ADP SƏDRİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ: “Rövnəq Abdullayev və Anar Əliyev barəsində tədbir görülsün”

    6

    “Sərdar Cəlaloğlunun şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna zərbə vuran, böhtan və qarayaxma kampaniyası Prezident Administrasiyasının məsul şəxslərinin dəstəyi ilə başlayıb”

    Похожее изображение

    Azərbaycan Demokrat Partiyası (ADP) son günlər ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə məxsus olan Modern.az, Biq.az, Ölkə.az, Oxu.az, Report.az, və digər saytlarda prezidentliyə keçmiş namizəd ADP sədri S.Cəlaloğlunun şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna zərbə vuran, böhtan və qarayaxma kampaniyasının Prezident Administrasiyasının məsul şəxslərinin dəstəyi ilə başlandığını bəyan edir.

    Bütün bu hücumlara səbəb ARDNŞ-nin prezidenti R.Abdullayevin dayısı oğlu və qaynı Anar Əliyevin törəmə şirkətlər yaradaraq, SOCAR-ın vasitəsi ilə korrupsiya yolu ilə yüz milyonlarla dollara sahib olması barəsində Azərbaycan mətbuatında dərc olunmuş jurnalist təhqiqatının, ADP sədrinə yaxın olan şəxslərin rəhbərlik etdiyi saytlarda verilməsi və Sərdar Cəlaloğlunun böyük qardaşı Qarabağ qazisi, I qrup Qarabağ əlili (dünyasını dəyişmiş) Əbdül Məmmədovun 2016-cı ilin aprel ayında Lələ-Təpə uğrunda döyüşlərdə şəhid olan oğlu mayor Rasim Məmmədovun 3 və 5 yaşında iki körpə qız uşağının və həyat yoldaşının yaşadığı Sabunçu rayonu Ramana kəndindəki həyət hasarının hüquq mühafizə orqanlarının heç bir sanksiyası olmadan R.Abdullayevin qoçu dəstələri tərəfindən dağıdılmasına etiraz edən, şəhid Rasim Məmmədovun bibisi oğlu “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının baş redaktoru Vüqar Məmmədovun qeyd edilən qəzet və saytda R.Abdullayevə açıq məktub göndərməsi səbəb olmuşdur. Bu hadisədən sonra Hurriyyet.org, Turaninfo.org və Muxalifet.az saytları həmin şəxslər tərəfindən kiber hücumlarına məruz qalaraq dağıdılmışdır.

    ADP Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət edərək ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev haqqında yuxarıda qeyd edilən özbaşınalıqlarla bağlı tədbirlər görməyə çağırır.

    ADP Respublika Prokurorluğunu ARDNŞ-nin prezidenti R.Abdullayevin yaxın qohumu Anar Əliyevin haqqında mətbuatda gedən korrupsiya əməlləri ilə bağlı araşdırmalara başlamağa və eyni zamanda R.Abdullayevin bu hadisələrdə iştirakçılıq dərəcəsini müəyyən etməyə çağırır.

    ADP Mətbuat Şurasından yuxarıda qeyd olunan saytların qeyri-qanuni yollarla əldə edilən vəsaitlə maliyyələşdirilməsini araşdırmağa, bu barədə ictimaiyyətə düzgün məlumat verməyə çağırır.

    ADP bəyan edir ki, partiya sədrinə qarşı bundan əvvəllər də dəfələrlə qanunazidd əməllər törədilmiş, həyatına qəsd edilmiş, işgəncələr verilmiş, həbs olunmuş, əqidədaşları, qohumları, dostları repressiya olunmuş, lakin bütün bunlar ADP-ni seçdiyi yoldan döndərə bilməmişdir. ADP bundan sonra da korrupsionerlərə, vəzifəsindən sui-istifadə edənlərə, səlahiyyət həddini aşan dövlət məmurlarına, dövlətə və millətə xəyanət edən çəxslərə qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edir.

    Hurriyyet.org