ADPU-da AXC-nin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

    3

    Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı və ADPU rəhbərliyinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

    Universitetdən Hurriyyet.org-a verilən məlumata görə, tədbirdə ADPU-nun rəhbərliyi, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il may ayının 16-da Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Bununla yanaşı, dövlət başçımız 2018-ci il yanvar ayının 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Hər iki Sərəncam ölkə rəhbərliyinin Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi yüksək qiymətin əyani ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyəti qədim və zəngin dövlətçilik tariximizdə böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, istiqlal duyğularının güclənməsində mühüm rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti həyatımızın bir çox sahələrində, o cümlədən elm və təhsil sahəsində mühüm tədbirlər həyata keçirib. Azərbaycan Xalq Cümhuriyyəti bizim qürur mənbəyimizdir. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

    “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu” mövzusunda çıxış edən ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds Qafqaz və Yaxın Şərq ölkələrinin tarixinin tədqiqi sahəsində apardığı elmi-tədqiqatlar barədə ətraflı məlumat verib. Professor Maykl Reynolds vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin araşdırılması onun apardığı elmi tədqiqatlarda xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb beynəlxalq siyasi şəraitdə fəaliyyət göstərib. Birinci Dünya müharibəsi, Osmanlı imperiyasının süqutu və Rusiya amili bu mürəkkəb beynəlxalq siyasi vəziyyəti səciyyələndirən əsas cəhətlər idi. Cümhuriyyət liderləri demokratik, dünyəvi dövlət qurmağa çalışırdılar. Müasir dövrümüzdə liberal-demokratik dəyərlər təhlükə altındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 il öncə bu sahədə əldə etdiyi naliyyətlər bu gün bizə stimul verir.

    Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist, Azərbaycan Radiosunun “Gecə düşüncə” proqramının müəllifi və aparıcısı Nəcibə Bağırzadə “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda çıxış edib. Nəcibə Bağırzadənin çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri olmuş Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti, xalqımızın azadlığı uğrunda apardığı fədakar və prinsipial mübarizə konkret elmi-tarixi faktlar əsasında öz əksini tapıb.

    Tədbirdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Elman Mirzəyev “Şərqdə ilk demokrarik dövlət” mövzusunda məruzə ilə, həmin fakültənin III tədris ili tələbəsi Aytək Rəhimli isə təqdimatla çıxış edib. Çıxış və təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

    Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi Taleh Cəfərov və digərləri çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və onun dövlətçilik tariximizdəki mövqeyi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

    Müəllim və tələbələrin fəallığı şəraitində keçən tədbirdə mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, xatirə şəkli çəkdirilib.