ADPU-da 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi

45

Yanvarın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycanın salnaməsinə qanlı tarix kimi yazılmış 20 Yanvar faciəsi illər, əsrlər ötsə də, xalqımızın xatirələrində əbədi yaşayacaq. Hər il yüz minlərlə insan Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək üçün 20 Yanvar qurbanlarının dəfn olunduğu “Şəhidlər Xiyabanı”nı ziyarət edir. Rektor qeyd edib ki, bizim əksəriyyətimiz 20 Yanvar hadisələrinin canlı şahidləriyik. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Bu faciəyə ilk siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev vermiş, SSRİ hakimiyyətinin cinayətkar əməllərini ifşa etmişdir. Həmçinin, Ümummilli Liderimiz qanlı 20 yanvar hadisələrinə etiraz olaraq, Kommunist Partiyasının üzvlüyündən imtina etmiş, ən ağır günlərində xalqımızın müdafiəsində durmuşdur. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Azadlığı əldə etmək nə qədər çətindirsə, onu qorumaq da bir o qədər çətindir”. Azadlıq böyük nemətdir. Biz bu neməti göz-bəbəyimiz kimi qorumalı, müstəqil dövlətimizi daha da gücləndirmək üçün əzmlə, vicdanla çalışmalıyıq. Bu, bizim bütün şəhidlərimiz qarşısında müqəddəs mənəvi borcumuzdur.  

Rektor Cəfər Cəfərov çıxışında onu da qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 yanvar şəhidlərinin xatirəsini uca tutur. Ölkə Prezidenti İlham Əliyevin müstəqil və balanslaşdırılmış xarici siyasəti nəticəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu var. Biz ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə dəstək verməli, öz sahəmizdə layiqincə fəaliyyət göstərməliyik.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov və “20 Yanvar Cəmiyyəti”nin nümayəndəsi, 20 Yanvar hadisələrinin şahidi Cavid Abdullayev çıxış edərək şahidi olduqları hadisələr barədə məlumat veriblər və 20 Yanvarı xalqımızın faciə və qəhrəmanlıq günü kimi səciyyələndiriblər.

Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Hurriyyet.org