ADPU-da “Şərqdə ilk demokratik respublika” adlı esse müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib

    3

    Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərqdə ilk demokratik respublika” adlı esse müsabiqəsinin qaliblərinə sertifikatların və hədiyyələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Məlumat üçün bildirək ki, bu esse müsabiqəsi ADPU-nun Heydər Əliyev Mərkəzinin layihəsi əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) ADPU Bölməsinin və Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə keçirilib.

    ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi, layihənin rəhbəri Sahilə Nəcəfova çıxış edərək bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam oldu. Bu münasibətilə ADPU-nun tələbələri arasında esse müsabiqəsi keçirilib. Esse müsabiqəsinin keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunu gücləndirmək, onları tariximizi dərindən öyrənməyə sövq etmək olub. Müsabiqəyə təqdim olunan esselerin qiymətləndirilməsi məqsədilə Filologiya fakültəsinin professor-müəllimlərindən ibarət esse komissiyası yaradılıb. S.Nəcəfova esse müsabiqəsinin keçirilməsinə verdiyi dəstəyə görə AQAC-ın ADPU Bölməsinə və TGT-yə təşəkkür edib.

    Esse komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva çıxış edərək müsabiqənin keçirilmə qaydaları barədə məlumat verib. Qeyd edib ki, müsabiqədə tələbələrin yaradıcılığı əsas meyar kimi qəbul edilib.

    ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında bildirib ki, bu il xalqımız üçün əlamətdar bir ildir. Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 ili və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam oldu. Bu iki böyük tarixi yubiley bir-birini tamamlayır. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimiz və ictimai-siyasi fikir tariximizdə mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində böyük işlər həyata keçirib. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, gücləndirdi, əmin-amanlığı, sabitliyi təmin etdi və ölkəmizi inkişaf yoluna çıxardı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin yeni beynəlxalq çağırışlara uyğun inkişaf etməsini uğurla həyata keçirir. Bu esse müsabiqəsinin keçirilməsi təqdirəlayiqdir. Belə müsabiqələr tələbələrin yaradıcılıq istedadlarının aşkar edilməsinə və yazılı nitq mədəniyyətlərinin inkişaf etməsinə müsbət təsir göstərir.

    Qeyd edək ki, esse müsabiqəsində I yerə Riyaziyyat və informatika fakültəsinin I tədris ilinin 101-ci qrup tələbəsi Aysel Soltanova, II yerə Filologiya fakültəsinin III tədris ilinin 305-ci qrup tələbəsi Firuzə Həsənova, III yerə isə İbtidai təhsil fakültəsinin III tədris ilinin 304-cü qrup tələbəsi Aliyə Soltanova layiq görülüblər.

    Sonda esse müsabiqəsinin qalibi olan tələbə-gənclərə sertifikatlar və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

    Hurriyyet.org