və dünya birliyinin layiqli üzvü olmasını təmin etdi. Ulu Öndər müəllim peşəsinə böyük qiymət verərək demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Son illər ölkə rəhbərliyi cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, pedaqoji kadr hazırlığının gücləndirilməsi üçün mühüm tədbirlər həyata keçirir. ADPU 17 mindən cox tələbəsi, 5 filialı və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu yeni vəzifələri uğurla həyata keçirmək üçün ölkəmizin intellektual potensialı gücləndirilməlidir. Müasir dövrdə keyfiyyətli təhsil almaq olduqca vacibdir. Tələbələr bilik və bacarıqlara dərindən yiyələnməli, əsl vətəndaş kimi formalaşmalıdırlar. TGT qarşımıza qoyduğumuz böyük hədəflərə çatmaq üçün bizimlə birgə əzmlə çalışmalıdır. Rektor çıxışının sonunda TGT-yə uğurlar arzulayıb.

    Konfransda çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, ATGTİ-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoru Cavid Hüseynov TGT-nin fəaliyyətini yüksək qiymətləndiriblər və təşkilata uğurlar arzulayıblar.

    Konfransda təhsildə fərqlənən və universitetin ictimai-mədəni həyatında fəal iştirak edən tələbələr, həmçinin TGT-nin fəaliyyətinə dəstək verən fakültə dekanları mükafatlandırılıblar.

    Konfransda TGT-nin sədri, sədr müavinləri, departament və klub rəhbərləri seçilib. Taleh Budaqov yenidən TGT-nin sədri seçilib.

    Hurriyyet.org